Dünya 15.07.2025

Qətər: Qəzza atəşkəs danışıqları ilkin mərhələdə

Qətər: Qəzza atəşkəs danışıqları ilkin mərhələdə
Macid əl-Ənsari bildirib ki, İsrail və Həmas nümayəndə heyətləri hazırda hələ də Dohadadır və tərəflərlə ayrı-ayrılıqda danışıqlar aparılır. O, "Müzakirə nümayəndə heyətləri və vasitəçilər hələ də Dohadadır. Hər iki tərəflə birbaşa deyil, ayrı-ayrı görüşlər keçirilir. Bu da prosesin davam etdiyini göstərir", deyib. Ənsari qeyd edib ki, danışıqlar razılaşmanın ümumi çərçivəsi üzərində aparılır və ətraflı müzakirələr hələ başlamayıb. O, "Danışıqlar hələ də ilkin mərhələdədir, hazırda əsas məsələlər üzərində razılıq əldə etməyə çalışılır", deyib. Ənsari əlavə edib ki, atəşkəsə nail olmaq üçün tərəflər üzərində təzyiqlər davam edir və nəticə əldə etmək üçün dəqiq bir qrafik vermək mümkün deyil. "Danışıqlarla bağlı heç bir qrafik təqdim edə bilmərik. Heç bir vasitəçi müzakirə prosesinə vaxt məhdudiyyəti qoya bilməz", deyə o vurğulayıb.

Səylər Fasıləsiz Davam Edir

Ənsari, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və komandasının Dohaya nə vaxt səfər edəcəyinə dair hələ dəqiq bir cədvəlin olmadığını bildirib. O, "Amerika vasitəçi nümayəndə heyətinin Dohaya səfəri ilə bağlı əlimizdə dəqiq tarix yoxdur", deyib. Ənsari sözlərini belə tamamlayıb: "Qəzzəatəşkəsin təmin edilməsi üçün səylərimiz fasiləsiz davam edir. Məqsədimiz tərəfləri ən qısa müddətdə razılaşma zəminində bir araya gətirməkdir."

Qəzzədə Atəşkəs Müzakirələri

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzə zolağında 60 günlük atəşkəsin təmin edilməsi üçün lazımi şərtləri qəbul etdiyini açıqlamışdı. Təklif sülh danışıqlarında vasitəçilik edən Qətər və Misir tərəfindən Hamasa təqdim edilmişdi. Hamas, Qəzzədə İsraillə atəşkəs və əsir mübadiləsi sazişinə dair təklifə "müsbət cavab" verdiyini vasitəçilərə çatdırmış və prosesin tətbiqi üçün danışıqlara hazır olduğunu bildirmişdi. Təl-Əviv rəhbərliyi Həmasın Qətər təklifində atəşkəslə bağlı etdiyi dəyişikliyin qəbuledilməz olduğunu iddia etmiş, lakin İsrail nümayəndə heyəti danışıqlar üçün Qətərin paytaxtı Dohaya getmişdi. Tərəflər Dohada 60 günlük müvəqqəti atəşkəs, Qəzzədəki 10 sağ, 18 ölü israilli əsirlərin azad edilməsi və daimi atəşkəs üçün danışıqları davam etdirərkən, fikir ayrılıqlarının böyük ölçüdə aradan qaldırıldığı, lakin İsrailin Qəzzə zolağının ətrafında işğalı davam etdirməkdə israrının aradan qaldırıla bilmədiyi qeyd edilmişdi. İsrail, Qəzzə zolağının cənubundakı Rəfah şəhərində atəşkəs əldə edilsə belə, işğalı davam etdirməyi və fələstinliləri başqa ölkələrə sürgün etmək məqsədilə bir "toplama düşərgəsi" qurmağı planlaşdırdığını açıqlamışdı.

Qəzzədə Bu Gün Də 12 Nəfər Həlak Olub

İsrail ordusunun Qəzzə zolağının müxtəlif bölgələrinə endirdiyi zərbələr nəticəsində 12 nəfərin həlak olduğu, çox sayda insanın yaralandığı bildirilib. Səhiyyə mənbələrindən verilən məlumata görə, İsrailə məxsus hərbi təyyarələr Qəzzə zolağının şimalında yerləşən Qəzzə şəhərindəki Şati Qaçqın Düşərgəsində bir evi bombalayıb. Hücumda "Nassar" ailəsindən 5 nəfər həyatını itirib, yaralananlar da olub. Şahidlərin sözlərinə görə, hədəf alınan ev dağılıb, partlayış nəticəsində yanğın baş verib və dağıntılar altında qalanlar olub. 14 iyul tarixinə olan son məlumatdan əvvəl, İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzzə zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının son 24 saatda 120 nəfər artaraq 58 min 386-ya yüksəldiyi açıqlanmışdı.

24 saat