İsrailin Deir əl-Bəlahda hərbi əməliyyatları humanitar vəziyyəti pisləşdirib
İsrailin mərkəzi Qəzza zolağının Deir əl-Bəlah bölgəsinə bazar ertəsi günü etdiyi hərbi müdaxilə, orada yaranmış vəziyyəti “daha da ağırlaşdırıb”. Humanitar koordinatorun CNN-ə verdiyi açıqlamaya görə, bölgə əhalisi növbəti dəfə məcburi köçkünə çevrilərək ciddi problemlərlə üzləşib.
“İnsanlarımıza yardım çatdırmaq imkanı yoxdur”, – “Global Gaza Relief Agency” təşkilatının Deir əl-Bəlahdakı nümayəndəsi Eyad Əvami bildirib. O qeyd edib ki, əldə qalan az sayda yardımın paylanması da son dərəcə çətindir, çünki bu prosesə heç bir beynəlxalq təşkilat nəzarət etmir.
Əvami CNN-in müxbiri Con Vaaza deyib ki, “onlar (İsrail hərbçiləri) bizə evlərimizdən qaçmağı əmr edirlər. Lakin çadırımız, heç bir sığınacağımız yoxdur... Heç bir təhlükəsiz yer yoxdur ki, ora gedib uşaqlarımıza və yaşlılarımıza lazımi qayğı göstərə bilək”.
Bazar ertəsi İsrail tankları müharibənin 21 ayı ərzində daha əvvəl qurudan əməliyyatların aparılmadığı Deir əl-Bəlah bölgəsinə daxil olub. Bu məlumat İsrail mediası, yardım agentlikləri və şahidlərin verdiyi xəbərlərə əsaslanır. İsrail Müdafiə Qüvvələri (IDF) əməliyyatları barədə şərh verməkdən imtina etsə də, İsrail Ordu Radiosu əməliyyatın başladığını təsdiqləyib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, təxliyə əmri “Qəzza zolağında insanları sağ saxlayan onsuz da kövrək həyat xətlərinə daha bir dağıdıcı zərbə vurub” və humanitar böhranı daha da dərinləşdirib.
Oxucu Şərhləri
Şərh Yaz