“Toplum TV işi” üzrə ifadə: Əli Zeynalın siyasi mübarizəsi
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. İş üzrə təqsirləndirilən şəxs qismində tanınan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal ifadə verib. O, çıxışının qanun və ədalət naminə olduğunu bildirsə də, qarşısında qanunun aliliyini əsas tutan məhkəmə heyətinin və dövlət ittihamçısının olmadığını qeyd edib. Bu səbəbdən çıxışının tarixə qeyd düşmək naminə edildiyini vurğulayıb.
Gənclik illərindən siyasi fəaliyyətə
Əli Zeynal ictimai-siyasi həyatına 2014-cü ildə, 18 yaşı tamam olduqdan sonra NİDA Vətəndaş Hərəkatına üzv olmaqla başladığını qeyd edib. O, məktəbli yaşlarından NİDA və digər gənclər təşkilatlarının rəhbərlik etdiyi etiraz aksiyalarında iştirak etdiyini bildirib. Bu etirazların səbəbləri kimi Azərbaycanda insan hüquqlarının pozulması, ifadə azadlığının boğulması, ölkədəki inhisarçılıq, korrupsiya, eləcə də gənc əsgərlərin məmur özbaşınalığı ucbatından həlak olmasını göstərib.
Əlavə səbəb kimi, hökumətin gənc fəallara qarşı repressiya dalğasının başlamasını, azad ruhlu gənclərin haqsız yerə həbs olunmasını dilə gətirib. Əli Zeynal bu gənclərin yerlərinin boş qalmaması üçün növbəti həbs dalğasına düşmək istəyini ifadə edib. O, 10 il sonra, yəni hazırkı repressiya dalğasında siyasi məhbus olmasının qismətinə düşdüyünü bildirib. Bu dəfə dostlarının və əqidə yoldaşlarının yanında olmasından mənəvi rahatlıq duyduğunu vurğulayıb.
Zeynal, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova kimi həmkarlarının, İlkin Əmrahov, Ramil Babayev, Akif Qurbanov, Ruslan İzzətli, Müşfiq Cabbar, Fərid İsmayılov və Ələsgər Məmmədli kimi “cinayətkar” dostlarının həbsdə olduğu halda, özünün azadlıqda qalmasının onun üçün mənəvi cəhətdən daha çətin olacağını deyib. O, "Abzasçılar" həbs olunanda bənzər hissləri yaşadığını və kaş 2-3 ay əvvəl həbs olunub Sevinclə, Ülvi ilə eyni günlərdə dustaq düşə biləydi deyə təəssüf hissini ifadə edib.
Jurnalistikaya keçid və həbsin səbəbləri
Siyasi fəaliyyətinin 2020-ci il parlament seçkilərində namizədlik də daxil olmaqla müxtəlif istiqamətlərinin olduğunu bildirən Əli Zeynal, 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun jurnalistika təlimlərinə qatılaraq bu sahəyə keçdiyini qeyd edib. O, Ələsgər Məmmədli və Akif Qurbanovun onun jurnalistikaya gəlişində mühüm rol oynadığını vurğulayıb və Akif Qurbanovun ən yaxın dostlarından birinə çevrildiyini bildirib. İlkin Əmrahov və Ramil Babayev kimi gənc dostlarının da bu siyahıya daxil olduğunu söyləyib.
Əli Zeynal həbslərinin əsas səbəblərindən birinin İlham Əliyevin qısqanclığı olduğunu iddia edib. O, prezidentin ətrafında bizimki kimi möhkəm iradəli insanlar və səmimi dostluq münasibətləri olmadığını, ətrafındakı hər kəsin ona puluna, gücünə və vəzifəsinə görə "hörmət etdiyini" bildiyini və bu səbəbdən onların kimi insanları görməyə dözə bilmədiyini deyib.
Zeynal, sifarişli həbslərinin səbəbini "Qurama Hökumət Təşkilatı" deyil, həqiqi Qeyri-Hökumət Təşkilatı kimi fəaliyyət göstərmələri ilə izah edib. O, hakimiyyəti dövləti şəxsi biznesləri kimi qəbul edən inhisarçı biznesmenlər dəstəsi adlandırıb. Onun sözlərinə görə, bu şəxslər şəffaflığı və hesabatlılığı öz biznesləri üçün gəlir itkisi saydığına görə demokratiya və insan haqları tələb etməyi terrorçuluğa bərabər tuturlar. Həqiqi QHT və bitərəf media bu inhisarçıların hədəfinə çevrilir.
“Daxili düşmən” obrazı və Qərbə inteqrasiya
Təqsirləndirilən şəxs hakimiyyətin onları “daxili düşmən”, Qərb sivilizasiyasını isə “xarici düşmən” obrazı kimi təqdim etdiyini söyləyib. O, Qərbə inteqrasiyaya müsbət yanaşılmamasının səbəbini Qərbin müstəqil məhkəmə, vətəndaş cəmiyyəti və azad media, şəffaf seçkilər kimi tələblərinin olmasında görüb. Zeynal hesab edir ki, hakimiyyətdəkilər müstəqil məhkəmənin ilk növbədə onları mühakimə edəcəyini, müstəqil medianın isə onların qanunsuz əməllərini işıqlandıracağını bilirlər. Məhz bu səbəbdən Türkmənistana inteqrasiyanı dövlət siyasəti elan ediblər. Digər tərəfdən, mədəni dünyadan təcrid olunmuş görünməmək üçün Avropaya qaz tədarükünü artıraraq Qərbi şantaj etməyə çalışırlar.
O, demokratiyanın bölgəyə gəlməsinin ən böyük qorxuları olduğunu və bunun üçün "region məsələlərini region ölkələri özləri həll etsin" tezisindən çıxış etdiklərini bildirib. Əli Zeynal hakimiyyətin "Almaniya dağılır" xəbərlərini yayan AzTV müxbirlərinin Brüsseldən Aİ-ni tənqid edə bilməsi ilə Moskvadan Rusiya ilə bağlı qorxusundan danışa bilməyən müxbirlərini müqayisə edərək ifadə azadlığının dəyərini izah edib.
Hakimiyyətdəkilərin ölkəni mütərəqqi dünyadan uzaq tutmaq üçün “Onlar islam düşmənidir” və “Türk düşmənidirlər” kimi iki bəhanə gətirdiyini deyib. Lakin o, Avropanın İsraildən və ya uyğurları assimilyasiya edən Çindən daha artıq düşmən olmadığını soruşaraq, bu arqumentlərin əsassızlığını vurğulayıb. Əli Zeynal Niderlanda qarşı "COP29 sədri kimi Aİ-dən iqlim fəalı Qretanın aksiyada saxlanmamasını tələb edirik" bəyanatını misal çəkərək, eyni zamanda Donald Trampın ABŞ-ni Paris İqlim Sazişindən çıxarmasına səssiz qalmalarını riyakarlıq adlandırıb.
Diktatura və gələcək perspektiv
Əliyev rejiminin dünyada insan haqları təşkilatlarının, xüsusilə İnsan Haqları üzrə Avropa Məhkəməsinin mövcud olmadığı, hər kəsin pulla satın alına bildiyi bir yer kürəsi görmək istədiyini deyib. Azərbaycanda isə yalnız Bakının mərkəzini bəzəyib xarici qonaqlarda "inkişaf edirlər" təəssüratı yaratmaqla, yəni "üstü bəzək..." siyasəti yeritdiklərini bildirib. O, bu bəzəyin altında Bakının mərkəzindən kənarda su basan evlərin, bölgələrdə yoxsulluqdan narkotik aludəçisinə çevrilmiş yüz minlərin, ölkədən qaçmaq üçün fürsət axtaran gəncliyin olduğunu vurğulayıb.
Zeynal, son həbslər dalğası ilə avtoritar rejimdən totalitar rejimə, neft diktaturasına keçidin elan edildiyini iddia edib. Diktaturalarda xalqın deyil, rəiyyətin, satış üçün bazar olan, ikinci növ sayılan insanlar toplusunun mövcud olduğunu deyib. Belə rejimlərdə hüquq olmadığı üçün Söyüdlü hadisələri kimi olayların baş verdiyini, lakin təəssüf ki, artıq bu hadisələri ictimailəşdirəcək müstəqil media və vətəndaş cəmiyyətinin qalmadığını ifadə edib. Nəticə etibarı ilə, tamah niyyəti ilə qabaqcadan əlbir olmuş mütəşəkkil cinayətkar dəstənin onların həbsinin siyasi sifarişini verənlər olduğunu bəyan edib.
Oxucu Şərhləri
Şərh Yaz