Gündəm 30.09.2025

Müharibənin ortasındakı nüvə stansiyası: Fəlakət qapıda

Müharibənin ortasındakı nüvə stansiyası: Fəlakət qapıda
Rusiyanın işğalı altında olan Ukraynanın cənub-şərqində yerləşən nəhəng Zaporijya Nüvə Elektrik Stansiyası addım-addım faciəyə doğru sürüşür. Cəbhə xəttində, artilleriya atəşlərinin davamlı olduğu ərazidə yerləşən stansiyanın yüksək gərginlik xəttinin sıradan çıxması, fəaliyyəti dayandırılmış reaktorlarda yanacaq çubuqlarının soyudulması üçün vacib olan sistemin çökməsi təhlükəsini artırıb. Çərşənbə günündən etibarən Zaporijya Nüvə Elektrik Stansiyası yalnız ehtiyat dizel generatorları vasitəsilə soyudulur. Rusiyadakı yanacaq çatışmazlığı və generatorların köhnə olması isə bu nüvə fəlakəti riskini daha da sürətləndirir.

GƏLƏCƏK TƏHLÜKƏNİN İŞARƏLƏRİ

Zaporijya Nüvə Elektrik Stansiyası 2022-ci ildə Rusiya ordusunun işğalından sonra Ukrayna və Rusiya cəbhə xətlərinin tam ortasında qalıb. Bu müddət ərzində davamlı artilleriya atəşləri və toqquşmalar səbəbindən aktiv nüvəni soyutmaq üçün zəruri olan elektrik xətləri bir-bir kəsilib. İllər boyu davam edən döyüşlərdə 10 elektrik xəttindən səkkizi sıradan çıxıb, qalan iki xətt isə yalnız Ukraynanın nəzarətində olan ərazilərdən enerji təmin edirdi. Bunlardan biri keçən may ayında tamamilə işlək vəziyyətdən çıxmış, sonuncu xətt isə çərşənbə günü qırılıb. İşğalla birlikdə stansiya işçilərinə qarşı təzyiqlər, hətta işgəncələr tətbiq edildiyi iddia edilir. Artan stres insan səhvi riskini də böyüdür. 2023-cü ildə bəndin dağılması ilə əsas soyutma mənbəyi itdi və stansiya kiçik bir hovuza və quyulara möhtac qaldı.

RUSİYA VƏ UKRAYNA BİR-BİRİNİ GÜNAHLANDIRIR

Moskva, nüvə stansiyasının soyutma mexanizmini qidalandıran xəttin Ukrayna artilleriyası tərəfindən vurulduğunu və təmirinin qeyri-mümkün olduğunu bildirərkən, Kiyev bu iddiaları rədd edir. Ukrayna tərəfi, Rusiyanın qapıdakı nüvə fəlakəti böhranını stansiyanı öz elektrik şəbəkəsinə bağlamaq üçün bəhanə etdiyini iddia edir. Rəsmi şəxslər vəziyyətin təcili ərimə və ya partlayış riski daşımadığını, lakin təhlükəsizlik qatlarının getdikcə zəiflədiyini qeyd edirlər. Nüvə enerjisi mütəxəssisləri, yaxın günlərdə nüvə əriməsinin mümkün olduğunu vurğulayır və təcili həll yolları tapmağa çağırırlar.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz