Gündəm 14.07.2025

Mağarada yeddi il yaşayan ana və qızları tapıldı

Mağarada yeddi il yaşayan ana və qızları tapıldı

Təhlükəsizlik qüvvələrinin aşkar etdiyi 40 yaşlı Nina Kutina, vizasının müddəti bitsə də, ölkədə qalaraq uşaqları ilə birlikdə təbiət şəraitində sağ qalmağı bacarıb. Rəsmilərin verdiyi məlumata görə, Kutina 2017-ci ildə Hindistana iş vizası ilə daxil olub. Viza müddəti bitdikdən sonra müəyyən müddət ölkə xaricinə çıxan Kutina, 2018-ci ildə yenidən Hindistana qayıdaraq bu dəfə meşəlik ərazidə inzivaya çəkilib. Qadın Qoadan Qokarnaya keçərək tək qalmaq və meditasiya etmək məqsədilə Ramatirtha Təpəsi yaxınlığındakı bir mağarada yaşamağa başlayıb.

Plastik Örtüklərdə Yuxu, Makaronla Qidalanma

Polisin meşədə həyata keçirdiyi patrul zamanı aşkar edilən ailə, ilk mərhələdə təxminən iki həftə tamamilə təcrid olunmuş vəziyyətdə olub. Mağaranın içində plastik örtüklərdən qurulmuş sadə bir sığınacaqda yaşayan Kutina və uşaqları, əsasən hazır makaronla qidalandıqlarını bildiriblər. Mağaranın içinə yerləşdirdiyi müqəddəs bir heykəl müşayiəti ilə günlərini dua və meditasiya ilə keçirdiyini deyən Kutina, mağaranı öz dediyi kimi "ruhani bir məkan"a çevirmişdi.

Yerli Əhalinin Məlumatı və Həyəcan Təbili

Yerli əhali ailənin bölgədə yaşadığını bilsə də, onların həqiqi həyat şəraitindən xəbərsiz idi. Qadın pasport və viza sənədlərini itirdiyini desə də, təhlükəsizlik qüvvələri həmin sənədləri mağaranın yaxınlığında tapıb. Rəsmilər Kutinanın niyyətinin mənəvi olduğunu qəbul etsələr də, xüsusilə uşaqların təhlükəsizliyi baxımından böyük narahatlıq keçirdiklərini bəyan ediblər.

Ailənin Yeni Sığınacağı və Başlanan Araşdırma

Polis əməkdaşları, bölgənin təhlükəli olması səbəbindən Kutinanı razı salaraq üç nəfərlik ailəni meşədən çıxarıb təhlükəsiz bir yerə aparıblar. Kutinanın istəyi ilə ailə, Kumta bölgəsindəki bir monastıra yerləşdirilib.

Kutinanın yeddi il ərzində necə sağ qalması, bu qərarı niyə verməsi və uşaqların bu müddətdə nə kimi çətinliklər yaşaması ilə bağlı genişmiqyaslı istintaqa başlanılıb. Hindistan səlahiyyətliləri, hadisənin həm miqrasiya və viza pozuntusu aspektini, həm də uşaqların rifahı ilə bağlı insani tərəfini araşdırırlar.

24 saat