Gündəm 24.08.2025

İlk dondurulmuş insan 58 ildir oyanışı gözləyir

İlk dondurulmuş insan 58 ildir oyanışı gözləyir
1893-cü ildə Massaçusetsdə anadan olan James Bedford, təhsil sahəsində fəaliyyət göstərən bir professor idi. O, gənclərin peşəkar istiqamətlərini formalaşdırmaq məqsədilə kitablar yazmış, eyni zamanda dünyanı səyahət etmiş macərapərəst bir şəxsiyyət idi. Yetmiş yaşlarında xərçəng xəstəliyinə tutulduqda, ölümün son dayanacaq olmasını qəbul etmədi və o illərdə aktuallaşan insan kriyoprezervasiyası ideyası ilə maraqlanmağa başladı.

DONDURULAN İLK İNSAN OLDU

Bedford, Kaliforniya Kriyoprezervasiya Cəmiyyəti (Cryonics Society of California) ilə əlaqə yaradaraq, bədəninin ölümündən sonra dondurulmasına razılıq verdi. 12 yanvar 1967-ci ildə Kaliforniyada həyata gözlərini yumduqdan dərhal sonra həkimlər müdaxilə etdi. Süni tənəffüslə beyninə oksigen ötürüldü, damarlarına dimetil sulfoksid (DMSO) vurularaq qanı qoruyucu maye ilə əvəz olundu. Ardınca James Bedford xüsusi olaraq hazırlanmış boru formalı kapsula yerləşdirildi və Arizonaya nəql edildi. Beləliklə, kriogenik üsulla dondurulan ilk insan o oldu.

ELMİ DÜNYADA ŞÜBHƏLƏR

Həmin dövrdə mətbuat “İnsan 20 min il gözləyə bilər” kimi manşetlərdə yer alsa da, alimlər buna şübhə ilə yanaşırdı. UCLA Biotexnologiya Laboratoriyasının rəhbəri doktor Con Lyman hüceyrələrin donarkən dağılacağını və geriyə dönüşün qeyri-mümkün olacağını bildirdi. Oreqon Universitetindən doktor Stenli Ceykob da “Müasir üsullarla bu, mümkün deyil” deyərək tənqidlərini dilə gətirdi.

James Bedfordun cəsədi sonrakı illərdə də bir çox dəfə müzakirə mövzusu oldu. 1970-ci illərdə kapsulun baxımı qeyri-kafi olduqda, oğlu Norman 1976-cı ildə atasının cəsədini U-Haul markalı yük maşınına yükləyərək başqa bir mərkəzə apardı. Hətta gəlini Sesiliyanın kapsulun yanında şəkil çəkdirməsi ictimaiyyətdə böyük rezonans doğurdu.

BU GÜN DƏ SIVI AZOT İÇİNDƏ

1991-ci ildən bəri Arizonadakı Alcor Həyat Uzadılması Fondunun (Alcor Life Extension Foundation) tesisində mühafizə edilən Bedfordun cəsədində aparılan araşdırmalara əsasən, yalnız dəri səthində çatlar və rəng dəyişiklikləri müşahidə edildi. Lakin ümumilikdə dondurulma şərtləri qorunmuşdu.

Ailəsinin bütün üzvləri illər ərzində vəfat etdi, lakin James Bedford hələ də maye azotla dolu tankda gözləyir. 58 ildir oyanmağı gözləyən Bedford, kriyoprezervasiyanın simvoluna çevrilərək tarixə düşdü.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz