Tasmaniyalı fotoqraf Ben Alldridge, görünməz ultrabənövşəyi işıq altında parlayan kesəli sansarın valeh edici görüntülərini çəkməyi bacarıb. Bu qeyri-adi təbiət hadisəsi, sözügedən növün təbii yaşayış mühitində ilk dəfə qeydə alınıb.
PARLAMANIN TƏFSİLATI
Heyvanın xəzinin ultrabənövşəyi işığı udub, sonra görünən rəngdə yenidən yayması nəticəsində parıltılı effektin yarandığı bildirilir. Oxşar vəziyyətin Tasmaniya şeytanı və vombatlar kimi digər məməlilərdə də müşahidə edildiyi qeyd olunur. Adətən xəzləri qəhvəyi və ya qara olan bu heyvanlar, müəyyən dalğa uzunluqlu işığa məruz qaldıqda biofloressensiya adlanan bir effekt nümayiş etdirirlər. Bu hadisəni, təbiətin gecə klubunda ağ köynəyin parlamasına bənzətmək olar.
PARLAMANIN SƏBƏBİ QEYRİ-MÜƏYYƏN OLARAQ QALIR
Lakin mütəxəssislərin fikrincə, bu bioloji hadisənin səbəbi hələ dəqiq deyil. Bəzi nəzəriyyələrə görə, bu, zəif işıq şəraitində ünsiyyət, kamuflyaj və ya cütləşmə prosesləri ilə əlaqədar ola bilər. Ben Alldridge, gecə həyatı sürən bir çox kesəli sansar növünün ultrabənövşəyi işığı görə bildiyini və ya mavi, yaşıl dalğa uzunluqlarına həssas görmə qabiliyyətinə malik olduğunu qeyd edərək, bu parıltının ovçular tərəfindən fərq edilmədən öz aralarında ünsiyyət siqnalı kimi istifadə oluna biləcəyini ehtimal edir.
İŞIQ ÇİRKƏNLƏNMƏSİNİN TƏSİRLƏRİ ARAŞDIRILIR
Ben Alldridge, apardığı bu araşdırma ilə eyni zamanda işıq çirklənməsinin və yaşayış mühitinin pozulmasının gecə həyatı sürən heyvanlar üzərindəki təsirlərini də öyrənir. Süni işıqdan həddən artıq istifadəyə diqqət çəkərək qeyd edir:
"İşığı həm fiziki, həm də məcazi mənada yersiz və həddən artıq istifadə edirik. Bir çox hallarda bu işıqlar, əslində quraşdırılma məqsədlərinə belə zidd olur. Gecə həyatı sürən canlıların adaptasiyalarını daha yaxşı anladıqca, süni mühitləri təbiətə ən az zərər verəcək şəkildə tənzimləyə bilərik."