Dünya 03.07.2025

Fransada korrupsiya: Le Pen hədəfdə

Fransada korrupsiya: Le Pen hədəfdə
Avropanın nüfuzlu media qurumları – Le Monde, Die Zeit, Falter və Kontraste telekanalının birgə araşdırması ifrat sağçı fransız Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik partiyasının Avropa Parlamentindəki Kimlik və Demokratiya (ID) qrupu ilə bağlı genişmiqyaslı korrupsiya qalmaqalını üzə çıxarıb.

4.33 MİLYON AVROLUQ QANUNSUZ XƏRCLƏMƏ

Mətbuat orqanlarının Avropa Parlamentinin Maliyyə Baş İdarəsinin məxfi hesabatına əsaslandırdığı məlumatlara görə, ID qrupu əvvəlki qanunvericilik dövründə parlament büdcəsindən 4.33 milyon avro məbləğində qanunsuz xərcləmələrə yol verib. Bu vəsaitlərin əhəmiyyətli hissəsi Le Penlə yaxın əlaqələri olan keçmiş radikal fəalların xeyrinə istifadə olunub.

"ŞƏRH VERMƏK ÜÇÜN HƏLƏ TEZDİR"

Avropa Parlamentinin sözçüsü Delfin Kolar (Delphine Colard) Anadolu Agentliyinə verdiyi yazılı açıqlamada "bu mərhələdə şərh vermək üçün hələ tezdir" deyib. Kolar bildirib ki, adıçəkilən siyasi qrup 9-cu parlament dövrünün (2019-2024) sonunda, yəni 2024-cü ilin iyulunda fəaliyyətini dayandırıb və qrupun hesablarının bağlanması prosesi hələ də davam edir. Koların sözlərinə görə, siyasi qruplara ayrılan vəsaitlərin istifadəsini tənzimləyən qaydalara əsasən, qrupların maliyyə hesabatları Büdcə Nəzarət Komitəsinə (CONT) təqdim edilir və təsdiq edildikdən bir il sonra dərc olunur. O əlavə edib ki, ID qrupunun 2024-cü il üzrə hesabatları hələ CONT-a göndərilməyib.

ƏVVƏLLƏR NƏ BAŞ VERMİŞDİ?

Xatırladaq ki, Marin Le Pen bu il martın 31-də Fransa məhkəməsi tərəfindən 2004-2017-ci illərdə Avropa Parlamentinin deputatı olduğu dövrdə parlament vəsaitlərindən sui-istifadə etdiyi ittihamı ilə keçirilən iş üzrə təqsirli bilinmişdi. Məhkəmə qərarından sonra Avropa Parlamentinin vəkili Le Pen və onunla birlikdə təqsirli bilinən şəxslərdən "əsassız istifadə edilmiş məbləğin geri qaytarılmasını" tələb etmişdi. Müvafiq xəbərlərdə bu məbləğin 3.5 milyon avro olduğu bildirilmişdi.

24 saat