Gündəm 20.11.2025

Həlledici günə hazırlıq

Həlledici günə hazırlıq

Azərbaycan maarifçiliyindən müstəqilliyə gedən yol və gələcək hürriyyət idealları

Mirzə Fətəli Axundovun başladığı, Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə davam edən maarifçilik hərəkatı, Mirzə Cəlilin “Molla Nəsrəddin”i ilə daha da inkişaf etdi. Çar Rusiyasında 1905-ci il inqilabından sonra başlanan demokratikləşmə prosesi, Duma seçkiləri, yerli bələdiyyələrin seçkilərlə formalaşması və qismən verilən azadlıqlar maariflənməni daha da gücləndirdi. Yerli xalqların, o cümlədən müsəlmanların öz dillərində məktəblər, qəzetlər və digər nəşrlər təsis olundu. Birinci Dünya müharibəsindəki uğursuzluqlar və dərin iqtisadi böhran 1917-ci il Fevral inqilabı ilə nəticələndi. Bu inqilab demokratikləşmə, federallaşma, əks-mərkəzləşmə, millətləşmə və milli istiqlal ideyalarını ön plana çıxardı. Nəticədə, proses 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elanına gətirib çıxardı. Maariflənmə prosesi, aydınların və ədiblərin qələmi ilə başlayan oyanış və diriliş sonda Şərqdə ilk demokratik respublikanın yaranması ilə yekunlaşdı.

SSRİ dövründən müasir milli dirilişə

Oxşar hadisələr SSRİ tarixində də yaşandı. 1985-ci ildə Mixail Qorbaçovla başlayan “aşkarlıq” və “yenidənqurma” hərəkatları İttifaqın subyektlərində siyasi yumşalmalar və ictimai fəallıq yaratdı. Müstəqil qruplar, təşkilatlar və birliklər formalaşdı. Prosesin zirvə nöqtəsi 1988-ci ilin noyabrında ümumxalq hərəkatının meydana gəlməsi oldu. SSRİ-ni bürüyən xalq hərəkatları və milli etirazlar sonda milli istiqlalımızın bərpası ilə nəticələndi. Məhz buna görə də, tariximizdə 18 noyabr 1988-ci il Milli Dirçəliş Günü kimi qeyd edilir. Artıq 2025-ci ildəyik və həmin hadisələrdən 37 il keçib. Qurucu atalarımızın “Millətlərə istiqlal, insanlara hürriyyət” amalı və idealları üzərində qurulan milli davasının bir hissəsi olan “milli istiqlalımız” təmin edilib. Qalır digər hissə – “İnsanlara hürriyyət”, yəni azadlıq. Tam hürriyyət əldə etmək üçün milli dirilik ruhuna ehtiyac var. Fərdlərin oyanıqlığı sonda milli oyanışa çevrilir və beləliklə, milli ideal formalaşır.

Rəsulzadənin milli dirilik haqqında düşüncələri

Bəs dirilik, milli dirilik nədir? Böyük Məhəmməd Əmin Rəsulzadənin hələ 1914-cü ildə yazdığı “Dirilik” və “Milli Dirilik” adlı məqalələri 110 il keçməsinə baxmayaraq, bu gün də aktuallığını qoruyur. Rəsulzadə qeyd edirdi ki, “Dirilik elmi və ruhi-cismani cəhətdən qüvvətli olmaqdan və sevməkdən ibarətdir. Xüsusi mənası isə dünyapərəstlikdir. Dirilik dünyanı sevməkdən, öz həqiqi hüquq və haqlarını mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. Milli vicdan və yaxud milli iman – milli dirilikdəki amal və arzuların mövcudiyyətindən, onun hiss və bəyan edilməsindən əmələ gəlir.” O, həmçinin vurğulayırdı ki, şəxslər amalsız yaşaya bilmədikləri kimi, millətlər də yaşaya bilməz. Öz şəxsi məqsədi xaricində, mühitin ehtiyacı ilə məşğul olan, onun səadətini özünə məqsəd seçən və bu məqsədə şəxsi amalı kimi xidmət edənlər böyük ideallı insanlardır. Əgər bir millət arasında bu cür şəxslər az olsa və ya mövcud olmasa, o millət müstəqil və sağlam bir varlıq üzü görməz, başqalarının əlaltısı olar. Rəsulzadə Rusiyanın çətin illərində Azərbaycanı fırtınaya düşmüş bir gəmiyə bənzədərək, hədəfsizliyin millət üçün ölümcül olduğunu bildirirdi. O, sual edirdi: “Yenidən gözlənilməz bir hal qarşısında qalırıqsa, titrəməz bir ələ malikmiyik ki, gəmimizin sükanını bərk-bərk tutub məqsəd tərəfə yönəldək?” Rəsulzadə hesab edirdi ki, məqsədi nişan verən parlaq ulduzu kəşf etməyincə, doğru istiqaməti tapmaq çətindir.

Post-Qarabağ gündəliyi və gələcək hürriyyət vizyonu

Rəsulzadənin milli dirilik fikirləri özünü doğrultdu və “millətlərə istiqlal, insanlara hürriyyət” əsas ideala çevrildi. Bu ideal ölkəmizin demokratik və azadlıqçı vizyonunu yaratdı. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan özünü Azərbaycan Cümhuriyyətinin varisi elan etdi. Lakin istər Cümhuriyyətin 1920-ci ildə işğalı, istərsə də 1990-1993-cü illərdə Qarabağ mövzusu ətrafında baş verən üç hakimiyyət dəyişikliyi bu milli idealı və qurucu ataların vizyonunu tam gerçəkləşdirməyə imkan vermədi. Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi və suverenliyinin təminatı “milli istiqlal” idealının reallaşması deməkdir. Lakin unutmamalıyıq ki, milli istiqlal və insanların hürriyyəti bir-birindən ayrılmazdır. Bunlardan birinin qalıcı olması digərinin təminatına bağlıdır. Ona görə də qurucu atalarımızın əsasını qoyduğu ideala tam nail olmağın vaxtı çatıb. Biz bu vizyonu davam etdirməliyik. Bunun üçün artıq “Post-Qarabağ” gündəliyinə keçməyin zamanı yetişib. Bu gündəliyin aparıcı elementləri aşağıdakılar olmalıdır: ölkədə avtoritarizmin qidası olan ifrat dövlətçi siyasi təfəkkürdən imtina, müasir demokratik siyasi sistemə keçid; ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası; əks-mərkəzləşmənin təmin olunması və bölgələrarası inkişafdakı ciddi disbalansın aradan qaldırılması; regionların yaşanılası məkana çevrilməsi; siyasi mənşəli gəlir bərabərsizliyinin və geniş yayılmış korrupsiyanın qarşısının alınması; keyfiyyətli həyat standartlarının inkişaf etdirilməsi.

Regional və qlobal kontekstdə hürriyyət perspektivləri

Geopolitik maraq toqquşmalarının, müharibələrin, avtoritar və populist ritorikanın hətta demokratik ölkələrdə belə güclənməsi fonunda gələcək, ilk baxışdan, pessimist görünür. Sanki dünyanın nizamı pozulub: xaos, güc siyasəti, hüququn arxa plana keçməsi görüntüləri artmaqdadır. Lakin tarixi proseslər göstərir ki, hər fəlakətdən, böhrandan və müharibədən sonra bəşəriyyət yenidən insanpərvərliyə doğru inkişaf edib. Heç şübhəsiz, istər Yaxın Şərqdə, istərsə də postsovet məkanında hürriyyət gələcək, məhdud azadlıqlar genişlənəcək. Birinci və İkinci Dünya müharibələrindən sonra bütün xalqlar, məğlub və ya qalib olmasından asılı olmayaraq, Rusiyanın təsiri altında olan millətlərin azadlığında və istiqlalında ciddi dalğalanmalar yaşandı. İndi də eyni proses qaçılmazdır. Ukraynada istər Rusiya məğlub olsun, istər qalib – hər iki halda avtoritar modelin davamı real görünmür. Rusiya xalqı üçün bu müharibənin heç bir halda udan tərəfi yoxdur. İqtisadi və sosial çətinliklər qaçılmazdır. Müharibə dayanandan sonra ölkə daxilində hesab sorulacaq. Putin avtoritarizmi iqtisadi-sosial tənəzzülün məsuliyyətindən yayına bilməyəcək. Eynilə, İranın da əvvəlki idarəetmə forması keçərli olmayacaq. Artıq hüquqların boğulmasında müəyyən yumşalmalar görünməkdədir. Yaxın Şərqdə Qəzza və Suriya ətrafında əldə olunan atəşkəs davamlı olarsa və İsrail təcavüzü nəzarət altına alınarsa, müəyyən müddətdən sonra İsraildə də Netanyahu hökuməti qarşısında daxili “haqq-hesab” dövrü başlayacaq. Dünyanın hər yerində cəmiyyətlər bu gərginliklərdən yorulub. Necə ki, nəhayət, Qərb cəmiyyətləri İsrailin həddən artıq militarist siyasətinə səsini qaldırdı. Regionumuz üçün də nəzərə almalıyıq ki, Cənubi Qafqazda münaqişənin başa çatması avtoritarizmin əlverişli şəraitini daraldır. Əksinə, sabitlik və sülh mühiti azadlıqlara imkan açır. Sülh müqaviləsi imzalandıqdan sonra mövcud idarəetmə sistemi ilə davam etmək mümkün olmayacaq. Ermənistanla normallaşma fonunda Azərbaycanın hazırkı idarəetmə modeli ictimai legitimliyini köhnə metodlarla möhkəmləndirə bilməyəcək. Qərblə yeni münasibətlər də bu transformasiyanı zəruri edəcək. Beləliklə, bütün çətinliklərə baxmayaraq, Rəsulzadənin vurğuladığı kimi, o günə, yəni hürriyyətin tam təmin olunacağı günə hazır olmalıyıq. O gün düşünüldüyü qədər uzaqda deyil. Bunun üçün mütərəqqi insanlar hürriyyət əsaslı “Post-Qarabağ” gündəliyini özünə ideal seçməli, bu istiqamətdə müzakirələr aparmalıdır. Biz sizə azadlıqdan, demokratiyadan, respublikaçılıqdan yazacağıq. Siz də yazın, müzakirə edin. Bizə nə lazımdır? Niyə lazımdır? Milli ideyalarımız nə ola bilər? Böyük Rəsulzadənin dediyi kimi: “Bizim gücümüz haqqımızdır. Haqq yoluna inancımız istiqlalımızın ən uca şüarı olduğu kimi, bütün müvəffəqiyyətlərimizin də bayraqdarıdır.”

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz