Gündəm 29.09.2025

Jurnalist və QHT-lərə “leqallaşdırma” ittihamı sual doğurur

Jurnalist və QHT-lərə “leqallaşdırma” ittihamı sual doğurur

Cinayət Məcəlləsinin 193-1-ci Maddəsinin Tətbiqindəki Problemlər

Son dövrlərdə Azərbaycanda Cinayət Məcəlləsi 193-1-ci maddəsinin tətbiqi ilə bağlı ciddı məsələlər gündəmə gəlib. Xüsusilə, "Abzas Media", "Toplum TV", "Meydan TV" kimi müstəqil media qurumları və bir sıra Qeyri Hökumət Təşkilatlarına (QHT) qarşı aparılan cinayət işlərində bu maddənin geniş tətbiqi məsələnin hüquqi aktuallığını artırır. Həmin maddə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını cinayət məsuliyyəti kimi müəyyən edir. Onun əsas məqsədi, cinayət nəticəsində əldə edilən sərvətin qanuni iqtisadi dövriyyəyə daxil edilməsinin qarşısını almaq, yəni, ictimaiyyətdə "çirkli pulların yuyulması" kimi tanınan hallara son qoymaqdır. Bu maddə həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq, korrupsiya, narkotik alveri, terrorçuluq kimi cinayətlərdən əldə olunmuş vəsaitlərin "təmizlənərək" leqal iqtisadiyyata daxil edilməsini önləməyə yönəlib.

"Predikativ Cinayət" Anlayışı və Beynəlxalq Standartlar

Cinayət Məcəlləsi 193-1-ci maddəsinin tətbiqi üçün əsas hüquqi şərt, həmin əmlakın konkret bir cinayət yolu ilə əldə edildiyinin sübut edilməsidir. Bu anlayış "predikativ cinayət" olaraq ifadə olunur. Yəni, əvvəlcədən müstəqil bir cinayət əməlinin nəticəsində əmlakın əldə edilməsi, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün ilkin şərtdir. Norma yalnız cinayət yolu ilə əldə edilmiş əmlakı əhatə edir; hər hansı qanunsuz, lakin cinayət xarakteri daşımayan yolla əldə edilmiş əmlak bu maddənin predmetinə daxil deyil. Odur ki, Cinayət Məcəlləsi 193-1-ci maddəsinin istənilən tətbiqi ciddi sübutlara söykənməli, yalnız ehtimallar və şübhələrlə yox, konkret və əsaslandırılmış dəlillərlə təsdiqlənməlidir. Əgər belə bir ilkin cinayət faktı mövcud deyilsə və ya sübut olunmayıbsa, 193-1-ci maddənin tətbiqi hüquqi baxımdan ciddi suallar doğurur.

Bu prinsip beynəlxalq hüquqda da öz əksini tapıb. Avropa Şurasının "Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Varşava Konvensiyası"nın 9-cu maddəsinə görə, leqallaşdırma cinayətinin mövcudluğu üçün əmlakın cinayət yolu ilə əldə olunması əsas şərtdir və bu leqallaşdırılan əmlak əvvəl törədilmiş əsas bir cinayət nəticəsində əldə olunmalıdır. Konvensiya üzv dövlətlərdən bu tələbi milli qanunvericilikdə nəzərdə tutmağı tələb edir və predikativ cinayət anlayışını beynəlxalq standart kimi təsdiq edir.

Ali Məhkəmənin Qərarı və Sübut Tələbləri

Cinayət Məcəlləsi 193-1-ci maddəsinin necə və hansı hallarda tətbiq edilə biləcəyi məsələsinə Ali Məhkəmənin Plenumunun 23 fevral 2023-cü il tarixli Qərarında da aydınlıq gətirilir. Qərarda qeyd olunur ki, bu cinayətin tərkibinin müəyyən edilməsi üçün predikativ cinayətin mövcudluğu və həmin cinayət nəticəsində əldə edilmiş əmlakın sübuta yetirilməsi zəruridir. Əks halda, 193-1-ci maddənin tətbiqi hüquqi cəhətdən əsassız sayılır. Yəni, predikativ cinayət sübutsuz olduğu halda leqallaşdırma ittihamı irəli sürülə bilməz. Əgər əmlak inzibati xəta və ya digər hüquq pozuntusu nəticəsində əldə olunubsa, bu halda həmin əməl predikativ cinayət kimi dəyərləndirilmir.

Sənədə əsasən, şəxsə yalnız 193-1-ci maddə ilə ittiham irəli sürülürsə, məhkəmə bu əmlakın cinayətdən başqa yolla əldə olunmadığını əsaslı şübhədən kənar sübutetmə standartına uyğun olaraq müəyyən etməlidir. Bu isə yalnız Cinayət-Prosessual Məcəllənin (CPM) sübutetmə tələblərinə uyğun şəkildə toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutlar vasitəsilə mümkündür. Həmçinin, maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti və vergi ödənişləri ilə bağlı məlumatlar daxil olmaqla, şəxsi, ailə və kommersiya sirri təşkil edən məlumatlar yalnız məhkəmə qərarı ilə əldə oluna bilər. CPM-nin 177.3.6 və 177.4-cü maddələrinə görə, belə istintaq hərəkətləri yalnız əvvəlcədən məhkəmə qərarı əsasında qanuni şəkildə həyata keçirilə bilər.

Qrant Vəsaitlərinin Leqallaşdırma İttihamları Fonunda

Yuxarıda sadalanan, ictimaiyyətin nəzərində olan cinayət işlərində istintaq orqanları qrant vəsaitlərini və ya donor maliyyələşməsini "cinayət yolu ilə əldə edilmiş əmlak" kimi təqdim edərək leqallaşdırma ittihamı irəli sürür. Bu işlərin ortaq xüsusiyyəti ondan ibarətdir ki, leqallaşdırma ittihamı irəli sürülsə də, ittiham olunan əmlakın konkret olaraq hansı predikativ cinayətin nəticəsində əldə edildiyi açıq şəkildə göstərilmir və bu əlaqə sübutlarla təsdiqlənmir. Həmçinin, təqdim olunan sübutların hansı yolla əldə edildiyi və onların CPM-nin tələblərinə uyğun olub-olmaması müstəqil media nümayəndələrinin işlərində ciddi suallar doğurur. CM-nin qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma kimi maddələrinə istinad edilsə də, bu maddələrin konkret hansı faktiki əməllərə əsaslandığı, həmin əməllərin predikativ cinayət tərkibini necə formalaşdırdığı hüquqi sənədlərdə yetərincə əsaslandırılmır. Halbuki, Cinayət Məcəlləsi 193-1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün ilkin şərt - konkret predikativ cinayətin mövcudluğu və bu cinayət nəticəsində əldə olunmuş əmlakın sübuta yetirilməsinin təmin olunmasıdır.

Ümumiləşdirsək, sözügedən cinayət işlərində, xüsusilə müstəqil media və QHT işlərində 193-1-ci maddə üzrə irəli sürülmüş ittihamların əsasına donorlardan maliyyə yardımı (qrant) alınması və bu vəsaitlərin "cinayət yolu ilə əldə edilmiş əmlak" kimi qiymətləndirilməsi qoyulur. Nəticə etibarilə qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi əməllər əsas (predikativ) cinayətlər qismində göstərilir. Ancaq predikativ cinayət kimi göstərilən hallara nəzər yetirdikdə aydın olur ki, onların tətbiqində ciddi uyğunsuzluqlar mövcuddur. Qrant vəsaiti donorun əvəzsiz maliyyələşdirməsidir. Bu, "Qrant haqqında" Qanunda nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə əsasən, qrant müqavilələrinin qeydiyyata alınması məcburidir. Lakin, qrant müqaviləsinin qeydiyyatdan keçirilməməsi inzibati xətadır. Ali Məhkəmənin 23 fevral 2023-cü il tarixli Plenum Qərarına əsasən də, inzibati xətalar predikativ cinayət kimi qəbul edilə bilməz. Belə olan halda qrant müqaviləsinin qeydiyyata alınmaması əsasında 193-1-ci maddə ilə ittiham irəli sürülməsi hüquqi əsası olmayan yanaşmadır.

Beynəlxalq İnsan Haqları Təşkilatları və Məhkəmələrin Mövqeyi

Qrant alınması qaydası ilə əlaqədar son 10 ildə aparılan tənzimləmələr müstəqil fəaliyyət göstərən QHT-lərin fəaliyyətini mümkünsüz hala salıb. "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının 8 oktyabr 2024-cü il tarixli hesabatında vurğulanır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericilik müddəalarını seçici şəkildə tətbiq edir və ya ümumiyyətlə nəzərə almır. Bu praktika bir sıra qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasına mane olur, onların maliyyə resurslarına çıxışını və qanuni fəaliyyət imkanlarını məhdudlaşdırır. Belə yanaşma nəticə etibarilə qeydiyyatsız QHT fəaliyyətini faktiki olaraq cinayət aktına çevirir. Hazırkı həbslər dalğasında hədəfə alınanların əksəriyyəti müstəqil təşəbbüslər platformalarında və müstəqil media qurumlarında çalışan şəxslərdir. Bu qurumların rəhbərləri qeydiyyat imkanlarının bağlandığını gördüklərindən, fəaliyyətlərini davam etdirmək üçün qeydiyyatsız şəkildə işləməyə məcbur olublar.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də QHT-lərin qeydiyyata alınması ilə bağlı presedentlərində açıq şəkildə qeyd edir ki, birləşmək azadlığı yalnız dövlət qeydiyyatı ilə şərtləndirilə bilməz və bu hüquqa qoyulan əsassız məhdudiyyətlər Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin pozuntusunu təşkil edir. Məhkəmə Əliyev Azərbaycana qarşı, Məmmədli Azərbaycana qarşı və Cəfərov Azərbaycana qarşı kimi oxşar işlərdə QHT rəhbərlərinə qarşı irəli sürülən "qanunsuz sahibkarlıq", "vergidən yayınma" və digər cinayət ittihamlarını əsassız olduğunu təsdiqləyib. AİHM qeyd edib ki, qrantların Ədliyyə Nazirliyində qeydiyyata alınmaması onların hüquqi statusunu dəyişmir və QHT fəaliyyətini kommersiya xarakterli etmir. Bu təqiblərin məqsədinin onları susdurmaq və cəzalandırmaq olduğunu vurğulayan Məhkəmə, həmçinin Konvensiyanın 18-ci maddəsinin də pozuntusunu tanıyıb. Bu işlər 2014-cü ildə müstəqil media və QHT-lərə qarşı aparılmış cinayət təqibləri ilə bağlıdır. Anar Məmmədli isə 2024-cü ildə yenidən QHT-lərə qarşı aparılan cinayət təqiblərinin davamı kimi saxlanılaraq barəsində cinayət işi açılıb.

Qaçaqmalçılıq, Vergidən Yayınma və Qanunsuz Sahibkarlıq İddiaları

Beləliklə, donorlardan alınan qrant vəsaiti "cinayət yolu ilə əldə edilmiş əmlak" hesab oluna bilməz və bu, qaçaqmalçılıq cinayətinin tətbiq dairəsinə də aid edilmir. CM-yə görə, qaçaqmalçılıq yalnız malların və digər əşyaların gömrük nəzarətindən gizlədilərək, düzgün bəyan edilmədən və ya gömrük sərhədindən qanunsuz keçirilməsi hallarında cinayət tərkibi yaradır. Buna görə də qaçaqmalçılıq ittihamı (206-cı maddə) yalnız konkret cinayət əməlinin sübuta yetirildiyi halda predikativ cinayət kimi qəbul edilə bilər. Halbuki, qeyd etdiyimiz müstəqil media işlərinin hər birində media əməkdaşlarının xarici donorlardan aldıqları qrant vəsaitlərini hissə-hissə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri barədə ittiham irəli sürülsə də, həmin vəsaitlərin gömrük nəzarətindən gizlədilərək, düzgün bəyan edilmədən və ya gömrük sərhədindən qanunsuz keçirildiyini təsdiqləyən heç bir əsaslı dəlil göstərilməyib.

Qrant vəsaitləri ilə bağlı vergidən yayınma isə mümkün deyil, çünki Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə görə qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır. Bu şərtlər sübuta yetirilmədikdə, qrantların cinayət mənşəli əmlak kimi təqdim edilməsi, qaçaqmalçılığın və vergidən yayınmanın Cinayət Məcəlləsi 193-1-ci maddəsi üzrə predikativ cinayət sayılması hüquqi əsası olmayan yanaşmadır.

İttihamlarla irəli sürülən qanunsuz sahibkarlıq (CM, 192-ci maddə) iddiası da mahiyyətcə əsaslandırılmır. Çünki QHT və müstəqil media qurumlarının həyata keçirdiyi qrant layihələri sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilməz. Sahibkarlıq fəaliyyətinin mövcudluğu üçün müəyyən şərtlərin – gəlir əldə etmək niyyəti, mütəmadi şəkildə mal və xidmətlərin satışı, müştəri münasibətlərinin qurulması və s. sübuta yetirilməsi vacibdir. Halbuki jurnalist və QHT fəaliyyətinin, xüsusilə də müstəqil media qurumlarının işinin həyata keçirilməsi heç bir halda sahibkarlıq fəaliyyəti hesab edilə bilməz. Bu elementlər olmadıqda isə onun 193-1-ci maddəsinin tətbiqi üçün əsas təşkil etməsi mümkün deyil.

Məhkəmə Təcrübəsindəki Ziddiyyətlər

Azərbaycan məhkəmə təcrübəsində, xüsusilə Bakı Ağır Cinayətlər Məhkəməsinin baxdığı işlərdə, Cinayət Məcəlləsi 193-1-ci maddəsinin və predikativ cinayət anlayışının tətbiqinin problemli olduğu görünür. Məhkəmənin 2019–2025-ci illəri əhatə edən hökmlərinin təhlili göstərir ki, bu maddə əsasən iqtisadi sahədə cinayətlər, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər, həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərdə tətbiq olunur. Qaçaqmalçılıqla bağlı işlərdə sübut məsələsi mübahisəli xarakter daşıyır. Təhlil edilən hökmlər arasında qaçaqmalçılığın predikativ cinayət kimi təsdiqlənməsi etibarlı sübutlarla əsaslandırılmır. Hətta 2025-ci ildə qəbul olunmuş hökmdə, əsas cinayətlərdən biri kimi qaçaqmalçılığın göstərildiyi iş üzrə Dövlət Gömrük Komitəsinin məlumatına görə, heç bir pul və ya qiymətli əşyanın keçirilməsi qeydə alınmayıb. 2025-ci ildə qəbul edilmiş iki iş üzrə hökmdə məhkəmə 193-1-ci maddə üzrə bəraət hökmü çıxarıb. Hökmün əsaslandırılmasında göstərilib ki, 193-1-ci maddə üzrə sübutlar mövcud deyil, əmlak qanuni gəlir kimi gizlədilməyib, əksinə nağdlaşdırılaraq şəxslər arasında bölünüb. Bu səbəbdən predikativ cinayətin olmasına dair əsaslı sübut müəyyən edilməyib.

Bununla belə, müstəqil media nümayəndələrinin fəaliyyəti ilə bağlı işlərdə məhkəmə fərqli mövqe nümayiş etdirib. Xarici donor təşkilatlarından alınan qrant vəsaitlərinin qeydiyyata alınmaması və ya ölkəyə gətirilmə forması tez-tez "qanunsuz sahibkarlıq" və "qaçaqmalçılıq" kimi qiymətləndirilib. Halbuki təqdim olunan sübutlarda nə vəsaitlərin fiziki şəkildə sərhəddən keçirilməsi əməliyyatı təsbit olunub, nə də kommersiya fəaliyyətinə dair real faktlar göstərilib. Bu isə məhkəmənin eyni təbiətli işlərdə fərqli mövqe nümayiş etdirdiyini, nəticədə ziddiyyətli və diskriminativ yanaşmanın formalaşdığını ortaya qoyur.

Nəticə

Varşava Konvensiyasının 9-cu maddəsinə əsasən müəyyən hallarda əmlakın konkret hansı cinayətdən əldə edildiyinin sübutu tələb edilməsə də, onun ümumilikdə cinayət yolu ilə əldə olunduğu əsaslı sübutlarla təsdiqlənməlidir. Azərbaycandakı istintaq və məhkəmə təcrübəsində isə bu sübut təqdim olunmur. Bu isə təqsirsizlik prinsipi, ədalətli məhkəmə araşdırması və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Nəticə etibarilə, Azərbaycanda Cinayət Məcəlləsi 193-1-ci maddəsinin tətbiqi üzrə müşahidə olunan məhkəmə təcrübəsi, predikativ cinayətin hüquqi və faktiki əsas olmadan irəli sürülməsi, sübutların beynəlxalq standartlardan kənara çıxması baxımından qanunsuzdur. Bu, həm hüquqi dövlət prinsipinin pozulması, həm də vətəndaş cəmiyyəti və müstəqil medianın fəaliyyət imkanlarının sistemli şəkildə məhdudlaşdırılmasına gətirib çıxarır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz