Maraqlı 20.11.2025

Kevin Speysi evsiz olduğunu açıqladı

Kevin Speysi evsiz olduğunu açıqladı

Məşhur aktyorun dramatik etirafı: “Evim yoxdur”

“Kartlar Evi” serialının ulduzu, amerikalı aktyor Kevin Speysi son yeddi ildəki xərclərinin “astronomik” olduğunu və hazırda “həqiqətən də evinin olmadığını” bəyan edib. O, borclar və davamlı iş axtarışı səbəbindən çətin vəziyyətdə olduğunu bildirib.

Böyük Britaniyanın “The Telegraph” qəzetinin müxbiri Kiprdəki kiçik bir klubda çıxışından sonra aktyorla danışa bilib. Kevin Speysi müsahibəsində bildirib ki, otellərdə yaşayır, Airbnb vasitəsilə mənzillər kirayələyir və iş tapılan yerlərə səyahət edir. O, "mənim həqiqətən də evim yoxdur" ifadəsini işlədib.

“Astronomik” xərclər və karyera dönüşü

“The Telegraph”ın məlumatına görə, aktyor Kevin Speysi Kiprdəki “Monte Caputo” gecə klubunda aparıcı kimi çalışır. Tamaşaçıların əksəriyyəti rusdilli şəxslərdən ibarətdir və onlar üçün subtitrlər də təmin olunur.

Aktyor son yeddi ildəki xərclərini “astronomik” adlandırıb və “çox az gəlir əldə etdiyini, hər şeyi xərclədiyini” vurğulayıb. O, maliyyə vəziyyətinin hazırda “çox da yaxşı olmadığını”, lakin müflisləşmə həddinə çatmadığını qeyd edib. Speysi düşünür ki, o, karyerasının əvvəlinə, yəni iş axtarışında olduğu dövrə geri qayıdıb.

Aktyorun məhkəmə mübarizəsi və bəraəti

Kevin Speysi iki Oskar mükafatı laureatı və populyar “Kartlar Evi” serialının əsas aktyorlarından biridir. 2017-ci ildə amerikalı aktyor Entoni Reppin onu təxminən 30 il əvvəlki cinsi təcavüzdə ittiham etməsindən sonra ABŞ-da böyük bir qalmaqalın mərkəzinə düşdü. Daha sonra təxminən 30 başqa şəxs də analoji cinsi təcavüz iddiaları ilə çıxış etdi. Bu qalmaqal Kevin Speysinin işsiz qalmasına səbəb oldu.

2022-ci ilin oktyabrında Manhetten Federal Andlılar Məhkəməsi Reppin işi üzrə aktyora bəraət qazandırdı. Həmçinin, 2023-cü ilin iyulunda London Andlılar Məhkəməsi aktyoru yeddi cinsi təcavüz ittihamında günahsız bildi. Bundan əlavə, dörd kişiyə qarşı iki digər cinsi cinayət ittihamı da ondan götürüldü.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz