Gündəm 21.11.2025

Oliqarx məmurlar subsidiyalardan daha çox alır

Oliqarx məmurlar subsidiyalardan daha çox alır

2026-cı il üçün kənd təsərrüfatı subsidiyaları və nazir Məcnun Məmmədovun açıqlaması

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov gələn il (2026-cı il) üçün əkin subsidiyasına 290 milyon manat ayrılacağını bəyan edib. Nazir bu məlumatı noyabrın 13-də parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı səsləndirib. Onun hesablamalarına görə, bu məbləğ cari ilin büdcəsi ilə müqayisədə 6 milyon manat və ya 2 faiz azdır. Lakin 2024-cü illə müqayisədə 16 milyon manat və ya 5,8 faiz çoxdur.

Fermerlərin çətinlikləri və subsidiyaların vaxtında ödənilməsi problemi

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Azərbaycanda kənd təsərrüfatı subsidiyalarının verilməsi prosesində ciddi problemlərin olduğunu bildirib. Onun sözlərinə görə, fermerlər ilboyu zəhmət çəkərək əldə etdikləri gəliri yalnız sosial ehtiyaclarını qarşılamağa güclə çatdırırlar. Nəticədə növbəti əkin mövsümü üçün investisiya etməyə imkanları qalmır. Ekspert hesab edir ki, dövlət fermerlərə subsidiyanı əkindən əvvəl ödəməlidir. Əkin sahəsinin dəqiq ölçüsü məlum olmadığı təqdirdə, əvvəlki ilin göstəriciləri əsas götürülə bilər. Vahid Məhərrəmli fermerlərdən çoxsaylı şikayətlər aldığını vurğulayaraq, vaxtında subsidiyaların ödənilməməsi səbəbindən onların aqrotexniki tələblərə tam riayət edə bilmədiklərini diqqətə çatdırıb. Zəruri miqdarda gübrə, dərman və pestisid əldə etməkdə çətinlik çəkir, yaxud texnika ilə görüləcək işlərin həcmini azaltmaq məcburiyyətində qalırlar. Məhsul yığımı və daşınması prosesində də çətinliklərlə üzləşirlər. Dizel yanacağının qiymətlərindəki artım da onların xərclərini əhəmiyyətli dərəcədə yüksəldib. Ekspert bu problemin dövlət səviyyəsində həll edilməsinin vacibliyini bildirib.

Subsidiyaların bölüşdürülməsində şəffaflıq və prioritetlər

Vahid Məhərrəmli subsidiyaların ödənilməsində şəffaflıq probleminin də mövcud olduğunu qeyd edib. O, əlavə edib ki, subsidiyalardan əsasən, geniş əkin sahələrini ələ keçirmiş oliqarx məmurlar faydalanır. Çünki onlar daha çox əkin sahəsinə sahibdirlər və subsidiyalar onların maraqlarına uyğun olaraq intensiv bağçılığa yönəldilir. Halbuki, ekspertin fikrincə, Azərbaycan bitkiçilikdə dənli bitkilər, kartof və tərəvəz məhsulları, heyvandarlıqda isə ət, süd və kərə yağı ilə özünü təmin etməyə daha çox diqqət yetirməlidir. Bu səbəbdən, adı çəkilən sahələrə daha böyük məbləğdə subsidiyalar ayrılmalıdır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz