Dünya 25.06.2025

Ərdoğan-Tramp görüşü: ABŞ-Türkiyə əlaqələri dünya mətbuatının təhlilində

Ərdoğan-Tramp görüşü: ABŞ-Türkiyə əlaqələri dünya mətbuatının təhlilində
ABŞ prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haaqada təşkil olunan NATO sammiti çərçivəsində, İsrail-İran gərginliyinin 12 günlük kövrək atəşkəslə nəticələndiyi bir dövrdə bir araya gəliblər. Bu, Prezident Trampın ikinci səlahiyyət dövründə iki liderin ilk üzbəüz görüşü olub. Sammitin ailə fotosu zamanı da liderlər arasında səmimi ünsiyyət müşahidə edilib.

Erdoğan-Tramp Görüşünün Detalları

Yunanıstanın "Sigma Live" nəşri qeyd edib ki, hər iki lider NATO-nun aparıcı müttəfiqləri olaraq, Alyansın çəkindiriciliyini gücləndirmək üçün atılmalı olan addımların vacibliyini vurğulayıblar. Məlumatda görüşün təxminən 45 dəqiqə davam etdiyi və bunun Donald Trampın yanvarda ikinci prezidentlik dövrünə başlamasından bəri iki lider arasında baş tutan ilk üzbəüz görüş olduğu bildirilib.

Türkiyə-ABŞ Əlaqələrində Yeni Səhifə

Kanadanın maliyyə xəbərləri platforması "Financial Post", "NATO Sammitində Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdü: Türkiyə-ABŞ əlaqələrində yeni səhifə" başlığını istifadə edərək, görüşün məqsədinin iki ölkə arasındakı gərgin münasibətlərdə yeni bir səhifə açmaq olduğunu vurğulayıb. "Financial Post"un vurğuladığına görə, NATO-nun ikinci ən böyük ordusuna malik olan Türkiyənin Prezidenti Ərdoğan, alyansın çəkindiriciliyini artırmaq üçün atıla biləcək addımları da Trampla müzakirə edib. Ankara həmçinin ABŞ istehsalı döyüş təyyarələrində istifadə olunan GE Aerospace-in F110 və F404 mühərriklərini təmin etmək və yığmaq üçün icazə almağa çalışır. Bu mühərriklər Türkiyənin yerli "KAAN" döyüş təyyarəsində və "Hürjet" təlim təyyarəsində də istifadə ediləcək. Xəbərin "Bloomberg"ə istinadən verilən hissəsində Türkiyənin ümumilikdə 40 ədəd F-35 və 40 ədəd F-16 almaq istəyi olduğu iddia edilib.

Regional Məsələlər və Müdafiə Sənayesində Əməkdaşlıq

Ərəb mətbuatının aparıcı platformalarından "Gulf News" bildirib ki, Prezident Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşündə İran və İsrail arasındakı atəşkəsdən məmnunluğunu ifadə edərək, davamlı atəşkəs arzulayıb. Türkiyə Prezidenti həmçinin Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün "sıx dialoq" çağırışı edib.

"Arab News" yazır ki, Prezident Ərdoğan Qəzzadakı müharibənin və Rusiya-Ukrayna münaqişəsinin sona çatdırılması üçün Ankara və Vaşinqton arasında sıx əməkdaşlığın zəruriliyini vurğulayıb. O, həmçinin ABŞ ilə müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmağa çağırıb və bunun iki ölkə arasındakı ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə yüksəldə biləcəyini bildirib. Vurğulanıb ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağı asanlaşdıracaq.

Hindistanın "India Today" nəşri bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşdə İran və İsrail arasındakı atəşkəsi müsbət qarşılayaraq, Ukraynadakı müharibə və Qəzzadakı humanitar böhranla bağlı ABŞ ilə daha güclü əməkdaşlığa çağırıb. Nəşr əlavə edib ki, Ərdoğan həmçinin müdafiə sənayesi sahəsində daha dərin əməkdaşlığın böyük iqtisadi imkanlar yarada biləcəyini qeyd edib. Bu görüş, Türkiyənin qlobal böhranlarda diplomatik rolunu gücləndirmək və ABŞ ilə strateji əlaqələrini dərinləşdirmək arzusunu da əks etdirir.

24 saat