Məhkəmə Prosesi Başlayıb
Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin keçmiş baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədov Bakıda məhkəmə qarşısına çıxarılıb. O, bir il öncə İstanbulda 70 kiloqram qızıl külçələrlə saxlanılmışdı. 40 yaşlı Məmmədov barəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları irəli sürülüb. İşə Bakı Hərbi Məhkəməsində baxılır.
Noyabrın 17-də keçirilən ilkin məhkəmə iclasında Məmmədovun vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil müvəkkilinin nüfuzlu şəxs olduğunu, məhkəmədən yayınmaq niyyətinin olmadığını və hadisənin Azərbaycanda baş vermədiyini əsas gətirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
DTX-nın İttihamı və Hadisənin Təfərrüatları
Qəhrəman Məmmədovun işi üzrə istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılıb və o, hazırda bu qurumun istintaq təcridxanasında saxlanılır. DTX-nın yaydığı məlumata görə, diplomatik statusa malik vəzifə tutan Qəhrəman Məmmədov başqaları ilə əvvəlcədən razılaşaraq ötən il noyabrın 22-də ABŞ-dən Türkiyəyə gedib.
İttihama əsasən, o, həmin gün Anar Qasımov adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən gətirərək İstanbul hava limanında saxlanc yerinə qoyduğu, içində qızıl külçələr olan çantayı götürüb. Qəhrəman Məmmədov diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.
Daha sonra qızıl qaçaqmalçılığı məhsulu olan külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən birinə doğru hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb. Anar Qasımov da Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin, hava limanında sözügedən saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələr olan, gömrük sərhədindən keçməmiş daha bir çanta aşkarlanıb.
Cinayət Məsuliyyəti və Gözləntilər
Qəhrəman Məmmədovun ittiham olunduğu maddələr 8 ilədək həbs cəzası nəzərdə tutur. Növbəti məhkəmə iclası noyabrın 28-də keçiriləcək. Həmin iclasda prokuror ittiham aktını elan edəcək və dindirmələr başlayacaq. Onun ittihamlara münasibəti hələlik bəlli deyil.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz