Keçmiş Kəşfiyyat Rəisindən Şok Açıqlamalar: “Birə Əlli Fələstinli Ölməlidir”
2023-cü il oktyabrın 7-də HƏMAS-ın təşkil etdiyi hücumların qarşısını ala bilmədiyini etiraf edərək istefa verən İsrail Hərbi Kəşfiyyatının keçmiş direktoru general-mayor Aaron Halivanın qalmaqallı açıqlamaları diqqət mərkəzinə düşüb. Haliva ona aid olduğu bildirilən və sızdırılan səs yazısında bildirib ki, “7 oktyabrda baş verən hər şeyə, öldürülən hər bir şəxsə qarşılıq 50 Fələstinli ölməlidir”.
Tarixi göstərilməyən və İsrail mərkəzli “Kanal 12” telekanalı tərəfindən yayımlanan qeydlərdə Haliva, 7 oktyabr hücumunun kəşfiyyat çatışmazlıqları və ya həmin gecə verilən gecikmiş reaksiyalar səbəbindən deyil, “daha dərin, illərə yayılan və köklü düzəliş tələb edən bir şeyin” nəticəsi olduğunu vurğulayıb. HƏMAS hücumundan əvvəlki gecə yaşananları, istefa səbəbini və hücumdan əvvəlki, eləcə də sonrakı qərarlar haqqında danışdığı eşidilən Haliva, Qəzzədə davam edən müharibəyə və xüsusilə də çoxsaylı Fələstinlinin həyatını itirməsinə toxunaraq, “Qəzzədə hazırda 50 min insanın həyatını itirməsi gələcək nəsillər üçün zəruri və vacibdir” iddiasını irəli sürüb.
Qanlı Məntiqin İfşası və Netanyahunun Tənqidi
Haliva 7 oktyabr hadisələrinə və öldürülən “hər bir şəxsə qarşılıq 50 Fələstinlinin ölməli olduğunu” iddia edərkən, sionist milislərin 1948-ci ildə Fələstinə qarşı həyata keçirdiyi etnik təmizləmə əməliyyatına da işarə edib. O, “Qisas üçün danışmıram, gələcək nəsillərə mesaj olaraq danışıram. Başqa çarə yoxdur… Bədəlini hiss etmək üçün bəzən bir “Nəqba”ya ehtiyacları var. Bu narahat qonşuluqda başqa seçim yoxdur” deyə əlavə edib.
Hücumdan sonra istefa vermədiyi üçün Baş nazir Binyamin Netanyahunu da tənqid edən keçmiş kəşfiyyatçı, oxşar hücumun təkrarlana biləcəyinə diqqət çəkərək, kəşfiyyat təşkilatı daxil olmaqla, bütün sistemin “sökülüb yenidən qurulması” lazım olduğunu müdafiə edib.
HƏMAS Halivanın açıqlamaları ilə bağlı Telegram hesabından verdiyi bəyanatda, İsrail hərbi kəşfiyyatının keçmiş rəisinin səsləndirdiyi fikirlərin İsrailin “soyqırım doktrinasının açıq etirafı” olduğunu bildirib. HƏMAS açıqlamasında, “Halivanın uşaq, ya da qadın fərqi qoymadan hər İsrailli üçün 50 Fələstinlini öldürmə çağırışı sistemli bir cinayət siyasətidir” deyib və “Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq məhkəmələrin bu etirafları sənədləşdirməsi” çağırışını edib.
İsraildə Ümumi Tətil və Hərbi Əməliyyatlar
İsraildə on minlərlə insan Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin Qəzzə şəhərinin tamamilə işğal edilməsi qərarını etiraz etmək, atəşkəs və əsir mübadiləsi sazişi imzalamağı tələb etmək məqsədilə dünən keçirilən ümumi tətil çərçivəsində küçələrə axışıb. Ölkədə həftənin ilk iş günü olan bazar günü keçirilən ümumi tətil zamanı əhali, əsasən Təl-Əviv olmaqla, bir çox şəhərdə nümayişlər keçirib və avtomobil yollarını bağlayıb. İsrailli əsir ailələrinin elan etdiyi ümumi tətilə ölkənin qabaqcıl universitetləri, eləcə də 75 yerli idarəetmə orqanı, bəzi həmkarlar ittifaqları və müxalifət partiyaları da dəstək verib. Nümayişçilərdən 25-nin həbs edildiyi bildirilib. İsrail polisinin məlumatına görə isə, nümayişlərə 220 min nəfər qatılıb.
İsrail Baş naziri Binyamin Netanyahu isə həftəlik Nazirlər Kabineti iclasından əvvəl etdiyi açıqlamada, ümumi tətilə qatılanları “əsirlərin azad edilməsinə mane olmaqda” günahlandırıb. Netanyahu, ümumi tətilə gedən İsrail əhalisinin Qəzzə zolağına hücumların uzanmasına səbəb olduğunu da iddia edib. Qəzzə şəhərinin işğalı qərarını həyata keçirməkdə israrlı olduqlarını vurğulayan Netanyahu, israilli əsirlərin azad edilməsi istiqamətində irəliləyiş əldə etmək üçün Qəzzə zolağının “təhdid olmaqdan” çıxarılmalı olduğunu irəli sürüb.
İsrail, yeni hərbi əməliyyat planlarının son mərhələyə çatması ilə birlikdə, Qəzzədəki münaqişə zonalarında yaşayan Fələstinliləri cənuba kütləvi şəkildə təxliyə etməyə hazırlaşdığını elan edib. İsrailin bəyanatında bildirilib ki, bölgənin şimalı da daxil olmaqla, Qəzzə zolağının ən sıx məskunlaşan ərazilərinə qarşı hərbi hücum planları davam edərkən, Fələstinlilər döyüş və əməliyyat bölgələrindən Qəzzənin cənubuna yönəldilir. Tibbi mənbələrə görə, şənbə günü baş verən hücumda bir körpə qız və valideynləri həlak olub. Qəzzə Səhiyyə Nazirliyinə görə, son 24 saatda 2-si uşaq olmaqla daha 7 Fələstinli aclıqdan ölüb. Hücumlarda 7-si xəstəxana həyətində olmaqla ən azı 51 nəfər həyatını itirib.
İsrail Baş Qərargah rəisi Eyal Zamirin Qəzzə şəhərini işğal planını təsdiqlədiyi bildirilib. İsrail dövlət televiziyası KAN-ın xəbərində qeyd olunub ki, Zamir ordu rəsmiləri ilə keçirdiyi və İsrail ordusunun əsirlər və itkinlər üzrə komandiri Nitzan Alonun da qatıldığı görüşdə Qəzzəni işğal etmək planını təsdiqləyib. Plana əsasən, “ən az 2 həftə ərzində Fələstinlilər şəhəri boşaldacaq və daha sonra hərbi əməliyyatla şəhərə mərhələli şəkildə daxil olunacaq”.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz