LİSENZİYASI LƏĞV EDİLDİ, TƏSİSÇİ HƏBS OLUNDU
Hindistanda son aylarda ən azı 24 uşağın ölümünə səbəb olan zehərli öskürək şərbəti qalmaqalında, dərman təchizat zəncirindəki ciddi təhlükəsizlik pozuntuları və nəzarət boşluqları diqqət mərkəzinə düşüb. Reuters agentliyinin əldə etdiyi istintaq məlumatlarına görə, səlahiyyətli orqanlar ölümlərə yol açan "Coldrif" adlı şərbətin istehsalında istifadə olunan farmasevtik həlledici Propilen qlikolun (PQ) təchizat mərhələsində sənaye toksini Dietilen qlikol (DEQ) ilə çirklənmiş ola biləcəyini araşdırır. Təchizatçı şirkətlərin dərman keyfiyyətindəki komponentləri möhürsüz qablaşdırmada yenidən paketləməsi və dərman lisenziyası olmayan vasitəçilərdən istifadə etməsi kimi qlobal təhlükəsizlik standartlarını pozan təcrübələr 50 milyard dollarlıq Hindistan dərman sektorundakı keyfiyyət böhranını bir daha üzə çıxarıb. Şərbəti istehsal edən "Sresan Pharmaceutical Manufacturer" şirkətinin lisenziyası ləğv edilib, təsisçisi isə həbs olunub.
SİSTEMDƏKİ ÇATLAQLAR
Bu faciə, 2022-2023-cü illərdə Afrika və Mərkəzi Asiyada Hindistan istehsalı şərbətlərdən 140-dan çox uşağın ölümündən sonra Yeni Dehlinin "keyfiyyətə nəzarəti yaxşılaşdırma" vədlərinin nə qədər yetərsiz qaldığını acı bir şəkildə nümayiş etdirir. Baş verən yeni ölümlər Hindistanın həyati əhəmiyyətli dərman sektorunun əsas sütunlarında çürüməyə işarə edən üç kritik problemi aşkara çıxarır:
1. Təchizat Zəncirində Nəzarətsizlik və Qeyri-qanuni Yollar
BƏZİ MADDƏLƏRİN DİSTRİBYUTORLARI LİSENZİYASIZ ÇIXDI!
İstintaq, toksinlə çirklənmənin (aktiv maddəyə sənaye tipli bir toksinin qarışması) mənbəyini göstərərkən, əsas təhlükəsizlik pozuntusunu üzə çıxarır: Şərbətin aktiv komponentlərini həll etmək üçün istifadə olunan PQ həlledicisi vasitəçi kimyəvi distribyutorlar vasitəsilə əldə edilib. Bu vasitəçilərin ("Jinkushal Aroma" və "Sunrise Biotech") farmasevtika dərəcəli komponentləri emal etmək üçün lisenziyası yoxdur. Daha da pisi odur ki, kimyəvi maddəni Cənubi Kore istehsalçısından alan "Jinkushal" şirkəti möhürlü çəlləyi açaraq kimyəvi maddəni yenidən qablaşdırıb, "Sunrise" şirkəti də məhsulu "Sresan"a təhlükəsizlik möhürü olmayan qablarla təhvil verərək çirklənmə üçün zəmin yaradıb. Sektorda bu cür komponentlərin möhürlü qablarda təhvili əsas təhlükəsizlik təcrübəsi olduğu halda, bu tətbiqin nəzərə alınmaması "Coldrif" şərbətinin taleyini müəyyən edən kritik bir laqeydlik zənciri yaradıb. Bu hallar, dərman təchizat zəncirindəki ciddi çatışmazlıqları bir daha gündəmə gətirir.
2. XRONİK NƏZARƏT ZƏİFLİYİ
NƏZARƏT ZƏİFLİYİ VƏ MƏNFƏƏT HİRSİ: ÖSKÜRƏK ŞƏRBƏTİNDƏN UŞAQ ÖLÜMLƏRİNƏ QƏDƏR...
Ölən uşaqların və ailələrin təhlükəsizliyini təhdid edən ən böyük ikinci problem nəzarət sistemindəki dərin zəiflikdir. Daha əvvəl məhsullarındakı problemlər səbəbindən 2020 və 2022-ci illərdə təsisçisi həbs olunan "Sresan" şirkətinin illik yoxlama tələbinə baxmayaraq, 2023-cü ildən bəri təftiş edilmədiyi üzə çıxıb. Ölümlərdən sonra aparılan yoxlamada isə fabrikdə "antisanitar şəraitdə saxlama" və "məlumatların təhrif edilməsi" daxil olmaqla yüzlərlə "kritik" pozuntu aşkarlanıb. Bu vəziyyət, əvvəlki pozuntuları olan bir şirkətin belə müntəzəm nəzarət mexanizmlərindən yayına bildiyini göstərir. Keyfiyyət təminatının yalnız kağız üzərində qaldığı bu mühitdə, daha bahalı PQ əvəzinə daha ucuz sənaye toksini DEQ-in (bəzi hallarda qəsdən, bəzi hallarda isə səhlənkarlıq nəticəsində) dərmanlara qarışması təəccüblü deyil.
3. İCTİMAİ SAĞLAMLIQ BÖHRANI VƏ QLOBAL ETİBAR
Baş verən bu yeni ölümlər Hindistanın qlobal "dünyanın apteki" nüfuzunu daha da sarsıdır. Hökumətin 2023-cü il böhranından sonra verdiyi vədlərə baxmayaraq, mövcud qalmaqalın kökündə dayanan nəzarət çatışmazlıqları və təchizat zəncirindəki qeyri-qanuni yollar həll olunmayana qədər bu faciələrin təkrarlanması qaçılmaz görünür. Dərman sektorunun nəhəng ölçüsü və mürəkkəbliyi nəzərə alındıqda, mərkəzi nəzarət orqanlarının (CDSCO) bu cür insan ölümlərinə səbəb olan əsas təhlükəsizlik pozuntularının qarşısını almada yetərsizliyi, Hindistanın səhiyyə və dərman idarəçiliyi üçün təcili və hərtərəfli yenidən baxış zərurətini ortaya qoyur. Zehərli öskürək şərbəti ilə bağlı yaranan bu böhran, ölkənin beynəlxalq etibarını ciddi şəkildə zədələyir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz