Qəzzada Aclıq Dərinləşir: Humanitar Böhran Artır
İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə məxsus təyyarələr bazar günü Qəzza üzərində ərzaq atıb, İsrail isə dərinləşən aclıq böhranına cavab olaraq BMT və humanitar yardım təşkilatlarına fəaliyyət imkanı vermək üçün bəzi hərbi əməliyyatlarında məhdud “taktiki fasilə” elan edib. Fələstin Səhiyyə Nazirliyi, mühasirəyə alınmış bölgədə yayılan qıtlıq və qida çatışmazlığı səbəbindən son 24 saat ərzində ikisi uşaq olmaqla daha altı nəfərin həyatını itirdiyini açıqlayıb. Bununla da qıtlıq səbəbindən ölənlərin sayı 133-ə, uşaq ölümləri isə 87-yə çatıb. Qəzzadakı xəstəxana mənbələrinə görə, bazar səhərindən bəri İsrail hücumlarında ən azı 63 nəfər həlak olub.Yardım Təşkilatlarından Kritik Bəyanatlar
Oxfam bildirib ki, İsrailin yardıma çıxışla bağlı atdığı məhdud addımlar Qəzzadakı humanitar fəlakəti həll etməkdən çox uzaqdır. "Həyat təhlükəsi yaradan havadan humanitar yardım paketlərinin atılması və bir neçə yük maşını aylarla davam edən sistematik aclığı kompensasiya etmir", – deyə Oxfam-ın nümayəndəsi Buşra Xalidi vurğulayıb və bütün sərhəd keçidlərinin açılmasını, eləcə də daimi atəşkəs tələb edib. Fələstin əraziləri 21 aylıq müharibənin yaratdığı və İsrailin mart-may ayları arasında yardımları tamamilə əngəlləməsi ilə daha da pisləşən ağır humanitar şəraitlə üz-üzədir. Blokadanın yumşaldılmasından bəri Qəzzaya çatan humanitar yardımın miqdarı, yardım təşkilatlarının ehtiyac duyulduğunu bildirdiyi səviyyədən xeyli aşağı qalıb.Qida Çatışmazlığı Həyəcan Təbili Çalır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bazar günü etdiyi açıqlamada Qəzzadakı qida çatışmazlığının "həyəcan verici səviyyələrə" çatdığı barədə xəbərdarlıq edib. ÜST-ə görə, son dövrlərdə qeydə alınan 74 qida çatışmazlığı ilə bağlı ölüm halından 63-ü iyulda baş verib. Bunların arasında 5 yaşdan kiçik 24 uşaq, 5 yaşdan yuxarı 1 uşaq və 38 yetkin şəxs var. BMT-nin Dünya Ərzaq Proqramı bildirib ki, Qəzza əhalisinin üçdə biri günlərdir heç nə yeməyib və 470 min insan "aclıq bənzəri şəraitdə yaşayır". BMT-nin Fövqəladə Yardım Koordinatoru Tom Fletçer İsrailin taktiki fasilələrini məmnuniyyətlə qarşıladığını bildirərək, komandalarının "bu zaman aralığında mümkün qədər çox ac insana çatmaq üçün əllərindən gələnləri edəcəklərini" söyləyib."Dərhal Humanitar Yardım" Çağırışı
İsrailin bu qərarı, Baş nazir Netanyahunun regionda kütləvi aclığın qarşısını alması barədə beynəlxalq təzyiqin artması ilə əlaqəli olub. Almaniya kansleri Fridrix Merz də bazar günü İsrail liderinə səslənərək "Qəzzadakı aclıq çəkən mülki əhaliyə təcili humanitar yardımın göstərilməsi" çağırışını edib. BMT-nin İsrailin yardımları əngəllədiyi barədə "bəhanələr və yalanlar uydurduğunu" iddia edən Netanyahu, bir aviabazada etdiyi çıxışında "təhlükəsiz humanitar yardım marşrutlarının mövcud olduğunu" bildirib. "Bu marşrutlar həmişə mövcud idi, lakin indi rəsmi xarakter alıb. Artıq bəhanə olmayacaq," – deyə o əlavə edib.Qəzzalı Atanın Çətin Anları
Qəzza şəhərinin Tel əl-Hava məhəlləsində yaşayan 30 yaşlı Suad İşfavi "həyatındakı tək arzusu"nun uşaqlarını doyurmaq olduğunu deyib. Həyat yoldaşı hər gün yardım məntəqələrindən əliboş qayıdırdı. İsrailin ilk ərzaq endirmə əməliyyatı zamanı xaotik səhnələrin yaşandığını bildirən şahidlər, AFP-yə danışıblar. Əl-Kəramə məhəlləsindən 23 yaşlı Samiq Humeid, onlarla insanın paraşütlə enən yardımlara doğru qaçdığını söyləyib:Müharibəyə bənzəyirdi, hər kəs əlindən nə keçərsə almağa çalışırdı. Aclıq amansızdır. Miqdar son dərəcə az idi, bir neçə nəfər üçün belə yetməzdi, çünki aclıq hər yerdədir. Mən sadəcə üç konservləşdirilmiş paxla ala bildim.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz