Nəhəng Buzdağı A23a-nın Hərəkəti Dünya üçün Həyəcan Təbili Çalır
Dünyanın ən böyük buzdağı olan A23a, ilk dəfə 1986-cı ildə Antarktikadan qopmuşdu. O vaxtdan bəri kiçilsə də, hələ də 3.600 kvadratkilometr ərazini əhatə edir – bu, təxminən İstanbulun dörddə birinə bərabər bir sahədir. Son aylarda bu nəhəng buz kütləsindən irəli gələn parçalar okeana düşməyə başlayıb.
Alimlərdən Təhlükəli Xəbərdarlıq
Avstraliya Milli Universitetinin "Nature" jurnalında dərc etdiyi hesabatda qeyd olunur ki, A23a-nın səthində su gölməçələri yaranıb. Bu vəziyyət, struktur parçalanmasını sürətləndirərək bölgədəki ərimənin gözləntiləri aşdığını ortaya qoyur. Tədqiqatın əsas müəllifi, professor Nerilie Abram vurğulayıb: "Antarktikada buz, okeanlar və ekosistemlərdə sürətli dəyişikliklər artıq müşahidə edilir. Qlobal istiləşmədə hər bir dərəcəlik artım bu prosesi daha da dərinləşdirəcək. Bu çökmə gələcək nəsillər üçün fəlakət deməkdir."
Cənubi Corciya Adasına Təhdid
Hazırda A23a-nın marşrutu Cənubi Corciya adasını təhdid edir. Bu ada pinqvinlər, suitilər, dəniz quşları və miqrant balinalar üçün həyati əhəmiyyətli yaşayış yeridir. Əgər nəhəng buz parçası adanın sahillərinə yan alarsa, bu canlıların qida mənbələrinə çıxışı ciddi şəkildə məhdudlaşa bilər.
Mütəxəssislərdən Şərhlər və Proqnozlar
Cənubi Corciya sahillərində xidmət edən dəniz kapitanı Simon Wallace BBC-yə açıqlamasında deyib: "Bu cür buz kütlələri təbiətinə görə təhlükəlidir. Əgər bizə toxunmadan keçsə, çox sevinəcəyəm." Böyük Britaniya Antarktika Tədqiqatları Mərkəzinin okeanoqrafı Dr. Andrew Meijers qeyd edib ki, nəhəng buz kütləsi aylardır sualtı dağın ətrafında "sıxışıb qalmış" vəziyyətdə fırlanırdı, lakin indi cərəyanlarla birlikdə Cənubi Corciya istiqamətində hərəkət edir. Meijers sözlərinə əlavə edib: "Peyk görüntülərinə görə, onun quruluşu hələ də bütövlüyünü qoruyur, hələ ki kiçik hissələrə ayrılmayıb. Lakin cərəyanlar onu yenidən adaya doğru sürükləyə bilər. Əgər qitə şelfinə otursa, uzun müddət orada qala bilər və adadakı canlıların yaşayış sahələrini təhdid edə bilər."
Oxucu Şərhləri
Şərh Yaz