Rusiya Əfqanıstan Hökumətini Rəsmi Tanıdı
Rusiyanın
Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya xəbər agentliyi RİA-ya açıqlamalar verərək, Rusiyanın bu ölkənin hökumətini rəsmi tanıdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, xarici işlər nazirinin müavini Andrey Rudenkonun Moskvadakı səfirliyə yeni təyin olunmuş Gül Həsən ilə görüşdüyü qeyd edilib. Açıqlamada Həsənin Rudenkoya etimadnaməsinin surətlərini təqdim etdiyi vurğulanıb. Rusiya mətbuatına yayılan görüntülərdə Əfqanıstanın Moskvadakı səfirlik binasında
Taliban müvəqqəti hökumətinin istifadə etdiyi bayrağın dalğalandığı da əks olunub.
Diplomatik Əlaqələrdə Yeni Mərhələ
Digər tərəfdən, Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, yeni Moskva səfiri Dmitri Zahirnov xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttakiyə etimadnaməsini təqdim edib və Rusiya hökumətinin Əfqanıstan rəhbərliyini rəsmi tanımaq qərarı aldığını onlara çatdırıb. Səfir Zahirnov bu qərarı “tarixi bir addım” kimi qiymətləndirib. Muttaki isə məmnunluğunu ifadə edərək, bunun iki ölkə arasındakı müsbət münasibət, qarşılıqlı hörmət və konstruktiv əməkdaşlığın yeni bir mərhələsi olduğunu qeyd edib.
Rusiya Talibanı Tanıyan İlk Ölkə Oldu
Rusiyanın bu qərarı ilə 2021-ci il avqustun 15-də baş verən idarəetmə dəyişikliyindən sonra qurulan hökumət ilk dəfə olaraq bir ölkə tərəfindən tanınmış oldu. ABŞ və
NATO hərbi qüvvələrinin 2021-ci ilin yayında ölkədən çıxarılmasına paralel olaraq əvvəlki hökumət devrilib, ölkə daxilində nəzarəti təmin edən
Taliban müvəqqəti hökumətini elan etmişdi. Həmin dövrdə Qərb ölkələri Əfqanıstandakı diplomatik missiyalarını bağlamış, paytaxt Kabildə çox az sayda ölkənin səfirliyi fəaliyyətini aktiv şəkildə davam etdirmişdi.
Talibanın Terror Təşkilatları Siyahısından Çıxarılması
Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə qadağan olunmuş terror təşkilatları siyahısına daxil edilmişdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü ilin dekabrında bu qruplaşmanı terror siyahısından çıxaracaq qanunu təsdiqləmiş, Rusiya Federasiyası Ali Məhkəməsi də aprel ayında onun ölkədəki fəaliyyətləri ilə bağlı qadağanın ləğvinə qərar vermişdi. Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstanın Moskvadakı diplomatik nümayəndəliyinin səfirlik səviyyəsinə qaldırılması barədə qərar qəbul edildiyini bildirmişdi.
24 saat