Dünya 01.07.2025

KİM ÇEN ƏSGƏR TABUTUNA ƏYİLDİ: ŞOK GÖRÜNTÜLƏR

KİM ÇEN ƏSGƏR TABUTUNA ƏYİLDİ: ŞOK GÖRÜNTÜLƏR

Kim Çen In, Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan Şimali Koreya əsgərlərini anaraq, nadir hallarda ictimaiyyət qarşısında hörmət əlaməti göstərib. Lider ölkəyə gətirilmiş əsgər tabutlarının üzərinə əllərini qoyarkən görüntülənib.

Üzərləri ölkə bayrağı ilə örtülmüş, yarım on tabutun qarşısında duran Kim Çen Inın görüntüləri bazar günü Şimali Koreya ilə Rusiya arasında imzalanmış hərbi sazişin birinci ildönümü münasibətilə keçirilən qala tamaşasında nümayiş etdirilib.

Duyğusal Anlar

Şimali Koreya dövlət televiziyası KRT tərəfindən yayımlanan qala görüntülərində, Rusiya Mədəniyyət Naziri Olqa Lyubimova və qızı Kim Çu-e ilə birlikdə əyləşən Kim Çen Inın duyğusal anlar keçirdiyi görünüb. Tamaşaçıların göz yaşlarını sildiyi anlar da kameraya əks olunub.

Korea Herald qeyd edib ki, dövlət mediası ilk dəfə olaraq vətəndaşların da görə biləcəyi şəkildə Rusiyaya göndərilən əsgərlərin görüntülərini yayımlayıb.

Dövlət nəzarətindəki KCNA xəbər agentliyi bildirib ki, tədbir "iki ölkənin xalqları və orduları arasında qanla qurulmuş dostluq əlaqələrinə və səmimi beynəlxalq həmrəyliyə" olan inamı möhkəmləndirib.

Aprel ayında Rusiya prezidenti Vladimir Putin və Kim Çen In ilk dəfə Şimali Koreya əsgərlərinin döyüş bölgəsində olduğunu qəbul edərək, hər iki lider bu əsgərləri "qəhrəman" adlandırıb.

O vaxt Kim, Pxenxanda həlak olan əsgərlərin şərəfinə abidə ucaldılacağını və məzarlarına gül qoyulacağını bildirmişdi. Bu da rejimin əsgərlərinin münaqişələrdə həlak olduğunu ilk dəfə ictimaiyyətə açıq şəkildə qəbul etməsi demək idi.

Qardaş Ölkələrdən Sənətçilər

Şərqi Pxenxan Böyük Teatrında baş tutan tədbirdə, Şimali Koreyalı və rus sənətçilər birlikdə səhnə alıblar. Tamaşalarda, ötən ilin iyununda Kim və Rusiya prezidenti Vladimir Putinin Pxenxanda imzaladığı qarşılıqlı müdafiə paktı qeyd edilib.

Həlak olan əsgərlərin meyitləri ilə birlikdə Kimin yer aldığı səhnələr, iki ölkə əsgərlərinin milli bayraqlarını dalğalandırdığı görüntülərdən sonra nümayiş etdirilib. Bir fotoşəkildə isə, Rusiyanın Kursk vilayətindəki bir döyüş sahəsindən alındığı iddia edilən, qan ləkələri olan bir dəftərin səhifələri göstərilirdi. Bu dəftərin bir Şimali Koreya əsgərinə aid olduğu düşünülür.

Rəsmi Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayımlanan bir fotoşəkildə, Pxenxanda Şimali Koreyalı sənətçilərin səhnə aldığı bir tamaşa görünür. Göstəriyə, Rusiya Mədəniyyət Naziri Olqa Lyubimova, Şimali Koreya lideri Kim Çen In və qızı Kim Çu-e də qatılıb. KCNA-ya görə, Lyubimova, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Rusiya arasında imzalanan yeni sazişin birinci ildönümü münasibətilə Şimali Koreyaya səfər edir.

"Qərar Anı Nəhayət Gəldi"

Yonhap xəbər agentliyinə görə, dəftərdə bu ifadələr yer alırdı: "Qərar anı nəhayət gəldi və Əziz Ali Baş Komandanımızın bizə bəxş etdiyi sonsuz sevgi və etibar ilə bu müqəddəs müharibəni cəsarətlə davam etdirək."

Bu ifadələrin Kim Çen Ina istinad etdiyi düşünülür.

Fotoşəkillər Nə Vaxt Çəkilib?

Əsgərlərin meyitlərinin nə vaxt ölkəyə gətirildiyi dəqiq deyil. Kim Çen In və yanındakı səlahiyyətlilər, o cümlədən bacısı Kim Yo-conq və Xarici İşlər Naziri Çxoe Son-hvi, qış geyimlərində görünüblər. Bu da dəfn mərasiminin aylar əvvəl keçirilə biləcəyini düşündürür.

Aylar boyu Şimali Koreyalı əsgərlərin Rusiya sıralarında vuruşduğunu rədd edən Pxenxan rəhbərliyi, indi bu münaqişədəki roluna müsbət məna verməyə çalışır.

Koreya Milli Birləşmə İnstitutundan baş tədqiqatçı Honq Min, Yonhap-a verdiyi açıqlamada bunları deyib: "Şimali Koreya, həlak olan əsgərləri sadəcə bir itki deyil, eyni zamanda bir zəfər hekayəsinin bir hissəsi kimi təqdim etmək istəmiş ola bilər. Görüntülər, iki ölkənin əsgər yerləşdirməsini qəbul etməsindən sonra yayımlandı. Kursk bölgəsinin geri alınmasının müvəffəqiyyətli bir ortaq əməliyyat olaraq elan edilməsi də bununla üst-üstə düşür." Bu hadisələr ölkələr arasında diplomatik əlaqələr çərçivəsində qiymətləndirilə bilər.

Şimali Koreya Neçə Əsgər İtirdi?

Cənubi Koreyalı millət vəkillərinin aprel ayında verdiyi məlumata görə, Şimali Koreya ötən payızdan bu yana Rusiya-Ukrayna müharibəsinə təxminən 15 min əsgər göndərib. Bu əsgərlərdən təxminən 4 min 700-ü itkin düşüb, 600-ü isə həyatını itirib. Seulun kəşfiyyat təşkilatı, iyul və ya avqustda yeni əsgər göndərişlərinin ola biləcəyini iddia edib.

Şimali Koreya həmçinin Rusiyaya böyük miqdarda sursat, top gülləsi, ballistik raket və digər silahlar göndərib. Əvəzində Kreml tərəfindən silah və peyk texnologiyası, iqtisadi yardım və digər dəstəklər aldığı bildirilir.

24 saat