Donald Trampın mövqeyində dəyişiklik: Avropa ilə birlikdə Ukrayna üçün yeni strategiya
Son günlərdə Ukrayna şəhərlərinə hücumlarını əhəmiyyətli dərəcədə artıran və müharibəni getdikcə daha da gərginləşdirən Rusiyanın addımları ABŞ administrasiyasını da narahat edib. Uzun illər Rusiya Prezidenti Vladimir Putinə yaxın profil çəkən və Ukrayna müharibəsini "24 saat ərzində bitirə biləcəyini" iddia edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın səbri tükənmiş kimi görünür. Belə ki, Donald Tramp Putinin addımlarına qarşı narahatlığını getdikcə daha açıq şəkildə ifadə edərək mövqeyindəki dəyişikliyi nümayiş etdirir və Ukraynanın müdafiəsi üçün daha aktiv rol oynayacağı gözlənilir.
Nitekim Donald Tramp NBC News telekanalına verdiyi açıqlamada, Rusiya ilə bağlı məyusluğunu bir daha dilə gətirdi. Tramp bildirdi: "Rusiya məni məyus etdi. Lakin qarşıdakı bir neçə həftədə nələrin olacağını görəcəyik. Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı əhəmiyyətli bir açıqlama verəcəyik". Tramp veriləcək açıqlama ilə bağlı ətraflı məlumat verməkdən imtina etdi. Rusiyaya qarşı 500 faiz gömrük rüsumu da daxil olmaqla yeni sanksiya paketi ABŞ administrasiyasının gündəmindədir.
Avropa aktivləşir
Donald Trampın Ukrayna tərəfdarı mövqeyə keçməsindən cəsarət alan Avropa da işə girişib. Londonda İngiltərənin Baş Naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronun həmsədrliyi ilə, Romada keçirilən Ukraynanın Yenidən Qurulması Konfransının iştirakçılarının da yer aldığı Könüllülər Koalisiyasının onlayn görüşü keçirildi. Liderlər NATOnun dəniz komanda mərkəzində keçirdikləri görüşdə, Ukrayna ilə Rusiya arasında əldə ediləcək ehtimal olunan atəşkəsdən sonrakı dövrdə tətbiq ediləcək təhlükəsizlik planının hazır olduğunu bəyan etdilər.
Toplantıda çıxış edən Makron dedi: "İki müdafiə nazirimizin gördüyü bütün işlər, 30 tərəfdaş ölkədən ibarət bir koalisiyanın qurulmasını və Ukrayna ordusunun yenidən qurulmasını təmin etmək üçün havada və dənizdə patrul missiyası həyata keçirilməsini nəzərdə tutur". Mövcud Fransa-İngiltərə birgə Əməliyyat Qüvvələrinin (CJEF) gücünün əhəmiyyətli dərəcədə artırılacağını bildirən Makron, "Bu birgə qüvvəni briqada səviyyəsindən korpus səviyyəsinə qaldırırıq. Yəni 50 min əsgərə qədər artırıla biləcək bir struktordan bəhs edirik" deyə əlavə etdi.
Qərargah Parisdə
Makron, yeni strukturun lazım gəldikdə "digər Avropa tərəfdaşlarını da əhatə edə biləcəyini" və "NATO əmrinə verilə biləcəyini" vurğuladı. Təhlükəsizlik planının tətbiqini idarə edəcək komanda və nəzarət strukturunun mərkəzinin ilkin mərhələdə Parisdə olacağını deyən Fransa Prezidenti Makron, mərkəzin artıq fəaliyyətdə olduğunu və Kiyev ilə koordinasiyalı şəkildə işlədiyini qeyd etdi. Çıxışında Avropanın Ukrayna təhlükəsizliyinə olan bağlılığını vurğulayan Emmanuel Makron, prosesin siyasi və hərbi ölçüləri bir arada daşıyan bütöv bir yanaşma olduğunu bildirdi.
Starmer isə prosesin yalnız müvəqqəti bir təhlükəsizlik tədbiri deyil, qalıcı bir strateji quruluş hədəfi ilə yaradıldığını vurğuladı. Starmer: "Səylərimizi artıq sülhə hazırlığa yönəltməliyik. Putini danışıqlar masasına oturtmaq məcburiyyətindəyik. Bu koordinasiyalı təzyiq fərq yaradacaqdır" dedi.
NATO vasitəsilə təchizat
Donald Tramp, ölkəsinin Ukraynaya silah təchizatını NATO vasitəsilə həyata keçirmək üçün ittifaqla razılaşdığını bəyan etdi. ABŞ-dan göndəriləcək hərbi sursatın əvvəlcə NATOya təslim ediləcəyini, daha sonra NATOnun bu silahları Ukraynaya verəcəyini qeyd edən Tramp: "Silahları NATOya göndəririk və NATO bu silahların pulunu 100 faiz ödəyir. Silahlar əslində NATOya getmiş olur. NATO da bu silahları Ukraynaya verir" ifadələrini işlətdi. Eyni metodun Patriot hava hücumundan müdafiə sistemləri üçün də keçərli olacağına işarə edən Tramp: "Patriot sistemlərini NATOya göndərəcəyik, sonra NATO onları paylayacaq" dedi.
Zelenski: Putin müharibəni uzatmağa davam edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski, Türkiyənin ev sahibliyi ilə 2 iyun tarixində İstanbulda aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsindən sonra Rusiya ilə liderlər səviyyəsində danışıqların mümkün ola biləcəyini söylədi. "Rusiya Ukraynaya qarşı hücumlarını böyük ölçüdə sürətləndirdi" deyən Zelenski, İstanbuldakı üzbəüz görüşlərdə indiyə qədər əsir mübadiləsindən başqa demək olar ki, heç bir şey əldə edilmədiyini bildirdi.
Zelenski əlavə etdi: "Bizim və müttəfiqlərimizin kəşfiyyatı, Rusiyanın bu müharibəni uzatmağa davam edəcəyinə dair bütün məlumatlara malikdir. Putin həqiqi bir atəşkəs əldə etmək üçün bütün imkanları rədd edir. Həqiqi bir sülh istəmir".