Siyasət 05.07.2025

Həmasın Atəşkəs Təklifinə "Müsbət Cavabı": Qəzzada Yeni Ümid

Həmasın Atəşkəs Təklifinə "Müsbət Cavabı": Qəzzada Yeni Ümid

HƏMAS-DAN ATƏŞKƏS TƏKLİFİNƏ MÜSBƏT REAKSİYA: İSRAİLİN MÖVQEYİ QEYRİ-MÜƏYYƏN QALIR

Həmas terror qruplaşması cümə günü İsrail ilə müharibədə ABŞ-ın vasitəçiliyi ilə irəli sürülmüş atəşkəs təklifinə "müsbət cavab" verdiyini açıqlayıb. Həmas özünün Telegram kanalında dərc etdiyi məlumatda, "vasitəçilərin son təklifinə müsbət cavab" verdiyini bildirib. Açıqlamada qeyd edilib ki, qrup "bu çərçivənin həyata keçirilməsi mexanizmi ilə bağlı dərhal danışıqlara başlamağa tam hazırdır". Xatırladaq ki, bu həftənin əvvəlində, çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İsrailin iki aylıq atəşkəsə razılaşdığını elan etmişdi. Lakin o zaman nə İsrail, nə də Həmas Trampın bu bəyanatını təsdiqləməmişdi.

NETANYAHUNUN VİZİTİ ÖNCƏSİ GƏLİŞMƏLƏR

Çərşənbə günü “CBS News”a açıqlama verən İsrail mənbələri, Baş nazir Benyamin Netanyahunun kabinetində təklifin şərtlərini dəstəkləyənlər olsa da, İsrailin hələlik öhdəlik götürmədiyini bildirmişdilər. Baş nazir Netanyahu bazar ertəsi Vaşinqtonda Ağ Evdə prezident Trampla görüşməyə hazırlaşır. Bir Fələstin rəsmisi cümə günü “Associated Press”ə açıqlamasında, Həmasın Misir və Qətər vasitəçiləri tərəfindən təqdim olunan təklifə cavab üzərində hələ də işlədiyini söylədi. Həmasın 2 mart tarixində, əvvəlki müvəqqəti atəşkəs zamanı İsrail qüvvələrinin tutduğu mövqelərə geri çəkilməsinə, 60 günlük atəşkəsdən sonra müharibəyə son qoyulmasına və Qəzza Humanitar Fondu sisteminin ləğvinə zəmanət verilməsi tələbində israr etdiyi bildirilir. Məlumatı anonimlik şərti ilə verən rəsmi, danışmaq səlahiyyəti olmadığını qeyd edib.

Qəzza zolağındakı Həmasın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin təxminən 21 ay əvvəl başlamasından bəri ərazidə həlak olan fələstinlilərin sayı 57 mini keçib. Nazirlik öz hesablamalarında mülki şəxslər ilə döyüşçüləri fərqləndirməsə də, ölənlərin yarısından çoxunun qadınlar və uşaqlar olduğunu bildirir. Müharibə 2023-cü il oktyabrın 7-də Həmasın rəhbərlik etdiyi silahlıların İsrailin cənubuna hücum edərək təxminən 1200 nəfəri öldürməsi və 250-yə yaxın insanı girov götürməsi ilə başlamışdı.

24 saat