Dünya 07.07.2025

FBI-dan Epstein sirləri: İllər sonra etiraf

FBI-dan Epstein sirləri: İllər sonra etiraf
ABŞ ictimaiyyətində illərdir müzakirə olunan və bir sıra komplo nəzəriyyələrinə mövzu olan, qız uşaqlarına qarşı cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə başladılan cinayət işi zamanı nəzarətdə saxlanılarkən ölü tapılan milyarder Jeffrey Epstein davasında Tramp administrasiyası ilk dəfə rəsmi bəyanatla sükutunu pozdu. ABŞ Ədliyyə Nazirliyi (DOJ) və Federal Təhqiqat Bürosu (FBR) tərəfindən hazırlanmış və ABŞ mətbuatına sızdırılmış iki səhifəlik bir sənədə görə, Epstein-ın ölümü ilə bağlı "cinayət" və ya "şantaj" iddialarını dəstəkləyən heç bir dəlil tapılmayıb.

Görüntülər üzə çıxdı

Axios-un məlumatına görə, Tramp administrasiyası sözügedən sənədlərlə birlikdə 2019-cu ildə Manhettendəki həbsxanasında saxlanıldığı hissəyə aid həm xam, həm də rəqəmsal olaraq təkmilləşdirilmiş təhlükəsizlik kamerası görüntülərini ictimaiyyətə təqdim edib. Hesabatda, 9 avqust 2019-cu il gecəsi saat 22:40-dan, ertəsi səhər milyarderin kamerasında hərəkətsiz halda tapıldığı 06:30-a qədər heç kimin həbsxana hissəsinə daxil olmadığı vurğulanır. Yüksək keyfiyyətlə yenidən tənzimlənmiş görüntülərdə kontrast, kəskinlik və rəng balansı artırılıb. Onun ölümünün, məhkəmə-tibbi hesabatlarında qeyd edildiyi kimi intihar olduğu ifadə edilib. Beləliklə, xüsusilə sağyönümlü dairələr tərəfindən illərdir səsləndirilən "öldürüldü" iddialarına da dəqiq cavab verilmiş oldu.

Müştəri siyahısı yoxdur

Sözügedən sənəddə, Epstein-ın hər hansı bir şəxsi şantajla idarə etdiyi və ya "müştəri siyahısı" saxladığına dair heç bir konkret dəlil tapılmadığı bildirilir. "Başqa şəxslərə qarşı bir cinayət işi açılmasını tələb edəcək heç bir dəlil yoxdur" ifadəsinin yer aldığı hesabatda, ictimaiyyətin uzun müddət gözlədiyi bu siyahı ilə bağlı gözləntilərin qeyri-real olduğu vurğulanıb. Milyarderin keçmiş ortağı Ghislaine Maxwellin hələ də uşaq istismarı və insan alveri cinayətlərindən 20 il həbs cəzasına məhkum edildiyi xatırladılan sənəddə, Maxwelldən başqa heç bir şəxsin ittiham olunmasının mümkün olmadığı da açıq şəkildə ifadə edilib.

FBR rəsmiləri də təsdiqlədi

Hesabatın diqqət çəkən digər cəhəti isə, Epstein komplo nəzəriyyələrini keçmişdə dilə gətirən iki şəxsin hazırda FBR-in ən yüksək vəzifələrində çalışmasıdır. ABŞ prezidenti Donald Tramp tərəfindən təyin edilmiş FBR sədri Kash Patel və onun müavini Dan Bongino, əvvəllər onun ölümünü şübhə altına almışdılar. Lakin hər iki şəxs də hazırda Epstein-ın intihar etdiyini qəbul etdiklərini bəyan ediblər. Buna qarşı, xüsusilə sağyönümlü sosial media hesablarında, Epstein-ın ölümünün arxasında siyasi fiqurların və iş dünyasından simaların olduğu barədə teoriyalar hələ də davam edir. Ədliyyə Nazirliyi isə, bu mövzuda daha çox sənəd paylaşılmasının uyğun olmadığını bildirir. Ona aid çoxsaylı sənədlərin uşaq istismarı məzmunu ehtiva etdiyi və fərdləri şübhə altına sala biləcəyi xəbərdarlığı edilir.

Məlumatların məxfiliyi qaldırılmışdı

Keçən aylarda Nazirlik, onun arxivindəki sənədlərin ilk hissəsi üzərindəki məxfiliyi qaldıraraq internet saytında dərc etmişdi. Açıqlanan sənədlərdə, onun özəl təyyarəsinin uçuş qeydlərinin surətləri, həmçinin milyarderin cinayətlərinə kömək etməkdə ittiham olunaraq məhkum edilmiş Ghislaine Maxwell tərəfindən tərtib edildiyi iddia olunan sənədlərin fotokopiyaları kimi əvvəllər ictimaiyyətə sızdırılmış materiallar yer alırdı. Həmçinin Michael Jackson, Mick Jagger, Chris Evans, ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, Naomi Campbell, Alastair Campbell, David Blaine, Tony Blair, Mike Bloomberg, Richard Branson, Ralph Fiennes və Alec Baldwin kimi məhkəmə işi ilə əlaqəli şəxslərin də adları çəkilirdi.

Nə baş vermişdi?

Ən kiçiyi 14 olmaqla 18 yaşdan kiçik onlarla qız uşağına cinsi istismarda bulunmaq və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunan Jeffrey Epstein, həbsdə saxlanıldığı Nyu-York Manhetten Metropoliten Mərkəzi Həbsxanasındakı kamerasında 10 avqust 2019-cu ildə ölü tapılmışdı. Səlahiyyətlilər, onun ölüm səbəbini intihar kimi açıqlamış, lakin ailə üzvləri bunu rədd edərək şübhələrini dilə gətirmişdi. Onun yaxın münasibətdə olduğu qadın Ghislaine Maxwell; bəzi zəngin şəxslər, məşhur simalar və dövlət rəsmiləri üçün yetkinlik yaşına çatmayan qızların fahişəlik şəbəkəsinə cəlb edilməsi təşkilatında onun qanunsuz fəaliyyətlərinə kömək etdiyi ittihamı ilə mühakimə olunduğu məhkəmə işində təqsirli bilinmişdi. Yanvar ayının əvvəllərində dərc olunmağa başlanan Epstein davası sənədləri, bu mövzunu yenidən gündəmin əsas mövzularından birinə çevirmiş; hakimin qərarı ilə 4 bölmə halında dərc olunan cəmi 4500-dən çox sənəd, Epstein ilə bir çox məşhur simanın əlaqəsini üzə çıxarmışdı. Sənədlərdə, aralarında Şahzadə Andrew, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton və Donald Tramp, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Spacey, müğənni Michael Jackson, illüziyonist David Copperfield, vəkil Alan Dershowitz və Nyu-Meksikonun keçmiş qubernatoru Bill Richardson kimi məşhur simalar yer almışdı. Sənədlərdə Klinton və Trampın adları yer alsa da, prezidentlərə qarşı hər hansı bir ittiham irəli sürülməmişdi.

24 saat