Beşiktaşın təcrübəli qapıçısı Mert Günok komandanın kapitanlığını özü üçün böyük bir şərəf saydığını bildirib və əhəmiyyətli açıqlamalar verib. Avstriya düşərgəsində Demirören Haber Ajansı-na müsahibə verən Mert Günok, klubun son iki uğursuz mövsümünü dəyərləndirib. Baş məşqçi dəyişikliklərinin yaratdığı problemlərlə yanaşı, böyük oyunlarda nümayiş etdirdikləri konsentrasiyanı digər matçlarda göstərə bilmədiklərini vurğulayan Günok, Beşiktaş azarkeşlərinin reaksiyalarını haqlı hesab edib və "Düşdüyümüz yerdən qalxmağı bilməliyik" deyib. Təcrübəli qapıçı bu mövsüm mütləq çempionluq mübarizəsində olacaqlarını ifadə edib.
“Ötən mövsüm güclü qala bilmədik”
Keçən mövsüm xüsusilə müdafiə xəttindəki zədələrin onları çox təsir etdiyini bildirən 36 yaşlı qapıçı deyib: “Ötən mövsüm eyni heyətlə meydana çıxa bilmədik. Mövsüm ərzində daim dəyişikliklər oldu. Əlbəttə ki, burada zədələrin də əsas amil olduğunu deyə bilərəm. Xüsusilə müdafiə xəttində Paulista və Feliksin, eləcə də digər oyunçuların bəzən zədələnməsi bizi daimi dəyişikliklər etməyə məcbur etdi. Bu, əlbəttə ki, müsbət təsir yaratmır, əksinə, daha çox mənfi təsir göstərir. Bu da oyuna yansıyır. Bəzi oyunlarda çox təsirli olduğumuz söylənilə bilməz. Bu səbəbdən bir çox pis amillərlə mübarizə apardıq. Lakin dediyiniz kimi, mövsümü çempion olan komandadan sonra ən az qol buraxan komanda kimi başa vurduq. Buna bəzən fərdi performanslar, bəzən də komanda olaraq müdafiə baxımından yaxşı dayandığımız anlar səbəb oldu. Sol və sağ cinah müdafiəçilərimizin mərkəz müdafiəçisi kimi oynadığı vaxtlar oldu. Bu mövqe dəyişikliklərində belə, hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Müdafiə baxımından müəyyən dərəcədə müsbət şeylər nümayiş etdirdik. Lakin hücum baxımından çatışmazlıqlarımız oldu. Xüsusilə evdə oynadığımız matçlarda qolu erkən vurub oyunu qopara bilmədik. Bu da böyük komanda üçün vacib amildir. Xüsusilə evdə oynadığımız matçlarda erkən qol vurub oyunu qoparmalı idik. Bunu tam olaraq edə bilmədiyimizi deyə bilərəm. Hücum baxımından ötən il çox güclü qala bilmədik.”
“Azarkeş mübarizə görmək istəyir”
Evdəki azarkeş təzyiqini haqlı hesab etdiyini bildirən təcrübəli qapıçı qeyd edib: “Beşiktaş azarkeşləri əllərindən gələni edirlər. Pis getməyimizə baxmayaraq, stadionu demək olar ki, dolduraraq bizə dəstək verirlər. Heç vaxt bizdən dəstəklərini əsirgəmədilər. Bu baxımdan onlar hər zaman xüsusi bir yerə qoyula bilər. Əlbəttə ki, bizdən tələbləri çoxdur. Mübarizə görmək istəyirlər. Komandanın matçı domine etdiyini görmək istəyirlər. Bu istəklər oyun baxımından reallaşmayanda, əlbəttə ki, haqlı olaraq reaksiyalar olur. Bunu heç cür tənqid edə bilmərəm. Bir nöqtədə haqlıdırlar. Hamımızdan daha çox tələbləri var. Bunu aşmaq üçün iki ildir komandanın pis getməsinə baxmayaraq dəstəklərini əsirgəmədikləri üçün bu il onlara borcumuz var. Onlar əlbəttə ki, dəstəklərini əsirgəməyəcəklər. Biz də bu il mövsümün əvvəlindən həm meydandakı mübarizəmizlə, həm də evdəki matçları domine etməklə cavab vermək istəyirik.”
“Düşdüyümüz yerdən çıxmağı bacarmalıyıq”
Qara-ağlı komandanın kapitanlarından biri olan Mert Günok çempionluqla bağlı verilən suala birmənalı cavab verib. Beşiktaşın çempionluq şüarı ilə yola çıxacağını bildirən Günok, sözlərini belə davam etdirib:
“Əlbəttə ki, olacaq. Bu sualın başqa cavabı yoxdur. Biz Beşiktaş olaraq çempionluq şüarı ilə yola çıxırıq. Bu il də çempionluq şüarı ilə yola çıxacağıq. Son iki mövsümün pis keçməsi bu həqiqəti dəyişə bilməz. Hər zaman düşdüyümüz yerdən çıxmağı bacarmalıyıq. Bu il iki yeni transferimiz gəldi. Daha çoxunun da gələcəyi danışılır. Keyfiyyətli transferlərimiz oldu. Bu səbəbdən bu il çempionluğun bir nömrəli favoriti kimi mövsümə başlamaq istəyirik. Bunun üçün mövsümə də erkən başlayırıq. Qarşımızda bir də Avropa sərgüzəşti olacaq. Erkən yol alıb uğurlu davam etmək istəyirik.”