Azərbaycanda Medianın Vəziyyəti və Prezidentin Müsahibələri
Azərbaycanda əksər müstəqil jurnalistika təmsilçilərinin həbsdə olduğu bir şəraitdə, İlham Əliyev dövlət nəzarətində olan telekanallara nadir hallarda müsahibələr verir. Prezidentin müstəqil azərbaycanlı jurnalistlərlə təması son zamanlar yalnız iki dəfə qeydə alınıb. Bu görüşlər Praqada "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin, Berlində isə "Mikroskop Media" jurnalistinin suallarına cavab verməsi ilə baş tutub. Hər iki halda jurnalistlər ev sahibi ölkələrin mətbuat üçün yaratdığı şəraitdən faydalanıblar.
Nadir Müsahibələr və Forumların Xüsusiyyətləri
Ümumilikdə, İlham Əliyev 2020-ci ilin sentyabrında baş verən Qarabağ müharibəsinə qədər mətbuata açıq şəkildə danışması ilə məlum deyildi. Müharibə dövründə isə o, demək olar ki, hər gün "CNN" və "BBC" kimi beynəlxalq media orqanlarına geniş müsahibələr vermişdir. Hazırda o, ildə bir dəfə ADA Universitetində, bir dəfə isə Qarabağda beynəlxalq forum təşkil edərək müxtəlif ölkələrdən gələn jurnalist və tədqiqatçıların suallarını cavablandırır.
Bu forumlarda verilən sualların xarakteri, eləcə də qonaqların İlham Əliyevə və Azərbaycana yönəlik tərifləri sualların əvvəlcədən razılaşdırıldığı təəssüratını yaradır. Bu, şəffaf müstəqil jurnalistika prinsipləri ilə ziddiyyət təşkil edir.
Forumlarda Səslənən Təriflər və Suallar
Aşağıda həmin forumlarda iştirak edən şəxslərin prezident İlham Əliyevə ünvanladığı təriflərdən və qeydlərdən bəziləri təqdim olunur:
Ukraynalı jurnalist Dmitri Qordon Azərbaycanın öz ərazisini geri qaytarmasını "ruhlandırıcı nümunə" adlandırıb: "Cənab Prezident, biz Ukraynada sizin rəhbərliyinizlə Azərbaycanın öz torpaqlarını, öz ərazisini geri qaytarmasını heyranlıqla izləyirdik. Bu, bizim üçün son dərəcə ruhlandırıcı bir nümunədir. Ukraynalılar sizə minnətdardırlar ki, dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstəyinizi ifadə etmisiniz."
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru Şerzodxon Kudratxuca bərpa işlərini təqdir edərək deyib: "Burada müşahidə etdim ki, üç il ərzində çoxlu dəyişikliklər baş verib: yollar əladır, avtomobil heç vaxt silkələnmir, çoxlu müasir tikinti var, məscidlərin çoxu təmir olunub. Amma kilsələrin də bərpa olunduğunu görmək məni sevindirdi. Bu, bütün dünyaya Sizin tolerantlığınızı, səbrinizi, nəcibliyinizi göstərir."
ABŞ-ın Beynəlxalq Siyasət İnstitutunun nümayəndəsi Paolo Liabl von Şirax forumun əhəmiyyətini vurğulayıb: "Bu gün bu tədbirdə iştirak etməyimdən çox məmnunam. Üçüncü dəfədir ki, mən bu Forumda iştirak edirəm və burada Sizinlə bu görüşün əhəmiyyəti hər kəs üçün olduqca vacibdir. Bu, çox rəmzi bir məkandır və hər kəsə məlumdur ki, bu, çox mürəkkəb bir hekayənin gözəl sonluğudur."
Rusiyanın “TASS” İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman prezidentin siyasətini belə qiymətləndirib: "Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir."
Çinin “Sinxua” agentliyinin Bakı ofisinin nümayəndəsi Zhong Zhong İlham Əliyevi "ən parlaq şəxsiyyət" adlandırıb: "Əvvəlcə Sizə təşəkkür etmək istəyirəm ki, Çinə səfəriniz ərəfəsində Sinxua agentliyinə müsahibə verdiniz. Bu müsahibə Çində çox böyük maraqla qarşılandı. Düzünü desək, Siz artıq Azərbaycanın ən parlaq şəxsiyyətinə çevrilmisiniz."
“DND Xəbərlər” Agentliyinin rəhbəri Agha İqrar Harun Azərbaycanın vasitəçilik rolunu qeyd edib: "Siyasi fəlsəfənin tədqiqatçısı kimi görürəm ki, Azərbaycan çox rəvan, lakin qəti şəkildə beynəlxalq danışıqların və vasitəçiliyin qovşağına çevrilir. Siz bu yaxınlarda İsrail və Türkiyə arasında vasitəçi oldunuz. Ondan əvvəl isə Rusiya ilə NATO arasında görüşə ev sahibliyi etdiniz. Düşünürəm ki, bu məsələlər çox əhəmiyyətlidir."
"Berliner Verlag” qəzetinin redaktoru Holger Fridrix Avropa ölkələrindəki yanlış təəssüratlardan danışıb: "Görünür ki, Avropanın Qərb ölkələrində Azərbaycanla bağlı bir az ziddiyyətli rəy var. Şəxsi müşahidəm göstərir ki, son bir neçə il ərzində bu regionda, Özbəkistanda, Qazaxıstanda və hətta Azərbaycanda tam başqa hadisələr gedir. Əksinə, region çox inkişaf edir, dinamikdir, yüksək mədəniyyətə və böyük planlara malikdir."
"Qafqaz xəbərləri" kanalının müəllifi və aparıcısı Gela Vaşadze forumu böyük zövq mənbəyi adlandırıb: "Daha bir - artıq üçüncü Şuşa Media Forumu adlanan tədbirə görə çox sağ olun. Həqiqətən də böyük zövq mənbəyi olan bir tədbirdir."
“Anadolu” Agentliyinin əməkdaşı Bilgehan Öztürk Xankəndi səfərinin təəssüratlarını bölüşüb: "Bu gün Xankəndinin mərkəzində olmaq çox fərqli bir hissdir. Bilirəm ki, bu şəhər 30 il idi ki, işğal altında idi. Bu, təkcə azərbaycanlıların deyil, nəsillər boyu türklərin, Türkiyədə olan vətəndaşların da arzusu idi ki, buralar azad edilsin. Mən bilirəm ki, sülh istiqamətində yol o qədər də hamar deyil, olmamışdır."
Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Martin Jan-Pierreyə Azərbaycanın dekolonizasiya mübarizəsindəki rolunu qeyd edib: "Həqiqətən, Azərbaycan, xüsusən də Bakı Təşəbbüs Qrupu məsələ barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında nəinki mühüm rol oynadı, o cümlədən beynəlxalq hüquq əsasında müstəmləkə əməliyyatlarına qarşı mübarizə aparanların birləşməsinə töhfə verdi."
Afrika Birliyinin İnkişaf Agentliyinin Baş direktoru yanında kommunikasiyalar və təşviqat şöbəsinin rəhbəri Zifora Maubane COP29 tədbirinin təşkilini yüksək qiymətləndirib: "Bu, mənim Qarabağa ilk səfərimdir, lakin ötən il mən COP29-da iştirak etmişəm. Tədbir səmərəli və yüksək səviyyədə təşkil olunmuşdu."
"El Periodista" nəşrinin redaktoru Fransisko Felipe Martorell Kammarella Azərbaycanın qonaqpərvərliyinə təşəkkür edib: "Cənab Prezident, dəvətinizə, Azərbaycan xalqının qonaqpərvərliyinə görə çox təşəkkür edirəm. Mənim üçün burada olmaq böyük şərəfdir. Mən çox uzaq bir ölkədən gəlmişəm, 15 min kilometr uzaqdadır. Hazırda mənim qohumlarım, ailə üzvlərim hələ yuxudan oyanırlar. Mən dənizləri, çoxlu saat qurşağını keçməli oldum."
Oxucu Şərhləri
Şərh Yaz