İdman 30.06.2025

Jurasek: Təklif gələr-gəlməz razılaşdım

Jurasek: Təklif gələr-gəlməz razılaşdım

David Jurasek "Beşiktaş" forması ilə yeni səhifə açır

Beşiktaşın Portuqaliya təmsilçisi "Benfika"dan satınalma hüququ ilə icarə əsasında heyətinə qatdığı 24 yaşlı çex David Jurasek klubun rəsmi YouTube kanalına açıqlamalar verib. Gənc müdafiəçi Beşiktaşdan transfer təklifi aldığı üçün məmnunluğunu və qürur hissi keçirdiyini dilə gətirib. "Beşiktaş böyük bir klubdur. Zəngin bir tarixə malikdir. Təklif gələn kimi heç tərəddüd etmədim" deyə o, bildirib.

David Jurasek: "Oyunboyu qaçıram və bacardığımın ən yaxşısını ortaya qoyuram"

Tomas Sivok, Tomas Zapotocny və Tomas Jun-dan sonra Beşiktaşda forma geyinən dördüncü çex futbolçu olacaq David Jurasek öz oyun tərzindən də söz açıb: "Sivokun burada mühüm işlər gördüyünü bilirəm. Mən heç yorulmuram, oyunboyu qaçıram və meydanda bacardığımın ən yaxşısını ortaya qoyuram". O, Portuqaliya təmsilçisi "Benfika"da Rafa Silva və Joau Mario ilə yarım mövsüm birgə oynadığını da qeyd edərək, adaptasiya prosesində onlardan dəstək gözlədiyini ifadə edib.

Azarkeşlər Juraseki səbirsizliklə gözləyir

Yeni klubu və azarkeşləri haqqında da danışan çex sol cinah müdafiəçisi, Beşiktaş tərəfdarlarının bəzi videolarını izlədiyini və stadionda desibel rekordunun qırılması ilə bağlı xəbərlər oxuduğunu vurğulayıb. David Jurasek "Bu atmosferi görmək üçün səbirsizlənirəm" deyərək, azarkeşlərlə qovuşma anını həyəcanla gözlədiyini bildirib.

24 saat