Şərqi Avropada gərginlik artır: Polşa hava sahəsində insident
Ötən sentyabrın 10-da Şərqi Avropada baş verən hadisələr bölgədə mövcud müharibə səbəbindən yaranmış gərginliyi daha da artırıb. Rusiya pilotsuz uçuş aparatlarının Ukraynadakı hərbi hədəflərə qarşı həyata keçirdiyi hücum zamanı Polşa hava sahəsi pozulub. Polşa rəsmiləri hava sahəsini pozan Rusiya PUA sistemlərinə qırıcı təyyarələrlə cavab verdiklərini və bəzi PUA-ların vurulduğunu açıqlayıblar. Bu hadisədən sonra Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi hədəflərə intensiv hücumlar təşkil edildiyini, lakin Polşadakı obyektlərin hədəf alınmadığını bildirsə də, bölgədəki gərginlik davam edir.
NATO “Şərq Gözətçisi” əməliyyatına başladı
Yaşananların ardından NATO hərəkətə keçərək, üzv ölkələrdən biri olan Polşanın təhlükəsizliyini təmin etmək məqsədilə “Eastern Sentry” (Şərq Gözətçisi) adlı əməliyyata başladığını elan edib. “Eastern Sentry” çərçivəsində Danimarka iki F-16 qırıcısı və bir hava hücumundan müdafiə freqatı, Fransa üç Rafale, Almaniya isə dörd Eurofighter qırıcısı ilə Polşaya dəstək verir. Britaniya ordusu da əməliyyatda iştirak edərək, Eurofighter təyyarələri ilə bölgədə hava patrul xidmətləri yerinə yetirir. Bu hadisələrin fonunda, Rusiya və Belarus 2025-ci il sentyabrın 12-dən 16-dək “Zapad 2025” adlı hərbi təlimlər keçirib. Belarus ərazisində və Qərbi Rusiyanın bəzi bölgələrində təşkil edilən təlimlər Ukraynadakı müharibənin davam etdiyi və NATO qüvvələrinin şərq sərhədlərini gücləndirdiyi, Avropada gərginliyin artdığı bir dövrdə baş tutub.
Polşa hava sahəsində gərgin anlar: İddia olunan raket insidenti
Polşa mediasında yer alan son xəbərlərə görə, Rusiya ordusuna aid pilotsuz uçuş aparatlarının Polşanın hava sahəsinə daxil olmasından sonra ölkənin Ukrayna sərhədinə yaxın bölgələrində PUA qalıqları tapılıb. Ən azı 19 Rusiya pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozduğu qeyd olunan hadisədə heç bir zərərin yaranmadığı bildirilsə də, Belarus sərhədində bir evə zərbə dəydiyi məlumatı yayılıb. Hadisə ilə bağlı araşdırma aparan prokurorluq, evə dəyən cismi “naməlum uçan obyekt” kimi qeydə alıb. Lakin cismin Polşanın F-16 qırıcılarının Rusiya sistemlərini hədəf almaq üçün atdığı AIM-120C-7 hava-hava raketi ola biləcəyi iddia edilib.
Baş nazir Tusk: "Məsuliyyət Rusiyanın üzərindədir"
İddiaların ardından çıxış edən Polşanın Baş naziri Donald Tusk bildirib ki, araşdırmanın nəticəsi nə olursa olsun, dağıntının son məsuliyyəti Rusiya pilotsuz uçuş aparatlarını buraxan tərəf olan Rusiyanın üzərindədir. Polşa Milli Təhlükəsizlik Bürosunun (BBN) X hesabında yayılan açıqlamada da Polşa Prezidenti Karol Navrotskinin prosesə müdaxilə etdiyi vurğulanaraq qeyd olunub: “Prezident hökumətin Vıri şəhərciyindəki hadisəni dərhal aydınlaşdırmasını gözləyir. Hökumətin bu məsələni mümkün qədər tez həll etmək üçün bütün imkanlardan və qurumlardan istifadə etmək səlahiyyəti var.”
Gizli mənbədən şok iddialar: F-16 raketi evə düşdü
Hökumət hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirsə də, Polşa mərkəzli RMF24 xəbər agentliyinə danışan adı açıqlanmayan yüksək vəzifəli bir mənbə şok iddialar irəli sürüb: “Evə dəyən cisim F-16 qırıcımızdan atılan AIM-120 AMRAAM hava-hava raketi idi. Uçuş zamanı bələdçilik sistemində nasazlıq yaşandı və raket atıla bilmədi. Xoşbəxtlikdən, təhlükəsizlik tərtibatları aktiv olduğu üçün raket partlamadı.” Mənbə, evdəki zərərin təxminən 40 kq döyüş başlığına malik hava-hava raketinin kinetik təsiri nəticəsində yarandığını vurğulayıb.
Araşdırma davam edir: Dezinformasiya təhlükəsi
RMF24-də yer alan iddia hələ təsdiqlənməsə də, Rusiya pilotsuz uçuş aparatlarının Polşa hava sahəsini pozmasından sonra aparılan araşdırmalarda AIM-120 raketinə aid hissələrin də tapılması bəzi suallar doğurub. RMF24-ün xəbərində raketin F-16 tərəfindən atıldığı qeyd olunsa da, AIM-120-ləri daşıyan Hollandiyaya aid F-35 qırıcılarının da pilotsuz uçuş aparatlarına mane olmaq üçün keçirilən əməliyyatda iştirak etdiyi ifadə edilib.
BBN tərəfindən hadisə ilə bağlı verilən məlumatlarda, RMF24-ün AIM-120 iddiasını təsdiqləmək üçün işlər aparıldığı, araşdırma prosesində Rusiya mərkəzli dezinformasiyaların qarşısının alınması üçün ehtiyatla hərəkət edildiyi bildirilib. Açıqlamada, “Dezinformasiya və hibrid müharibə qarşısında Polşalılara çatdırılan mesajların təsdiqlənməsi və yoxlanılması tələb olunur” deyilib. Baş nazir Tusk isə X hesabı üzərindən etdiyi paylaşımda, “Vıriki’dəki evdə meydana gələn zərərin bütün məsuliyyəti pilotsuz uçuş aparatı provokasiyasının törədənlərinə, yəni Rusiyaya məxsusdur. Aidiyyəti qurumlar, araşdırma tamamlandıqdan sonra hadisənin bütün detalları haqqında ictimaiyyəti, hökuməti və prezidenti məlumatlandıracaqdır. Polşa əsgərlərinə toxunmayın” sözlərini bildirib.
Oxucu Şərhləri
Şərh Yaz