Venesuela Bolivar Milli Silahlı Qüvvələrinə (FANB) məxsus çox sayda tank və zirehli texnika, eləcə də ordu personalı paytaxt Karakasda təşkil olunan konvoyla xalqı salamlayıb.
Dövlət televiziyası VTV-də yayımlanan görüntülərdə, hərbi nəqliyyat vasitələrinin şəhərin müxtəlif avtomobil yolları və küçələrindən keçərək vətəndaşları salamladığı əks olunub.
VƏTƏNDAŞLARA HƏRBİ TƏLİM VERİLƏCƏK
Yerli KİV-lərdə yayılan xəbərlərdə qeyd olunur ki, Venesuela hökuməti Silahlı Qüvvələri və Bolivar milislərini küçələrə çıxararaq dinc əhaliyə hərbi təlim verməyi hədəfləyən yeni proqrama start verib.
Xəbərlərə əsasən, “Kazarmalar xalqa gedir” adlı təşəbbüs çərçivəsində FANB və Bolivar milisləri təkcə Karakasda deyil, ölkənin müxtəlif bölgələrində də yerləşdirilib.
Bu çərçivədə Amazonas, Apure, Barinas, Bolivar, Miranda, Nueva Esparta, Merida, Takiqa, Truxillo və Zulya əyalətlərində də seminarlar keçirilərək xalqa silahdan istifadə üzrə hərbi təlimlər keçirilib.
Müdafiə Naziri Vladimir Padrino Lopez 5 min 336 kommünal bölgədə milis qüvvələrinə hərbi təlim keçirildiyini bildirərək deyib: “Vətənin müdafiəsi üçün hər gün böyüyən və inkişaf edən doktrinamızın qurulması və möhkəmləndirilməsində dönüş nöqtəsindəyik.”
"MÜDAFİƏYƏ HAZIRIQ"
Venesuela lideri Maduro, ABŞ-ın ölkəsində rejim dəyişikliyi planladığını bir daha təkrarlayaraq, Karib dənizindəki Amerika hərbi varlığına qarşı ölkəsinin hərtərəfli hazırlaşdığını və hücuma məruz qalarsa Venesuelanı müdafiə etməyə hazır olduqlarını vurğulayıb.
HADİSƏLƏR NECƏ BAŞ VERMİŞDİ?
ABŞ prezidenti Donald Tramp daha əvvəl imzaladığı fərmanla Latın Amerikası mənşəli narkotik kartelləri ilə yerində mübarizə aparmaq məqsədilə ordunun daha çox və effektiv istifadə edilməsi təlimatını vermişdi.
ABŞ bu kontekstdə avqust ayının sonunda Venesuela sahillərinə "USS Gravely", "USS Jason Dunham" və "USS Sampson" adlı döyüş gəmilərini göndərmişdi.
Venesuela dövlət başçısı Maduro da buna cavab olaraq ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və hər hansı bir hücumu dəf etməyə hazır olduğunu açıqlamışdı.
ABŞ Müdafiə Naziri Pit Hegseth, ölkəsinin ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu demişdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz