Lonvi Biosciences şirkəti tərəfindən hazırlanan yeni həbin nəinki yaşlanma əlamətlərini gecikdirdiyi, həm də xroniki xəstəliklər riskini azalda biləcəyi iddia edilir. Şirkətin tədqiqatlarına əsasən, dərman “zombi hüceyrələr” kimi tanınan, bölünməsini dayandırsa da bədəndə iltihab yaranmasına səbəb olan qoca hüceyrələri hədəf alır.
Şirkətin baş direktoru İp Zhu, sözügedən dərmanı biotibb elminin “müqəddəs qədəhi” adlandıraraq, onun aktiv komponentinin hüceyrə səviyyəsində sağlamlıq üzərində güclü təsir göstərdiyini bildirib.
Sıçanlar üzərində uğurlu nəticələr
Lonvi-nin hazırladığı həb üzüm çəyirdəyində tapılan prosiyanidin C1 (PCC1) adlı molekula əsaslanır. PCC1-in əvvəllər laboratoriya sınaqlarında ömrü uzatdığı məlum idi. Şirkətin apardığı testlərdə:
- Dərman verilən siçanların orta hesabla %9,4 daha uzun yaşadığı,
- Doğuşdan etibarən müalicə olunanların isə %64,2 daha uzun ömür sürdüyü qeydə alınıb.
Bu nəticələrin insanlar üzərində necə təsir göstərəcəyi hələ ki, bəlli deyil; tədqiqatların davam etdiyi açıqlanıb.

150 il yaşamaq mümkündürmü? Mütəxəssislər iddialı danışır
Lonvi-nin texniki direktoru Liu Qinghua “New York Times” qəzetinə verdiyi açıqlamada 150 yaşına qədər yaşamağın “olduqca real bir ehtimal” olduğunu və bunun yaxın bir neçə ildə mümkün ola biləcəyini söyləyib.
Çində uzunömürlülük uğrunda mübarizə
2024-cü ildə Çində orta ömür müddəti 79 ilə yüksəlmişdi. Ölkədə uzunömürlülük və biotexnologiya sahəsinə olan maraq hər il artır.
Mütəxəssislər keçmişdə cavanlaşma araşdırmalarının şübhə ilə qarşılandığını xatırladırlar, lakin bu gün həm dövlət, həm də özəl sektorun bu sahəyə böyük sərmayələr yatırdığını vurğulayırlar.
Şanxay mərkəzli “Time Pie” şirkətinin təsisçilərindən Gan Yu, uzunömürlülük texnologiyalarına tələbatın sürətlə artdığını qeyd edərək, bildirib ki, “getdikcə daha çox insan öz ömürlərini uzatmaq üçün sərmayə qoymaq istəyinə və imkanına malikdir”.
Dərmanın insanlar üzərində təsirinin təsdiqlənməsi üçün genişmiqyaslı klinik sınaqlara ehtiyac olduğu bildirilir. Lakin şirkətin iddiaları, ömrün uzadılması araşdırmalarını yaxından izləyən dairələrdə böyük əks-səda doğurub. Xüsusilə də, yaşlanma prosesində kritik rol oynayan hüceyrə qocalması fenomeninin hədəf alınması elmi ictimaiyyətin diqqətini çəkib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz