25 İL SONRA QOVUŞAN HƏYAT: TEXNOLOGİYANIN MÖCÜZƏSİ
Hindistanda cəmi 4 yaşı olarkən səhvən mindiyi qatarla itkin düşən Saroo Brierleynin həyatı düz 25 il sonra texnologiya sayəsində tamamilə fərqli bir istiqamət aldı. Uşaq yaşda ailəsindən ayrılan Brierley, yaddaşında qalan yeganə görüntüyə əsaslanaraq evini Google Earth vasitəsilə taparaq illər sonra ailəsinə qovuşdu.
QATAR VAGONUNDA UNUTULAN UŞAQLIQ
Madhya Pradeş əyalətində böyük qardaşı ilə qatar vaqonlarını təmizləməklə güzəranını təmin etməyə çalışan kiçik Saroo bir gün vaqonda yatıb qaldı. Oyananda özünü min kilometr uzaqlıqdakı Kalküttada, tamamilə yabançı insanların arasında tapdı. Bir müddət küçələrdə, evsiz kimi yaşadıqdan sonra, ona kömək edən bir gənc tərəfindən uşaq mərkəzinə yerləşdirildi. Orada qaldığı müddətdə avstraliyalı bir cütlük tərəfindən övladlığa götürülən Saroo Brierley yeni həyatına Avstraliyada davam etdi.
YADDAŞDA QALAN BİR STANSİYA VƏ GOOGLE EARTH
Övladlığa götürüldükdən sonra Saroo doğma ailəsini araşdırmağa davam etdi. İllər boyu Hindistanın dəmir yolu xətlərini öyrənən və yaddaşında qalan görüntülərə əsaslanan Saroo, Google Earth vasitəsilə kəndinə bənzər yerləri araşdırmağa başladı. Bir gün uşaqlığından xatırladığı bir stansiya görüntüsünə rast gəldi və bununla da doğulduğu Ganesh Talai kəndini tapmağa nail oldu.
ACİ TALE VƏ BÖYÜK EKRAN
Hindistana gedən Saroo, şəhər-şəhər gəzərək axtarış apardı və nəhayət, 25 il sonra ailəsinə qovuşdu. Lakin bu sevincli qovuşmanın yanında ürəkdağlayan bir həqiqəti də öyrəndi. Onu illərlə axtaran qardaşı, qısa müddət sonra qatar qəzasında həyatını itirmişdi.
Saroonun bu qeyri-adi həyat hekayəsi əvvəlcə “A Long Way Home” adlı avtobioqrafik kitaba çevrildi. 2016-cı ildə isə Dev Patel və Nikol Kidman-ın baş rolları ifa etdiyi “Lion” filminə uyğunlaşdırıldı. Film 6 nominasiya üzrə Oskar mükafatına namizəd göstərildi.