Azərbaycanda İnsan Haqları Vəziyyəti: ABŞ Hesabatı
ABŞ Dövlət Departamenti 2024-cü il üzrə dünya ölkələrində
insan haqları vəziyyətinə dair hesabatlarını yayımlayıb. Azərbaycanla bağlı hissədə ölkədə
insan haqları durumunda ötən illərlə müqayisədə əsaslı dəyişikliklərin olmadığı vurğulanır. Hesabatda ötən il Azərbaycanda polis və həbsxana işçiləri tərəfindən həbsdə olan şəxslərin öldürülməsi ilə bağlı məlumatların yer aldığı qeyd olunub. Nümunə olaraq, 14 iyun tarixində Sumqayıtda polis idarəsində Elvin İskəndərov adlı vətəndaşın ölümü hadisəsinə işarə edilib.
Mətbuat Azadlığına Təzyiqlər və Media Qanunu
Media azadlığı hissəsində Azərbaycan hökumətinin bu cür azadlıq və hüquqları pozduğu qeyd edilir. Bildirilir ki, hökumət ifadə azadlığını və medianın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər, redaktorlar və müstəqil bloqçular hədələrlə, bəzən fiziki zorakılıqla qarşılaşıb və həbs olunublar. Həmçinin, ölkə xaricində mətbuat və digər media ilə əlaqəli şəxslərə qarşı şübhəli zorakılıq halları yaşanıb. Hakimiyyət orqanları 2022-ci ildə qəbul edilmiş media qanunu çərçivəsində jurnalistlərə məhdudiyyətlər tətbiq edərək, ölkə daxilində və sürgündə olan media qurumlarına, jurnalistlərə, bloqçulara, fəallara, habelə onların yaxınlarına hökuməti tənqid etməkdən çəkinmələri üçün təzyiq göstərib.
2023-cü ilin noyabrından bəri Azərbaycanda azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti üzvü həbs olunub və polis nəzarətində fiziki zorakılığa məruz qalıblar. Beynəlxalq təşkilatlar və yerli müşahidəçilərə əsasən, hökumət sosial mediadakı müzakirələri manipulyasiya etmək üçün botlardan və trollardan istifadə edib. Hökumətlə əlaqəli olduğu düşünülən bu hesablar internet platformalarına və texnologiya şirkətlərinə məzmunu məhdudlaşdırmaq üçün təzyiqlər göstərib, hökumət siyasətini tənqid edən onlayn istifadəçiləri tez-tez təhdid və hədələmə halları ilə üzləşdiriblər.
Həbslərdə Fiziki Zorakılıq və Ülvi Həsənlinin İfadələri
Hesabatda işgəncə və qeyri-insani rəftarla bağlı hissədə məhbusların ailə üzvləri və vəkilləri ilə görüşlərinə, eləcə də müalicə almalarına maneələr yaradıldığı vurğulanıb. Həbsdə olan “Abzas Media” direktoru
Ülvi Həsənlinin ifadəsinə istinad edilərək, onun təcridxanada fiziki zorakılıq hallarına şahidlik etdiyi və özünün də bu hallara məruz qaldığı qeyd olunub.
Dağlıq Qarabağ və Əmək Hüquqları Məsələləri
Hesabatda
Dağlıq Qarabağdan erməni əhalinin etnik təmizlənməsi barədə “Freedom House” və ərazidə erməni mədəni irsinin məhv edilməsi haqqında “Caucasus Heritage Watch” hesabatlarına istinad olunub. İşçi hüquqları ilə bağlı problemlər də davam edir, bu sahədə
insan haqlarının pozulmasını işıqlandıran fəallar həbs edilir.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz