Biznes 02.12.2025

Prada rəqibi Versace-ni 1.4 milyard dollara satın aldı

Prada rəqibi Versace-ni 1.4 milyard dollara satın aldı

Prada Qrupu Salı günü rəqibi Versaceni 1.25 milyard avro (təxminən 1.4 milyard dollar) müqabilində rəsmi olaraq satın aldığını elan etdi. Bu sövdələşmə ilə cəsarətli və cazibədar siluetləri ilə tanınan Milan moda evi indi "Prada"nın "çirkin şıqlığı" və "Miu Miu"nun gənclik ruhlu cəlbediciliyi ilə eyni dam altında fəaliyyət göstərəcək.

Çoxdan gözlənilən bu razılaşmanın, pandemiya sonrası ABŞ-ın Capri Holdings lüks qrupunun tərkibindəki ortabab performansından sonra Versacenin uğurlarını yenidən canlandıracağı gözlənilir.

"Prada" bir cümləlik açıqlamasında, bütün tənzimləyici icazələr alındıqdan sonra satın almanın tamamlandığını bildirdi.

Versace-nin Gələcəyi

Prada Qrupunun varisi Lorenzo Bertelli, qrupun marketinq direktoru və davamlılıq üzrə rəhbəri vəzifələrindən əlavə, Versacenin icraçı sədri kimi yeni mərhələsinə rəhbərlik edəcək.

Baş kreativ direktor Miuccia Prada və uzun müddətli "Prada Qrupu"nun sədri Patrizio Bertellinin oğlu, moda evində qısa müddətdə heç bir rəhbərlik dəyişikliyi gözləmədiyini bildirib. Lakin Bertelli dünyanın ən tanınmış 10 brendi arasında yer alan bu şirkətin bazarda uzun müddətdir gözlənilən performansı göstərmədiyini qeyd edib.

Prada Qrupu 47 yaşlı "Versace" brendinin "əhəmiyyətli, istifadə edilməmiş inkişaf potensialı" təklif etdiyini vurğulayıb.

Versace, sentyabr ayında Milan Moda Həftəsində ilk kolleksiyasını təqdim edən yeni dizayner Dario Vitalenin rəhbərliyi altında kreativ yenidənqurma dövrünü yaşayırdı. Rəsmilər onun əvvəllər "Miu Miu"da dizayn rəhbəri olmasına baxmayaraq, şirkətə keçidinin bu sövdələşmə ilə əlaqəli olmadığını bildiriblər.

"Michael Kors" və "Jimmy Choo" kimi brendlərin sahibi olan Capri Holdings, 2018-ci ildə Versace üçün 2 milyard dollar ödəmişdi, lakin son dövrlərdə "sakit lüks" trendində onun cəsarətli profilini yerləşdirməkdə çətinlik çəkirdi.

"Versace", "Capri Holdings"in 2024-cü ildəki 5.2 milyard avroluq gəlirinin 20%-ni təşkil edirdi. Analitik təqdimatında isə bu moda evinin Prada Qrupunun pro-forma gəlirlərinin 13%-ni, "Miu Miu"nun 22%-ni, "Prada"nın isə 64%-ni təşkil edəcəyi qeyd olunub. "Church's" ayaqqabı markasını da əhatə edən "Prada Qrupu", keçən il gəlirlərində 17% artım qeyd edərək 5.4 milyard avroya çatmışdı.

Prada Qrupunun Daxili İstehsalatı

Prada Qrupu şəhərdaxili rəqibi Versaceni İtaliyadakı istehsalat sisteminə daxil etmək üçün hazırlıqlara artıq başlayıb. Bu, qrup üçün xüsusi qürur mənbəyidir.

Bertelli keçən həftə qrupun Scandicci dəri məmulatları fabrikində jurnalistlərə açıqlama verərək deyib: "Bir brend üçün çanta düzəltmək, yaxud digəri üçün – bilik və təcrübə eynidir." Bu fabrik artıq "Prada" və "Miu Miu" brendləri üçün çantalar istehsal edir və yaxın zamanda "Versace" məhsullarını da əlavə edəcək.

Prada Qrupu bu il təchizat zəncirinə 60 milyon avro investisiya edib. Bu, Sienaya yaxın yeni dəri məmulatları fabriki, Perugiyaya yaxın yeni trikotaj fabriki, həmçinin Britaniyadakı "Church's" ayaqqabı fabrikində istehsalın artırılması və Toskanadakı digər bir fabrikin genişləndirilməsini əhatə edir. Bu, 2019-2024-cü illər ərzində qoyulan 200 milyon avroluq investisiyaya əlavədir.

Pradanın səylərinə Toskana, Marke, Veneto və Umbriya bölgələrində fəaliyyət göstərən, son 25 ildə təxminən 570 yeni sənətkar yetişdirmiş daxili təlim akademiyası da daxildir.

Keçən il Prada akademiyada təlim keçmiş 120 sənətkarın 70%-ni işə götürüb. Bu il təlim keçənlərin sayı 28% artaraq 152 nəfərə çatıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz