Apellyasiya Məhkəməsi Aynur Elgünəşin Şikayətini Təmin Etmədi
Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində, hakim Zamin İbrahimovun sədrliyi ilə, Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin (Qənbərova) itisi Maksla görüşə bilməməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Məhkəmə prosesinin yekununda Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin müvafiq qərarını qüvvədə saxlayaraq, baş redaktorun şikayətini təmin etməyib. Bu qərarla, jurnalistin həbsdə olarkən sevimli ev heyvanı ilə görüşməsinə icazə verilməyib.
Jurnalistin Müraciəti və Əsasları
Həbsdə olan jurnalist iti ilə görüşmək üçün daha əvvəl Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova dəfələrlə müraciət etmişdi. Müraciətlərindən heç bir cavab ala bilməyən Aynur Elgünəş, nəticədə məhkəməyə üz tutmuşdu.
Müraciətində o bildirmişdi ki, "Qanunvericilikdə Maksla görüşməyimi qadağan edən heç bir müddəa yoxdur. Şəxsi həyat və heyvan haqları baxımından da bizim görüşməyimiz arzuolunandır. Lakin siz heç bir əsas gətirmədən bizim görüşümüzə icazə vermirsiz. Halbuki bu görüş şəxsi və ictimai baxımdan təhlükəli deyil, narahatlığa səbəb olmur. Siz bu qadağanızla mənim mənəvi əzab çəkməyimə, psixoloji sarsıntı keçirməyimə səbəb olursuz."
Meydan TV İşində Jurnalistlərin Həbsi
Xatırladaq ki, 2024-cü il dekabrın 6-da geniş rezonans doğuran Meydan TV işi üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş və jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru və Meydan TV ilə əməkdaşlıq edən Şəmşad Ağayev (Ağa) ilə yanaşı, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da eyni ittihamlar əsasında həbs ediliblər. Müstəqil jurnalist Ülviyyə Əli də bu işlə əlaqəli olaraq mayın 7-də saxlanılıb və ona qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
Ülviyyə Əli həbsindən öncə verdiyi bəyanatda Meydan TV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsa belə, bunu cinayət hesab etmədiyini vurğulayıb. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir və irəli sürülən ittihamları qəbul etmirlər. Bu hadisə müstəqil jurnalistikaya qarşı təzyiq kimi qiymətləndirilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz