Həbsdə olan iqtisadçı
Fazil Qasımov Baş Prokurorluğa rəsmi müraciət ünvanlayaraq, özünə qarşı açılmış cinayət işi üzrə istintaq zamanı sübutların saxtalaşdırıldığını iddia edib. İqtisadçının qardaşı Nazim Qasımovun "Toplum TV" ilə bölüşdüyü 12 noyabr tarixli ərizədə
Fazil Qasımov müstəntiqin qanunsuz hərəkətlərinə diqqət çəkib.
Sübutların saxtalaşdırılması iddiaları
Fazil Qasımov bildirir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi
Yusif Yusifov 27 iyul 2023-cü il tarixli "pul vəsaitinin depozit hesabına təhvil verilməsi barədə" qərarında gələcək tarixlərdə (05.08.2023, 07.08.2023, 08.08.2023) baş vermiş hadisələr barədə məlumatlara yer verib. Həmçinin, həmin qərarda cinayət işi üzrə məsuliyyətə cəlb edilmiş Anar Şahismayıl oğlu Əliyevin 31 iyul 2023-cü il tarixdə verdiyi ifadəsinə istinad edilib.
Fazil Qasımov bu faktın qərarın 27 iyul 2023-cü il tarixdə qəbul edilmədiyini, müstəntiq
Yusif Yusifovun sənədi köhnə tarixlə rəsmiləşdirdiyini sübut etdiyini vurğulayır.
İqtisadçı müstəntiqin bu addımını qanunvericiliklə izah edib. Qanuna əsasən, cinayət təqibi çərçivəsində milli və ya xarici valyuta ilə nağd pullara baxış keçirildikdən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 gündən gec olmayaraq cinayət prosesini aparan orqan onları dövlət bankına təhvil verməlidir.
Fazil Qasımovun sözlərinə görə,
Yusif Yusifov Anar Şahismayıl oğlu Əliyevin üzərindən və yaşadığı ünvandan pul əskinasları götürüldükdən 7 gün sonrakı tarixi – 27 iyul 2023-cü ili "pul vəsaitinin depozit hesabına təhvil verilməsi barədə" qərarın tarixi olaraq göstərib.
Müstəntiqə qarşı cinayət məsuliyyəti tələbi
Fazil Qasımov qeyd edib ki, xüsusilə ağır cinayətlərə dair sübutların saxtalaşdırılması müstəntiq üçün cinayət məsuliyyətinə səbəb olur. O, Baş Prokurorluqdan müstəntiq
Yusif Yusifov tərəfindən köhnə tarixli qərar qəbul edilərək cinayət işi üzrə sübutların saxtalaşdırılmasına hüquqi qiymət verilməsini tələb edir.
Fazil Qasımov və Qubad İbadoğlu işi
İqtisadçı
Qubad İbadoğlunun işi ilə əlaqədar 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən
Fazil Qasımov bu ilin martında 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin satış məqsədilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma, həmçinin bu əməllərin mütəşəkkil dəstə tərəfindən törədilməsi maddələri ilə ittiham olunub.
Fazil Qasımov irəli sürülən ittihamları rədd edir.
Qubad İbadoğlu isə 2023-cü ilin iyulunda həbs olunub. O, satış məqsədi ilə saxta pul və ya xarici valyuta əldə etmə və ya satma, eləcə də dini xarakterli
ekstremist materiallar hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham edilir.
Qubad İbadoğlu da ittihamları qəbul etmir. Bu ilin aprelində o, ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri dəyişdirilərək polis nəzarətinə verilib.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz