Gündəm 05.07.2025

Fransada 102 ildən sonra tarixi açılış

Fransada 102 ildən sonra tarixi açılış

Parisdə Sena çayı 102 illik aradan sonra ictimaiyyətə açıldı

Fransanın paytaxtı Parisin simvollarından biri olan Sena çayı, tam 102 ildən sonra yenidən əhalinin istifadəsinə verildi. Paris 2024 Olimpiya Oyunları üçün xüsusi olaraq təmizlənən çayda, şəhərin müxtəlif nöqtələrində üç yeni üzmə sahəsi yaradıldı.

Sena çayı üzərində üzgüçülük yasağı 1923-cü ildən bəri qüvvədə idi. Bu qadağa, əsasən, suyun çirklənməsi ilə bağlı sağlamlıq riskləri səbəbindən tətbiq olunurdu. Lakin Olimpiya Oyunları öncəsi Paris Bələdiyyəsi tərəfindən həyata keçirilən və milyonlarla avroya başa gələn genişmiqyaslı təmizləmə işləri nəticəsində çayın suyu keyfiyyətli səviyyəyə çatdırıldı. Bu layihə uzun illər davam edən çirklənmə probleminə son qoymaq məqsədi daşıyırdı. Təmizlənmədən sonra Sena çayı triatlon, açıq su üzgüçülüyü və paratriatlon kimi əhəmiyyətli yarışlara uğurla ev sahibliyi etdi.

Yeni üzmə sahələri və təhlükəsizlik tədbirləri

Sena çayı boyunca üç fərqli məntəqədə ictimai üzmə sahələri təşkil edilib. Bunlar Eyfel qülləsinin yaxınlığı, Notr Dam Katedralı ətrafı və Parisin şərq hissəsidir. Hər bir sahədə üzgüçülər üçün soyunub-geyinmə kabinləri və duşlar mövcuddur. Bildirilir ki, hər bir zona eyni vaxtda təxminən 300 nəfərə xidmət göstərə biləcək tutuma malikdir.

Bu üzmə sahələrinin avqustun sonuna qədər müəyyən saatlarda əhaliyə ödənişsiz xidmət göstərəcəyi qeyd olunur. Çaya giriş üçün yaş məhdudiyyəti isə əraziyə görə 10 və ya 14 yaş olaraq müəyyən edilib. Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə hər bir üzmə zonasında xilasedicilər fəaliyyət göstərəcək.

24 saat