İdman 20.08.2025

"Real Madrid" mövsümə qələbə ilə start verdi

"Real Madrid" mövsümə qələbə ilə start verdi

Real Madrid mövsümə qələbə ilə başladı

İspaniya La Liqasının 2025-2026 mövsümünün açılış matçında Real Madrid öz meydanında Osasuna üzərində 1-0 hesablı qələbə qazanıb.

11 il sonra Santyaqo Bernabeu stadionuna bu dəfə oyunçu kimi deyil, baş məşqçi kimi qayıdan Xabi Alonso, liqadakı ilk matçında yeni transferlər Trent Con Aleksandr, Din Donni Hujsen və Alvaro Karreras ilə yanaşı, əflatun-ağ rənglərdə üçüncü mövsümünü keçirən Türkiyəli futbolçu Arda Gülerə də ilk on birliyində şans verib.

Qarşılaşmanın ilk hissəsinin böyük əksəriyyəti Osasunanın yarı sahəsində keçsə də, son vuruşlarda effektiv ola bilməyən Real Madrid axtardığı qolu tapa bilməyib və komandalar soyunma otağına 0-0 hesablı bərabərliklə yollanıblar.

İkinci hissənin əvvəlində cərimə meydançasında rəqibi tərəfindən yıxılmasından sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Real Madridin fransız futbolçusu Kilian Mbappe komandasını hesabda önə çıxarıb.

Arda Güler matçın 90-cı dəqiqəsində yerini Daniel Sebalyosa verib.

Havanın hərarətinin də təsirindən futbol keyfiyyətinin aşağı olduğu matçın sonrakı dəqiqələrində başqa qol olmayıb və Real Madrid öz meydanında Osasunanı 1-0 hesabı ilə məğlub edərək, liqaya 3 xalla başlayıb.

Arda Güler Xabi Alonso ilə birlikdə ilk on birliyə düşməyə başlayıb

Real Madriddə üçüncü mövsümünü keçirən Arda Güler, Xabi Alonso ilə birlikdə ilk on birliyindəki yerini möhkəmləndirməyə başlayıb.

İspaniyalı məşqçi mövsüm öncəsi oynanan matçların 7-də Ardanı ilk on birlikdə meydana çıxarıb. Türkiyəli futbolçu Klublararası Dünya Çempionatındakı 5 matçın 4-də də start heyətində yer alıb.

Arda Güler 2023-2024 mövsümündə La Liqada 10 matçda 6 qol vurmuşdu. Ötən mövsümdə isə liqada 28 matçda iştirak edərək 3 qola imza atmışdı.

Matçın əlamətdar anlarından biri də Real Madridin həftə ərzində mətbuata təqdim etdiyi yeni transferi, 18 yaşlı argentinalı forvard Franko Mastantuononun 68-ci dəqiqədə əflatun-ağ rəngli azarkeşlərin böyük dəstəyi ilə Brahim Diasın əvəzinə oyuna daxil olması olub.

Qarşılaşmanı Arda Gülerin atası Ümid Güler və anası Sərap Güler də tribunadan izləyiblər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz