Gündəm 19.07.2025

İmran Əliyevin 61 Min Manatlıq Vergi Borcu İddiası Məhkəmədə

İmran Əliyevin 61 Min Manatlıq Vergi Borcu İddiası Məhkəmədə

"Meclis.info" İşində Növbəti Məhkəmə Dinləməsi Keçirilib

İyulun 15-də "Meclis.info" saytının həbsdə olan rəhbəri İmran Əliyev, polis nəzarətinə verilən ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən dinləmədə şahidlər ifadə veriblər.

Şahidlərdən Murad Rüstəmbəyli İmran Əliyev və Elgiz Qəhrəmanla işgüzar münasibətinin olmadığını, onları sadəcə dost kimi tanıdığını bildirib. Digər şahid Şəbnəm Babayeva "Meclis.info" üçün müddətli xidmət müqaviləsi əsasında iş gördüyünü və buna görə vergi ödədiyini söyləyib. Üçüncü şahid Səma Əhmədova isə yalnız saytın təşkil etdiyi təlimlərdə iştirak etdiyini qeyd edib.

İmran Əliyevin atası Bağır Əliyev ifadə verməkdən imtina edib.

Vergi Borcu İddiası Və Vəsatətin Rədd Edilməsi

Daha sonra Dövlət Vergi Xidməti 12 saylı Vergilər Baş İdarəsinin nümayəndəsi Qiyas Məmmədov mülki iddiaçı qismində ifadə verib. O, mütəxəssis rəylərinə əsaslanaraq təqsirləndirilənə 61 min manat vergi borcunun təyin edildiyini iddia edib. Məmmədov əlavə edib ki, bu borc digər təqsirləndirilən şəxslərə aid edilmir.

Əliyevin vəkili Rəsul Cəfərov Qiyas Məmmədovdan borcun necə təyin edildiyini və Dövlət Vergi Xidmətinin bununla bağlı rəsmi araşdırma aparıb-aparmadığını soruşub. Məmmədov isə heç bir araşdırma aparılmadığını və yalnız mütəxəssis rəylərinə əsaslandıqlarını qeyd edib. O, vəkilin digər suallarına cavab verməkdən yayınıb.

R.Cəfərov qaranlıq qalan məqamlara aydınlıq gətirilməsi üçün növbəti prosesdə rəy verən mütəxəssisin məhkəməyə çağırılması barədə vəsatət qaldırıb. Lakin hakim vəsatəti baxılmamış sayıb.

Təqsirləndirilən Şəxslərə Qarşı İrəli Sürülən İttihamlar

İlkin olaraq qaçaqmalçılıqda ittiham edilən Əliyev 2024-cü ilin aprelində saxlanılıb. İmran Əliyev saxlanılarkən polislər tərəfindən döyüldüyünü, bədəninə elektrik cərəyanı verildiyini və zorla sənəd imzaladıldığını bildirib.

"Meclis.info" işində digər təqsirləndirilən şəxs, fəal Elgiz Qəhrəman isə polis nəzarətinə verilib. Onlara qarşı Cinayət Məcəlləsinin ümumilikdə 8 maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulur.

"Meclis.info" parlamentin fəaliyyətini monitorinq edən bir platformadır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz