İsrail ordusu Qəzza zolağının şimalındakı bir sıra məhəllələrə hücum təhdidi edərək, Fələstinlilər üçün " sürgün əmri" elan edib.
Ordu sözçüsü Adraee, Qəzza zolağının şimal hissəsində yerləşən Qəzza şəhər regionu, Cəbəliyyə, Zeytun Şərqi məhəllələri, Köhnə Şəhər, Türkmən, Cədidə, Tuffah, Dərəc, Sabra, Cəbəliyyə Bələd, Cəbəliyyə Nəzlə, Muaskər Cəbəliyyə, Ravda, Nəhdə, Zühur, Nur, Səlam və Tel Zətər yaşayış məntəqələrinin boşaldılmasını tələb edib.
Adraee bu yaşayış məntəqələrinin "təhlükəli münaqişə zonaları" olduğunu iddia edərək, "terror təşkilatlarının imkanlarını məhv etmək" bəhanəsi ilə "hərbi əməliyyatların daha da intensivləşərək qərbə, şəhər mərkəzinə doğru genişlənəcəyini" vurğulayıb.
XƏRİTƏLƏRLƏ BÖLGÜ
İsrail ordusu, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada xəritələri bloklara bölərək Fələstinlilərə məcburi sürgün əmrləri verir.
Qəzzada yaşayan 2,3 milyon Fələstinli əhalisinin 90 faizdən çoxu İsrailin hücumları nəticəsində ən azı bir dəfə məcburi köçkün vəziyyətinə düşüb.
Qəzzadakı Fələstinlilər, İsrail ordusunun "təhlükəsiz bölgə" elan etdiyi ərazilərə də hücum etməsi səbəbindən "Qəzzada təhlükəsiz yer yoxdur" şüarını təkrar edirlər.
DAİMİ İŞĞAL CƏHDLƏRİ
İsrail ordusu Qəzza zolağında yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra martın 18-i səhər saatlarında şiddətli hücumlarına yenidən başlayıb.
İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 56 min 412 nəfər həlak olub, 133 mindən çox insan yaralanıb.
İsrail ordusu Qəzza zolağında işğalı genişləndirəcək və daimi edəcək hücum planını tətbiq etməyə başlayıb. Baş nazir Binyamin Netanyahu Qəzza zolağının tamamilə işğal olunacağını bildirib.
Plana əsasən, İsrail ordusu Qəzza zolağını daimi olaraq işğal edəcək, Fələstinlilər Qəzzanın cənubundakı "toplanma düşərgələrinə" köçürüləcək. İsrail burada Fələstinlilərə "həyatda qalmaları" üçün kifayət qədər humanitar yardım təmin edəcək.
İsrailli nazirlər Qəzza zolağında salamat qalan hər şeyi dağıdacaqlarını və Fələstinliləri əvvəlcə cənuba, oradan da başqa ölkələrə köçürməyi planlaşdırdıqlarını bəyan ediblər.