Jurnalist Şəmşad Ağanın Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Dəhşətli İddiaları
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, “arqument.az” saytının baş redaktoru
Şəmşad Ağa səhhətində yaranan problemlər səbəbindən sentyabrın 13-də
Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirilib. O, səhhətindəki çətinlikləri əvvəlcə ictimailəşdirmək istəmədiyini, çöldəki həkim dostlarının məsləhətləri və evdən gətirilən dərmanlarla təcridxana şəraitində müalicəsini davam etdirə biləcəyini düşündüyünü bildirib. Jurnalist, həmçinin, səhhəti ilə bağlı manipulyasiya etdiyini düşünmələrini və ya avtoritar hakimiyyətin siyasi girovu kimi dayanıqlığının şübhə altına alınmasını istəmədiyini vurğulayıb. Lakin dərmanların və müalicənin effekt verməməsi səbəbindən həkimlərin mədə-bağırsaq sisteminin ciddi müayinəsini tövsiyə etməsindən sonra təcridxananın tibbi məntəqəsinin həkimləri onun PXMM-ə köçürülməsini təmin ediblər.
Müalicə Müəssisəsindəki Antisanitar Vəziyyət və Dəhşətli Şərtlər
Sentyabrın 13-də Müalicə Müəssisəsinə aparılan
Şəmşad Ağa orada əməliyyat rəisi Azər Əliyev və müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı tərəfindən qəbul edilib. Ənənəvi "profilaktik söhbətdən" sonra qəbul şöbəsinə yerləşdirilib. Orada qarşılaşdığı mənzərənin təcridxanadan qat-qat ağır olduğunu qeyd edən
Şəmşad Ağa, şəraitsiz və antisanitar vəziyyətdə olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq olduğunu, bəzi xəstə məhbusların yerdə yatdığını bildirib. O, heç bir mübaliğəyə yol vermədən, bu yerin xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzədiyini ifadə edib. Jurnalist paytaxtın mərkəzində yerləşən bu tibb ocağında rüşvət, özbaşınalıq, laqeydlik və insan həyatı ilə oynanılan oyunların hökm sürdüyünü, qapıdan içəri daxil olan hər kəsə potensial pul mənbəyi kimi yanaşıldığını vurğulayıb.
Formal Müayinələr və Həkimlərin Laqeydliyi
Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan – USM, kardioqramma müayinəsi keçib, qan analizi verən jurnalist rentgen həkiminin işə gəlməməsi səbəbindən rentgen müayinəsinin ertəsi günə qaldığını bildirib. O, bu prosedurları təcridxananın tibbi məntəqəsindəki müayinələrdən daha normal hesab edir. Rentgen müayinəsindən bir gün sonra isə kiçik bir otaqda 2-3 həkimin iştirakı ilə təşkil edilən komissiyada məhbusların sağlamlıq durumları ilə bağlı şikayətlər dinlənilib. Bu komissiyanın çayxana mühitini xatırlatdığını deyən Şəmşad Ağa, həkimlərin telefonunda oyun oynadığını, bəzən xəstəni ayaq üstə saxlayıb dostları ilə lətifə danışaraq keçiriləcək “ziyafət”dən bəhs etdiklərini diqqətə çatdırıb. O, bu qədər geniş ədliyyə sisteminin cəmi bir USM həkiminə malik olmasını, təcrübəli həkimlərin maaş azlığı səbəbindən Müalicə Müəssisəsini tərk edərək özəl klinikalarda iş axtarmasını, bu səbəbdən də sistemin ixtisasına tam əmin olmayan həkimlərin öhdəsinə qaldığını vurğulayıb. Şəmşad Ağa bir həftə ərzində keçdiyi formal müayinələrin nəticələrinin ona şifahi şəkildə belə bildiriləmədiyini qeyd edib.
Özəl Klinikalara Məcburi İstinad və Sistemin Boşluqları
Jurnalistin Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəyinə hər gün müxtəlif bəhanələr gətirilərək mane olunub. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdikdə isə ona endoskopiya və kolonoskopiya kimi müayinələrin Müalicə Müəssisəsində aparılmadığı, bunun üçün özəl klinikalara müraciət etməyin tövsiyə edildiyi bildirilib. Bu prosesin istintaq orqanının razılığı, ardınca isə ailə üzvlərinin özəl klinikadan göndəriş alması ilə mümkün olduğu qeyd edilib. Bütün müalicə xərclərini, habelə cərrahi əməliyyat ehtiyacı yaranarsa, onun xərclərini məhbusların özləri və ya ailə üzvləri ödəməli olur.
Şəmşad Ağa ölkənin paytaxtında 50 mindən çox məhbusun sağlamlığına cavabdeh olan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya kimi əsas avadanlıqların olmamasının təəccüb doğurduğunu, milyonlarla vəsaitin hara xərcləndiyinin sual altında qaldığını ifadə edib.
Baş Həkim Hikmət Aydəmirovun İdarəçiliyi və Rüşvət Şəbəkəsi
Şəmşad Ağa baş həkim
Hikmət Aydəmirovu təsvir edərkən onun həkimdən çox, bir həbsxana rəhbərini xatırlatdığını, xəstələrlə elementar davranış qaydalarını bilməyən, soyuq və kobud bir şəxs olduğunu bildirir. O,
Hikmət Aydəmirovun sanki hansısa “KAMAZ”-dan düşürülüb, vəzifəyə otuzdurulduğunu qeyd edir. Bildirilir ki,
Hikmət Aydəmirov Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir və onun baş həkim təyin olunmasından sonra müəssisədə ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etmək qadağan edilib. Jurnalist Müalicə Müəssisəsində vəziyyətin olduqca acınacaqlı olduğunu, nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə, tibb bacısından həkimə qədər hər kəsin dustaqlardan pul umduğunu qeyd edir. Hətta şöbə və palataların “burjuy” və “kasıb” kimi təsnif edildiyi, yerlərin və otaqların satıldığı vurğulanır. Qəbul şöbəsinin ən kasıb və müvəqqəti hesab edildiyi halda belə, orada köhnə çarpayıların bir həftəlik 20 manata satıldığı bildirilir. Hətta parkda həbs edilən keçmiş məmurlar və iş adamları üçün yüksək şəraitli otaqların satıldığı da bildirilir.
İnsan Taleləri və Sistemin Metastazı
Şəmşad Ağa orada çox dəhşətli insan taleləri ilə qarşılaşdığını qeyd edir: hər iki gözü tutulan qazi məhbusları, bir gözü tam tutulan və digər gözü cəmi 5 faiz görən din alimlərini, hər gecə ürək tutmasından əziyyət çəkən və yüksək təzyiqə baxmayaraq heç bir tibbi yardım almadan Cəzaçəkmə Müəssisəsinə geri göndərilən məhbusları gördüyünü ifadə edir. O, bir anlıq özünü hansısa tibb ocağında deyil, Stalinizmin
Solovki düşərgələrində hiss etdiyini bildirib. Bir həftənin tamamında digər məhbuslara bir gün əvvəldən xəbər verilsə də, Şəmşad Ağaya Kürdəxanıya transfer olunmasına cəmi bir saat qalmış xəbərdarlıq edilib və bu transfer heç bir tibbi yardım göstərilmədən həyata keçirilib. Jurnalist bu laqeydlik, anarxiya, özbaşınalıq və antisanitar şəraitin hökm sürdüyü məkanda Azərbaycanın ədliyyə sisteminin metastaz verdiyini, məhkəməsində ədalətin, tibb ocağında səhiyyənin olmadığını, təcridxana və həbsxanasının isə dözülməz durumda olduğunu bir daha düşünüb. O, PXMM-dəki mənzərəni belə ümumiləşdirir: “Burada ən dəyərli şey pul, ən ucuz şey isə insan həyatıdır.”
24 saat
Oxucu Şərhləri
Şərh Yaz