İsrail nazirindən Suriya rəhbərinə qarşı sərt çağırış
İsrail Diaspora naziri Amixay Çikli sosial media platforması X vasitəsilə Suriya Müvəqqəti Hökumətinin rəhbəri Əhməd əl-Şaraanın öldürülməsi ilə bağlı kəskin çağırış edib. Çikli bu bəyanatını həm ivrit, həm də ingilis dillərində yayımlayıb.
Nazir öz paylaşımında qeyd edib ki, “Əhməd əl-Şaraanı qanuni lider hesab edən hər kəs böyük səhvə yol verir. O, terrorçu, barbar qatildir. O, dərhal aradan qaldırılmalıdır” ifadələrini işlədib.
Bu təhdidedici açıqlamalar İsrail hərbi aviasiyasının Süveyda şəhərindəki Suriya qüvvələrinə qarşı həyata keçirdiyi hücumlardan dərhal sonra səsləndirilib. Nazir Çiklinin bu sərt bəyanatı bölgədəki gərginliyi daha da artırıb.
"Yeni Yaxın Şərq" planının ziddiyyətləri
Daha sonra Amixay Çikli sözlərini belə davam etdirib: “Kostyum geyinmiş sələfiyə bənzər İslamçı-nasist terror rejiminə qarşı biganə qala bilmərik. Suriyadakı terror rejimi ilə mübarizə aparılmalıdır”.
Nazirin bu çıxışları İsraildə böyük müzakirələrə səbəb olan “İbrahim Sazişləri” afişasını yenidən gündəmə gətirib. Həmin afişada İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ-ın sabiq prezidenti Donald Tramp və Suriya Müvəqqəti Hökumətinin rəhbəri Əhməd əl-Şaraa birlikdə təsvir olunmuşdular.
Lakin Süveyda şəhərində baş verən son toqquşmalar afişada yer alan “Yeni Yaxın Şərq” konsepsiyası ilə açıq ziddiyyət təşkil edir. İsrailin regiona dair irəli sürdüyü bu yeni plan onun öz aqressiv siyasəti ilə qarşı-qarşıya gəlir və beynəlxalq arenada suallar doğurur.