Həbsdə olan ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti iclas keçirilib.
Məhkəmə iclasının gedişatı
Sentyabrın 18-də keçirilən iclasda ictimai fəalın vəkili müdafiə etdiyi şəxsin şüşə qəfəsdə deyil, vəkilin yanında əyləşməsi üçün vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin, daha sonra isə zərərçəkmiş tərəfin dindirilməsi barədə qərar çıxarıb. Məmmədlinin vəkili müdafiə etdiyi şəxsin zərərçəkmiş şəxsin iştirakı təmin edildiyi halda ifadə verməsi ilə bağlı vəsatət verib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
Əhməd Məmmədlinin saxlanılma anı ilə bağlı ifadəsi
Bundan sonra Əhməd Məmmədli saxlanıldığı gün yaşadıqlarını təfərrüatlı şəkildə danışıb: "Taksidə öndə, sürücünün yanında bir xanım oturmuşdu. Sürücünün arxasında zərərçəkmiş kimi tanınan Vüqar Dünyamalıyev, mən isə qapı tərəfdə əyləşmişdim. Bizim ortamızda isə tanımadığım başqa bir şəxs var idi. Bu, "manatlıq taksi" idi və sonuncu sərnişin mən idim. Yol boyu heç bir mübahisə yaranmayıb. Hər kəs yorğun halda evə dönürdü. Daha sonra Vüqar sürücüyə düşmək istədiyini bildirdi. Avtomobil yolun sağ tərəfində, görünməyən bir bucaqda saxladı, sonra qapı açıldı. Çöldə bir nəfər gözləyirdi. O, mənim oturduğum tərəfin qapısını açdı. Məni çölə çıxarıb yerə yıxdı. Daha sonra Vüqar yaxınlaşaraq mənə ağır xəsarətlər yetirməyə başladı. Mənə işgəncə verirdilər, bədənimə elektrik cərəyanı verirdilər, hətta gözümdən qan gəlirdi. O zaman başa düşdüm ki, artıq polis tərəfindən saxlanılmışam. Mənə suallar verməyə başladılar: "Hansı mediada işləyirsən? Kimin məhkəməsinə getmisən?" və s. İşgəncələrdən sonra məni qandal vuraraq maşına qoydular. Mən polis maşınında əyləşib uydurma cinayət səhnəsinin qurulmasını müşahidə edirdim. Qəsdən yerə bıçaq atdılar, Vüqar yerə yıxılıb qışqırmağa başladı. Hansı ssenarini quracaqlarını izləyirdim. Ərazini videoya çəkdilər, bıçağı isə götürüb sellofan paketə qoydular," – deyə Əhməd Məmmədli ifadəsində qeyd edib.
Növbəti iclas və irəli sürülən ittihamlar
Zərərçəkmiş tərəfin məhkəmədə iştirakının təmin edilməsi üçün növbəti iclas oktyabrın 2-nə təyin olunub. Əhməd Məmmədli mayın 6-da saxlanılıb və mayın 8-də barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Onun Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə bağlı cinayət işi davam edir. Özü bu ittihamları qəbul etmir və keçmiş siyasi-ictimai, hazırkı jurnalist fəaliyyətinə görə cəzalandırıldığını düşünür.
Oxucu Şərhləri
Şərh Yaz