Dünya 16.07.2025

Hindistan mağarasında 8 il qalan rus qadın gündəm oldu

Hindistan mağarasında 8 il qalan rus qadın gündəm oldu

Hindistan mağarasında səkkiz illik qeyri-adi həyat: Rusiyalı ananın hekayəsi

Hindistanın Karnataka ştatının Qokarna bölgəsindəki bir mağarada iki azyaşlı qızı ilə birlikdə tapılan 40 yaşlı rusiyalı Nina Kutina səkkiz ildir ki, ölkədə vizasız yaşadığı səbəbindən səlahiyyətli orqanlar tərəfindən saxlanılıb. Kutinanın həyat hekayəsi isə eşidənləri heyrətləndirib.

Kutina altı yaşlı Prema və dörd yaşlı Ama adlı qızları ilə Gokarnadakı Ramatirtha Təpəsinin meşəlik yamacında yerləşən bir mağarada yaşayırdı. Onlar iyulun 9-da bölgədə patrul çəkən polis qrupları tərəfindən təsadüfən aşkar ediliblər. Rusiyalı qadın Hindistana 2017-ci ildə ticarət vizası ilə daxil olmuş, lakin vizasının müddəti 2017-ci ilin aprelində bitmişdi. 2018-ci ildə Nepalda qısa müddət qaldıqdan sonra yenidən Hindistana qayıdaraq burada məskunlaşmağa davam etmişdi.

Qeyri-adi mağara həyatı və iradlar

Kutina ifadəsində onların şəlalələrdə çimdiklərini, rəsm çəkdiklərini və keramika ilə məşğul olduqlarını bildirib. O, “Qızlarım çox xoşbəxt idi. Mən onları ölmək üçün meşəyə gətirmədim” deyib. Kutina ətrafdakı ilanlarla belə harmoniya içində yaşadıqlarını vurğulayaraq “İlanlar bizim dostumuz idi. Onlardan qorxmurduq. İnsanlardan qorxurduq” ifadələrini işlədib. Bu mağara həyatı ilə bağlı təcrübə Kutinanın fərqli bir həyat tərzi seçdiyini göstərir.

İyulun 11-də mağaradan çıxarılaraq əvvəlcə bir ibadət evinə, sonra isə qadın mərkəzinə yerləşdirilən Kutina mövcud şəraitdən narazılığını açıq şəkildə dilə gətirib. O, “Hal-hazırda çox narahatedici yerdə saxlanılırıq. Pis bir yerdir, məxfiliyi yoxdur və yalnız adi düyü verirlər. Mağaradakı həyatımız bundan daha insani idi” deyərək dövlətin müdaxiləsini tənqid edib.

Kutina polis və xilasetmə qruplarını mağaradakı şəxsi əşyalarını qarət etməkdə günahlandırıb. Ən diqqətçəkən iddiası isə “Doqquz ay əvvəl vəfat edən oğlumun külləri daxil olmaqla bir çox şəxsi əşyamı götürdülər” sözləri olub. O əlavə edib: “Ora bizim evimiz idi. İçərisi tər-təmiz idi. Şam işığında yaşayırdıq. Bu, xilas etmə deyil, qarət idi”. Dörd övladı olduğu və hamısının fərqli ölkələrdə dünyaya gəldiyi ortaya çıxan Kutina “Heç birini xəstəxanada doğurmamışam. Necə doğuracağımı bilirdim. Həkim yox idi, kömək edən də olmadı. Hər şeyi özüm etdim” deyə bildirib.

Qəyyumluq mübarizəsi və təhlükəsizlik narahatlığı

Kutinanın keçmiş həyat yoldaşı olduğu bildirilən İsrail vətəndaşı Dror Qoldşteyn isə hadisədən aylar əvvəl Kutinanın Qoadan xəbər vermədən ayrıldığını və uşaqlarının izini itirdiyini söyləyib. NDTV-yə danışan Qoldşteyn: “Qızlarımı çox az görə bildim. Nina mənə davamlı olaraq mane olurdu. Birgə qəyyumluq istəyirəm. Onların Rusiyaya göndərilməsini istəmirəm” deyib. O, həmçinin Kutinaya aylıq maddi yardım göndərdiyini və uşaqların ehtiyaclarını qarşıladığını əlavə edib.

Karnataka Polis rəisi M. Narayana, Kutinanın səkkiz ildir ölkədə aşkar edilmədən qalmasının ciddi bir təhlükəsizlik boşluğu olduğunu bildirib. “İki uşaqla birlikdə mağara həyatı sürmək qeyri-adi bir vəziyyətdir. Bu müddət ərzində qeydiyyatsız qalması təhlükəsizlik baxımından narahatedicidir” deyə o qeyd edib. Kutina və uşaqları hazırda qanunsuz əcnəbilərin saxlandığı xüsusi bir mərkəzdə tutulur. Polis, onların Rusiyaya deportasiya edilməsi üçün lazımi prosedurların başlandığını elan edib. Rusiyanın Hindistandakı Səfirliyindən hələlik rəsmi açıqlama verilməyib.

24 saat