Amerika Birləşmiş Ştatlarının aparıcı hava yolları şirkətlərindən olan Southwest Hava Yolları, yanvarın 27-dən etibarən mübahisəli yeni bir qayda tətbiq etməyə hazırlaşır. Şirkətin açıqlamasına görə, oturacaq qollarının arasına sığmayan sərnişinlər bron zamanı ikinci oturacaq almağa məcbur olacaqlar.
Həmin tarixdən etibarən şirkət uzun illər davam edən "sərbəst oturacaq seçimi" ənənəsinə də son qoyur. Yeni dövrdə sərnişinlər öz yerlərini nömrələnmiş oturacaq sistemi vasitəsilə əvvəlcədən təyin edə biləcəklər.
GERİ ÖDƏMƏ ARTIQ TƏMİN EDİLMİR
Əvvəllər sərnişinlər əlavə oturacağı əvvəlcədən alıb pulunu geri ala bilirdilər və ya hava limanında pulsuz tələb edə bilirdilər. Lakin yeni qayda ilə, geri ödəmə yalnız reys tam dolu olmazsa həyata keçiriləcək və bu, artıq təmin edilməyəcək. Şirkətdən verilən məlumata görə, "bundan sonra əlavə oturacaq tətbiqindən istifadə edəcək sərnişinlər bron zamanı ikinci oturacaq almağa məcburdurlar".
GÖZLƏNİLMƏZ ƏLAVƏ XƏRCLƏR
Yeni dövrdə əvvəlcədən əlavə bilet almayan sərnişinlər hava limanında məcburi şəkildə əlavə oturacaq almalı olacaqlar. Əgər uçuş tamamilə doludursa, sərnişinlər növbəti reysi gözləmək məcburiyyətində qalacaqlar.
"BU QƏRAR HƏR KƏS ÜÇÜN PİS OLACAQ"
Qərara ilk reaksiyalar sərt oldu. Orlando şəhərində fəaliyyət göstərən səyahət məsləhətçisi Ceyson Von (Jason Vaughn) bu qaydanın yalnız artıq çəkili sərnişinlərə deyil, bütün sərnişinlərə mənfi təsir edəcəyini iddia etdi. Von, “Bu qərar uçuş təcrübəsini hər kəs üçün daha da pisləşdirəcək. Southwest Hava Yolları artıq kim olduğunu unudub, müştəriləri ilə əlaqələrini itirib”, – deyə bildirdi.
Mali çətinliklərlə üzləşən Southwest Hava Yolları ötən il daha geniş diz məsafəsi üçün əlavə ödəniş tələbi və gecə reysləri kimi yeni tətbiqlərlə gündəmə gəlmişdi. Analitiklər, bu son qərarların şirkəti maliyyə cəhətdən rahatlatsa da, uzunmüddətli perspektivdə müştəri sadiqliyini ciddi şəkildə zədələyəcəyini qeyd edirlər.
DÜNYADA BƏNZƏR TƏTBİQLƏR
Qeyd edək ki, dünyada əlavə oturacaq tətbiqi tamamilə yeni deyil və bəzi iri hava yolları şirkətləri tərəfindən artıq uzun müddətdir ki, istifadə olunur. Məsələn, "Air France" illərdir ki, bu praktikadan istifadə edir və əlavə yer alan sərnişinlərə reys boş olarsa, pulu geri qaytarır. "United Airlines" də bir oturacağa sığmayan sərnişinlərdən qonşu yeri almağı tələb edir və reys doludursa, onları növbəti səfərə yönləndirir. "Lufthansa" isə əlavə geniş sərnişinlər üçün əlavə yer almaq imkanı təklif etsə də, bunu məcburi etmir və daha çox rahatlıq üçün tövsiyə olunan bir xidmət kimi təqdim edir. "Hawaiian Airlines" isə sərnişinin təhlükəsizlik kəmərini bağlaya bilməməsi və ya oturacaq qollarının bağlanmaması hallarında əlavə oturacaq alınmasını şərt qoyur.
Oxucu Şərhləri
Şərh Yaz