İqbal Əbilovun 18 illik hökmü Şirvan Apellyasiya Məhkəməsində qüvvədə saxlanıldı
Oktyabrın 23-də Şirvan Apellyasiya Məhkəməsi həbsdə olan tədqiqatçı İqbal Əbilov barəsində çıxarılmış hökmdən müdafiə tərəfinin şikayətinə baxıb. Məhkəmə İqbal Əbilova Lənkəran Ağır Cinayətlər Məhkəməsində oxunmuş 18 il müddətinə azadlıqdan məhrumetmə qərarını dəyişdirməyərək qüvvədə saxlayıb.
Məhkəmə iclasında müdafiə tərəfinin məlumatına görə, İqbal Əbilov saxlanıldığı Şirvan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama məntəqəsinin rəisi tərəfindən kobud rəftara məruz qaldığını bildirib. Hakim bu məsələni qeydə aldığını diqqətə çatdırıb. Hökmdən narazı qalan vəkillər işin yenidən araşdırılması üçün Ali Məhkəməyə müraciət edəcəklərini açıqlayıblar.
Müdafiə tərəfinin mövqeyi və irəli sürülən ittihamlar
Əbilovun Hüquqlarını Müdafiə Komitəsi tədqiqatçıya qarşı irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab edir. Komitənin bəyanatında bildirilir ki, həm İqbal Əbilov, həm də onun müdafiəçiləri bu ittihamların onun Talış xalqının tarixini və mədəniyyətini təbliğ etməsi ilə əlaqədar qaldırıldığını vurğulayırlar. Onlar iddia edirlər ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb və onun yeganə "günahı" elmi obyektivlik, vicdanlı araşdırma aparmaq və mədəni irsi qorumaqdır.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarını ziyarətə gələrkən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. İttihamda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində günahlandırıldığı qeyd olunur.
Müdafiə tərəfi hesab edir ki, dövlətə xəyanət ittihamı əsassızdır və məhkəmə tərəfindən qəbul edilməməlidir.
Beynəlxalq təşkilatların reaksiyası
Bu iş müxtəlif beynəlxalq insan haqları təşkilatlarının, eləcə də BMT məruzəçilərinin diqqətini cəlb edib. Onlar İqbal Əbilovu "siyasi məhbus" kimi tanıyaraq onun azadlığa buraxılmasına çağırış ediblər. Bu təşkilatlar tədqiqatçıya qarşı irəli sürülən ittihamların siyasi xarakter daşıdığını və onun insan haqlarının pozulduğunu iddia edirlər.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz