Narkotacirlərin Texnoloji Tələləri: Küçələrdən Peykə Qədər Mübarizə
Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəbəkələrin fəaliyyət metodları köklü şəkildə dəyişib. Artıq onlar fəaliyyətlərini təkcə gizli saxlanc yerləri və qaranlıq küçələrdə deyil, müasir texnoloji imkanlardan istifadə etməklə daha mürəkkəb formalarda həyata keçirirlər. Günəş panelli videokameralar və digər aqrotexniki yeniliklər hüquq-mühafizə orqanlarından bir addım öndə olmağa çalışan
narkotacirlərin yeni "silahı"na çevrilib.
Göyçayda Aşkarlanan Texnoloji Plantasiya
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının son əməliyyatı narkomafiyaların texnologiyanı necə ustalıqla işlərinə alət etdiklərinin bariz nümunəsidir. Əvvəllər məhkum olunmuş 34 yaşlı
Vaqif Məmmədov saxlanılıb. Onun özünə məxsus bağ sahəsindən klassik kənd təsərrüfatı məhsulları deyil, narkotik tərkibli bitkilər becərmək üçün istifadə etdiyi müəyyən edilib. Polis ərazidən ümumi çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edib. Bu fakt, sadə bir bağ sahəsinin texnoloji nəzarət altında təşkil olunmuş narkotik plantasiyasına çevrilməsi baxımından diqqət çəkicidir.
Vaqif Məmmədov plantasiyanı tam müşahidə altında saxlamaq üçün ərazinin hər tərəfinə günəş panelli videokameralar quraşdırmışdı. Bu isə o deməkdir ki, gözətçi rolunu artıq texnologiya oynayır, cinayətkar isə ekrana baxmaqla polis basqınını öncədən sezməyə çalışır. Bu hal hüquq-mühafizə orqanlarını da mübarizə metodlarını təkmilləşdirməyə vadar edir.
Daxili İşlər Nazirliyinin Açıqlaması və Hüquqi Proses
Daxili İşlər Nazirliyinin Şəki regional qrupu tərəfindən yayılan məlumata görə, saxlanılan şəxs narkotik tərkibli bitkiləri qazanc məqsədi ilə əkdiyini və onlara aqrotexniki qaydada qulluq göstərdiyini etiraf edib. Aşkarlanan fakt əsasında cinayət işi başlanılıb və məhkəmə
Vaqif Məmmədov barəsində həbs qətimkan tədbiri seçib. Bu hadisə bir daha sübut edir ki, narkotiklərlə mübarizə təkcə fiziki tədbirlərlə deyil, həm də texnoloji nəzarətin gücləndirilməsi ilə aparılmalıdır. Əks halda, videokameralar yalnız dövlət qurumlarının deyil, cinayətkarların da "göz"ünə çevrilə bilər. Texnologiya hüquqa xidmət etməzsə, cinayətin vasitəsinə çevriləcək.
Deputat Arzu Nağıyevdən Texnoloji Narkotacirliyə Qarşı Çağırış
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən Arzu Nağıyev bu məsələyə toxunaraq bildirib ki,
narkotacirlərin “iş metodları” təkcə gizli yollarla deyil, açıq texnoloji strategiyalarla inkişaf edir. Bu isə cəmiyyət üçün daha təhlükəli və mürəkkəb bir mərhələnin başlandığını göstərir. Arzu Nağıyev vurğulayıb ki, bütün dünyada texnoloji inkişaf sürətləndiyi üçün narkomafiyalar və kriminal qruplar da bu yeniliklərdən yararlanır, texnologiyanı silaha çevirirlər. Son illər Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə intensivləşsə də,
narkotacirlər də fəaliyyətlərini təkmilləşdirməkdə davam edirlər. Onların əllərində artıq təkcə zəhər deyil, texnologiya da var.
Yeni Cinayətkarlıq Modeli və Qarşıda Duran Vəzifələr
Arzu Nağıyevin sözlərinə görə, narkotiklərlə məşğul olan kriminal qruplar dronlardan, sosial şəbəkələrdən, GPS sistemlərindən və günəş panelli kameralar kimi alternativ enerji ilə çalışan izləmə sistemlərindən geniş şəkildə istifadə edirlər. Onların bu cür “ağıllı cinayətkarlıq” modeli artıq sadəcə hüquqi yox, texniki və operativ təhlükəsizlik problemi kimi qiymətləndirilməlidir. Deputat Göyçayda
Vaqif Məmmədovun tutulması faktına toxunaraq bunu təkcə narkotik hadisəsi deyil, texnologiyanın cinayətə alət edildiyi ciddi bir təhlükəsizlik məsələsi adlandırıb. Günəş panelli müşahidə sistemlərinin quraşdırılması, sosial şəbəkələr üzərindən ticarət və əlaqə qurulması təsadüfi deyil, planlı və peşəkar yanaşmadır. Bu cür halların qarşısını almaq üçün təkcə hüquqi cəza tədbirləri yetərli deyil. Paralel olaraq,
kəşfiyyat və əks-kəşfiyyat metodları da texnoloji yeniliklərə uyğunlaşdırılmalı, rabitə və müşahidə sistemlərinə dair ekspertiza imkanları genişləndirilməlidir.
Sosial şəbəkələrdə gizli kodlarla, hətta “çətənə toxumu” adı ilə qapalı qruplarda məhsul satışı və sifarişlərin həyata keçirildiyini vurğulayan Nağıyev, bu qrupların izlənilməsinin, onların texnoloji davranışlarının analiz edilməsinin və süni intellektin imkanları ilə öncədən müəyyənləşdirilməsinin mütləq olduğunu bildirib. Narkomafiyaların texnoloji üsullarla fəaliyyət göstərməsi onları daha təhlükəli edir. Əgər əvvəllər bu şəxslər torpağın altına gizlənirdilərsə, indi peykə çıxırlar. Bu isə mübarizənin səviyyəsinin qalxmasını zəruri edir.
24 saat