Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin NATO Liderlər Zirvəsində sərgilədiyi passiv mövqe və təklənmiş görünüşü, ölkədə həm siyasi arenada, həm də ictimaiyyətdə böyük narazılıqla qarşılanıb.
Baş nazirin NATO Zirvəsindəki Tək Görünüşü
Zirvədən yayılan görüntülərdə hökumət başçısının digər liderlərlə göz təması qurmaqda çətinlik çəkdiyi, bir çox anı təkbaşına keçirdiyi diqqət çəkib. Xüsusilə, ABŞ prezidenti Donald Trampla yan-yana getdiyi anlarda Trampın onu tamamilə görməzdən gəlməsi, Yunan mətbuatında "Yunanıstan NATO-da təkləndimi?" sualını gündəmə gətirib.
Ölkənin aparıcı media platformalarında bir çox liderin səmimi dialoqlar və fəal təmaslar qurduğu zirvədə cənab Miçotakisin nə danışıqlara qoşula bilmədiyi, nə də diplomatik çeviklik göstərə bilmədiyi qeyd edilib. Alman siyasətçisi Fridrix Merzlə arasında olan məsafəli duruş da kameralara yansıyıb. Sosial mediada geniş yayılan görüntülərdə Yunanıstan istifadəçiləri Baş naziri "fiqurant" kimi davranmaqda ittiham edib. Paylaşımlarda, "Sanki nəfəs almadan əvvəl belə göstəriş gözləyir" şərhləri üstünlük təşkil edib.
Afinada Daxili Siyasi Gərginlik
Baş nazirin bu passiv görüntüsünə ölkənin əsas müxalifət partiyası SYRIZA-dan sərt reaksiya gəldi. Partiya sözçüsü, "Yunan dövləti beynəlxalq səhnədə heç vaxt bu qədər solğun bir fiqura sahib olmamışdı" deyərkən, digər bir partiya olan PASOK-un lideri Nikos Androulakis isə "Yunan diplomatiyasının ənənəvi aktiv kimliyini itirməsi narahatlıq doğurur" ifadələrini işlədib. "Hökumət başçısı öz qərarlarını belə başqalarının təlqinləri ilə verir" şərhləri sosial mediada böyük təsir yaradıb.
Türkiyənin Artan Təsiri Yunanıstanı Narahat Edir
Zirvə ərəfəsində Türkiyə ilə Liviya arasında imzalanan yeni enerji əməkdaşlığı müqaviləsi də Afinada narahatlıq yaradıb. Türkiyə Neft Anonim Ortaklığı (TPAO) və Liviya Milli Neft Şirkətinin (NOC) Aralıq dənizindəki dörd sahədə birgə işləmə qərarı Yunan mətbuatında "geosiyasi kabus" kimi qiymətləndirilib. Kiryakos Miçotakis bu anlaşmanı Brüsselə daşıyaraq Aİ-dən 2019-cu il bəyanatına bənzər şəkildə bu müqavilənin "hüquqazidd" elan edilməsini istəyib. Diplomatik kulislərdə Afinanın artıq bölgədə fəal bir aktor olmaqdan uzaqlaşdığı və Türkiyənin artan təsirinin qarşısında ölkənin təkləndiyi şərhləri səslənir.
Baş nazirlik Aparatı Səssizliyi Qoruyur
Baş nazirlik cəbhəsindən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib, lakin hökumətə yaxın mənbələr bu görüntülərin "şişirdildiyini" və Baş nazirin "göstərişsiz, lakin məqsədyönlü bir diplomatiya" yürütdüyünü müdafiə ediblər. Lakin ictimaiyyətdəki qavrayış bunun tam əksidir.