Yaxın Şərq 17.07.2025

İsrail Dəməşqə zərbələr endirdi ABŞ şiddətə son üçün razılaşma elan etdi

İsrail Dəməşqə zərbələr endirdi ABŞ şiddətə son üçün razılaşma elan etdi
İsrail Suriya prezident sarayının yaxınlığında və Dəməşqin mərkəzindəki hərbi qərargaha güclü hava zərbələri endirib. Bu, qonşu ölkəyə qarşı həyata keçirilən bombardmanların ciddi şəkildə genişlənməsi deməkdir. Suriya dövlət mediasının Səhiyyə Nazirliyinə istinadən bildirdiyinə görə, çərşənbə günü Dəməşqə edilən hücumlarda azı üç nəfər ölüb, 34 nəfər yaralanıb. Dəməşqi hədəf alarkən, İsrail ordusu Suriyanın cənub bölgələrini, o cümlədən yüzlərlə insanın ölümü ilə nəticələnən druz silahlı qrupları, bədəvi tayfaları və hökumət qüvvələri arasında dörd gün davam edən toqquşmalardan sonra yeni atəşkəs razılaşmasının əldə edildiyi Suveydanı da bombalamağa davam edib. Suriya Xarici İşlər Nazirliyi İsrailin Dəməşqə və Suveydaya hücumlarını “Suriya ərazisində gərginliyi və xaosu alovlandırmaq, təhlükəsizliyi sarsıtmaq üçün sistematik İsrail siyasətinin bir hissəsi” adlandırıb və beynəlxalq birliyi İsrail təcavüzünə qarşı “təcili tədbirlər” görməyə çağırıb. İsrail bombardman kampaniyasının druz azlığını qorumaq məqsədi daşıdığını bildirib və Suriya hökumətini zorakılığın geniş vüsət aldığı Suveyda şəhərindən qoşunlarını çıxarmağa çağırıb. Müdafiə naziri İsrail Kats “X” sosial şəbəkəsində bildirib ki, İsrail ordusu druzlara hücum edən qüvvələr tamamilə geri çəkilənə qədər Suveydada qətiyyətlə fəaliyyətini davam etdirəcək. Çərşənbə gününün sonunda ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Suriyanın cənubundakı döyüşlərdə iştirak edən tərəflər “bu narahat və dəhşətli vəziyyətə bu gecə son qoyacaq konkret addımlar” barədə razılığa gəliblər. Rubio, əvvəlki cəhdin uğursuzluqla nəticələnməsindən bir gün sonra əldə edilən atəşkəs razılaşması barədə “X” sosial şəbəkəsində deyib: “Bu, bütün tərəflərin götürdükləri öhdəlikləri yerinə yetirməsini tələb edəcək və biz də bunu onlardan tamamilə gözləyirik”. Britaniya mərkəzli müharibə monitorinqi təşkilatı Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, çərşənbə səhərinə qədər döyüşlərdə dörd uşaq, səkkiz qadın və 165 əsgər və təhlükəsizlik qüvvələri daxil olmaqla, 300-dən çox insan həlak olub.

Ordu Suveydadan Çəkilir

Suriya Daxili İşlər Nazirliyi və druz lideri Şeyx Yusuf Cərbou çərşənbə günü atəşkəsə nail olduqlarını təsdiqləyiblər. Lakin yeni razılaşma digər druz lideri Şeyx Hikmət əl-Hacəri tərəfindən rədd edilib, o, Suveyda “tamamilə azad edilənə” qədər mübarizəni davam etdirəcəyinə söz verib. Nazirliyin məlumatına görə, razılaşmada “bütün hərbi əməliyyatların tam və dərhal dayandırılması”, habelə onun həyata keçirilməsinə nəzarət etmək üçün hökumət rəsmiləri və druz ruhani liderlərindən ibarət komitənin yaradılması nəzərdə tutulur. Həmin axşam Suriya Müdafiə Nazirliyi “qanunsuz qrupların şəhərdən təmizlənməsi başa çatdıqdan sonra qəbul edilmiş razılaşmanın şərtlərinə uyğun olaraq” ordunu Suveydadan çıxarmağa başladığını bildirib. Rubionun razılaşma ilə bağlı elanından qısa müddət əvvəl Dövlət Departamentinin sözçüsü Tammi Brus bildirmişdi ki, ABŞ Suriya hökumət qüvvələrinin “hərbi qüvvələrini geri çəkməsini, bütün tərəflərin gərginliyi azaltmasını və irəliyə doğru yol tapmasını təmin etmək” istəyir. Lakin Suriya qoşunları geri çəkilsə də, hökumət şəhərdə mövcudluğunu qoruyub saxlayacaq. “Əl-Cəzirə”nin Suriyanın paytaxtı Dəməşqdən verdiyi məlumata görə, Zeynə Xodr razılaşmanın “hökumət qüvvələrinin yerləşdirilməsini” ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, “Onlar nəzarət-buraxılış məntəqələri quracaq və bu ərazi tamamilə Suriya dövlətinə inteqrasiya olunacaq”. O, hökumətin tamamilə geri çəkilməsinin “yeni hakimiyyətin parçalanmış milləti birləşdirmək və səlahiyyətlərini bütün Suriyaya yaymaq səylərində uğursuzluq” demək olacağını vurğulayıb. Lakin orada qalmaq, Katsın sözləri ilə desək, “mesajın alınmadığı təqdirdə daha çox zərbə endirməyi vəd etmiş İsraillə daha böyük münaqişəyə yol aça bilər”.

Bombardman üçün Bəhanə

Suriyada gərginliyin artması Suveydanın cənub əyalətində druz silahlı qrupları ilə yerli sünni bədəvi tayfaları arasında qarşılıqlı adam oğurluqları və hücumlarla başlayıb. Yerli monitorinq qrupları və analitiklərin bildirdiyinə görə, asayişi bərpa etmək üçün müdaxilə edən hökumət qüvvələri druzlarla toqquşub və onların insan haqları pozuntuları törətdiyi barədə məlumatlar yayılıb. Təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən törədilən və Suriya prezidentliyi tərəfindən “qanunsuz cinayət əməlləri” kimi qəbul edilən hərəkətlər İsrailə Suriyanı bombalamaq üçün bəhanə verib, çünki bu ölkə Suriya ilə demilitarizasiya olunmuş bufer zonasında öz qüvvələri tərəfindən zəbt edilmiş ərazilərdə hərbi bazalar qurur. London mərkəzli “Chatham House” analitik mərkəzinin məsləhətçisi Hayd Hayd “Əl-Cəzirə”yə bildirib ki, İsrail keçən il Bəşər Əsədin devrilməsindən bəri Suriya qüvvələrinin “Suriya cənubundakı de-konfliktasiya xəttində yerləşdirilməsini” istəmədiyini açıq şəkildə bəyan edib. Hayd deyib: “İsrail bu planı irəlilətmək üçün druz icmasının “qoruyucusu” kimi çıxış etməyə çalışır”. Dəməşqdə yerləşən “Omran Strateji Araşdırmalar Mərkəzi”nin icraçı direktoru Əmmar Kahf bildirib: “Bu, Suriya hökumətinə İsraillilərin susmayacağı ilə bağlı açıq bir mesajdır. İsraillilər Suriya hökumətinin öz səlahiyyətlərini bütün əraziyə yaymasına imkan verməyəcəklər”.

24 saat