Victor Osimhen transferi dalana dirənib
Galatasaray yeni mövsümə hazırlıq çərçivəsində transfer fəaliyyətlərini davam etdirsə də, Nigeriyalı ulduz hücumçu Victor Osimhen ilə bağlı proseslər çətinliklə üzləşib.
"Napoli"dən sərt ödəniş şərtləri
75 milyon avro azadolma məbləği müəyyən edilmiş Victor Osimhen üçün "Napoli" ilə danışıqlar aparan Galatasaray, maliyyə ödəniş planı ilə bağlı tərəflərin razılığa gələ bilməməsi səbəbindən çətin vəziyyətdə qalıb. Türk təmsilçisi 75 milyon avroluq transfer haqqını 4-5 il ərzində hissəli şəkildə ödəməyi təklif etsə də, "Napoli" bu təklifə müsbət yanaşmayıb və məbləğin iki hissədə ödənilməsində israr edib.
İtaliya təmsilçisi həmçinin transfer haqqı üçün rəsmi bank zəmanəti tələb edib. Galatasaraydan bu tələbə müsbət cavab gəlmədiyi üçün "Napoli" danışıqları müvəqqəti olaraq dayandırıb. Klub rəhbərliyi bank zəmanəti məsələsində mövqeyindən geri çəkilməyib və bu şərtin yerinə yetirilməyəcəyi təqdirdə transfer danışıqlarının tamamilə dayandırılacağını bildirib.