Fatimə Mövlamlıdan "Meydan TV işi" ilə bağlı yeni məktub: "İstedadsız ittihamçı ən böyük yazıq imiş"
"Meydan TV işi" üzrə həbsdə olan jurnalist
Fatimə Mövlamlı ictimaiyyətə növbəti məktubunu ünvanlayıb. Məktubda o, cinayət işinin materialları ilə tanışlığından irəli gələn təəssüratlarını və ona qarşı irəli sürülən ittihamların absurdluğunu ifadə edib.
Cinayət işinin materiallarında fakta rast gəlinməyib
Jurnalist
Fatimə Mövlamlı 26 cilddən, hər cildi 250 səhifədən ibarət cinayət işi materiallarını nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, bu materiallarda ittiham olunduğu qanunsuz əməlləri törətdiyinə dair kiçik də olsa heç bir fakt yoxdur. Mövlamlı istintaqın bütün ümidini evində özlərinin yerləşdirdiyini iddia etdiyi və cinayət işi materiallarında maddi sübut kimi göstərdiyi pula bağladığını vurğulayıb. O, qarşıdan gələn məhkəmə prosesinin çox maraqlı keçəcəyini və özünü faktiki olaraq "böyük bir heç nəyə" qarşı müdafiə edəcəyini qeyd edib.
Xasiyyətnamədəki "radikal müxalifyönümlü" tərifi
Fatimə Mövlamlı məktubunda cinayət işi materialları arasında onu ən çox güldürən sənədin – ona verilən xasiyyətnamə olduğunu yazıb. Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sorğusuna əsasən, Binəqədi İcra Hakimiyyətinin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən yazılan bu namədə jurnalistin "Binəqədi qəsəbə ərazisində müsbət xarakterizə olunmadığı", "radikal müxalifyönümlü şəxs kimi tanındığı", "
mitinqlərdə fəal iştirak etdiyi" və "sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar etdiyi" qeyd olunub.
Fatimə Mövlamlı bu sənədi absurd adlandıraraq dövlətin müxalif, tənqidçi və ölkədə baş verən hadisələrə maraqlı mövqedə dayanmağı mənfi xarakter xüsusiyyətləri kimi qiymətləndirdiyini bildirib.
İttihamçıların düşdüyü gülünc vəziyyət
Jurnalist Azərbaycan hökumətinin onun haqqındakı rəsmi rəyinin xoşuna gəldiyini, lakin onların düşdükləri gülünc vəziyyətə ürək ağrısı ilə baxdığını ifadə edib. O, daha əvvəl yazdığı "Heç kim bu qədər yazıq olmamalıdır" cümləsini xatırladıb və yazıqlığın belə boz rəngə bürünə biləcəyinin ağlına gəlmədiyini qeyd edib.
Fatimə Mövlamlı məktubunu "İstedadsız, şərbaz, gülməli ittihamçı elə ən böyük yazıq imiş. Yazıqsınız, gülməlisiniz, cənablar..." sözləri ilə tamamlayıb. Məktub Bakı İstintaq Təcridxanasından yazılıb.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz