Gündəm 24.09.2025

Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

 “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist,  “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yazır:

8 aydır ki, səhhətimdə davam edən problemlərlə bağlı sentyabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirildim. Açığı, sağlıq durumumla bağlı problemimi ictimailəşdirməməyə çalışırdım. Düşünürdüm ki, çöldəki həkim dostlarım tövsiyələri və evdən gətirdiyim dərmanların hesabına kamera şəraitində müalicəmi davam etdirib yarana biləcək fəsadları önləyə bilərəm. Həm də istəmirdim ki, kimlərsə səhhətimlə bağlı manipulyasiya etdiyimi düşünsün, avtoritar bir hakimiyyətin siyasi girovu kimi dəyanətimi sorğulasın. Lakin dərmanlar və müalicə effekt vermədiyi üçün həkim dostlarım mədə-bağırsaq sistemimin ciddi müayinəsini tövsiyə etdilər. Sağ olsunlar təcridxanadakı həkimlər (sançast) də müraciətimi müsbət qarşılayaraq mənim Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməyimi təmin etdilər. 

Beləliklə, sentyabrın 13-də Müalicə Müəssisəsinə aparıldım. Müalicə Müəssisəsində məni öncə əməliyyat rəisi Azər Əliyev, daha sonra müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı qəbul etdi. Ənənəvi “profilaktik söhbət”dən sonra qəbul şöbəsinə yerləşdirildim. Bildirdilər ki, həftəsonu olduğu üçün tibbi prosedurlar bazar ertəsi başlayacaq. Açığı, 8 ay təcridxanada saxlanılan biri kimi qəbul şöbəsinə gələndə daha, hətta qat-qat ağır bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etmirdim: şəraitsiz və antisanitariya vəziyyətində olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq vardı ki, bəzi xəstə məhbuslar yerdə yatırdılar. Heç bir mübaliğəyə yol vermirəm: bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi ki, biz bunu ancaq kitab və filmlərdə görmüşük. Ölkənin mərkəzində-paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Ayağını qapıdan içəri qoyan hər kəsə potensial pul mənbəyi kimi baxılır…

Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan-USM, kardioqramdan keçdim, qan analizi verdim. Dedilər ki, rentgen həkimi küsüb işə gəlmədiyi üçün rentgen sabaha qalır. Niyə formal prosedurlar deyirəm? Çünki eyni prosedurlar təcridxananın tibb məntəqəsində də var və buradan daha abırlıdır. Rentgenden keçdikdən 1 gün sonra isə 2-3 həkimin balaca bir otaqda təşkil etdiyi komissiyada məhbusların sağlamlıq durumları ilə bağlı şikayətləri dinlənildi. Bu komissiya daha çox çayxana mühitində baş tutdu: kimi telefonunda oyun oynayır, kimi də xəstəni ayaq üstdə saxlayıb hansısa dostu ilə laqqırtı vuraraq baş tutacaq “qonaqlıq”dan danışır. Bəli, tam bir çayxana mühiti…

Təsəvvür edin ki, bu boyda ədliyyə sisteminin yalnız 1 USM həkimi var, o da 17 Cəzaçəkmə Müəssisəsinə, neçə təcridxanaya və s. baxır. Belə bir şəraitdə hansı keyfiyyətli səhiyyədən danışmaq olar? Öyrəndim ki, savadlı həkimlər PXMM-ni tərk edir, maaş azlığından başqa özəl klinikalarda iş axtarırlar. Ona görə də meydan savadına əmin olmayan, başqa yerdə iş tapa bilməyən çayxana həkimlərinin ümidinə qalıb…

Demək olar ki, 1 həftədir buradayam, amma keçdiyim formal müayinələrin cavabı heç şifahi olaraq da mənə bildirilmədi. Digər məhbuslardan soruşdum, onlarda da vəziyyət eynidir…

Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəsəm də, “qonağı var” deyib hər gün bir bəhanə gətirdilər, ya da özü görüşməkdən, qəbul etməkdən yayındı. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdiyimi deyəndə isə həkimlər MM-də endoskopiya və kolonoskopiyanın olmadığını, bunun üçün özəl klinikalara müraciət etməyimi tövsiyə etdilər. Bildirdilər ki, öncə istintaq orqanı razılıq verməli, sonra ailə üzvlərim hansısa özəl klinikaya müraciət edib göndəriş almalıdırlar. Bütün müalicə xərclərini ailə üzvlərim qarşılamalı, əgər cərrahi əməliyyata gərək olarsa, onu da özüm və ya ailə üzvlərim ödəməlidir. Məlum oldu ki, digər məhbuslarla da bağlı vəziyyət belədir. Ailə üzvləri klinikaya ödəniş edərək onların MRT və digər prosedurlardan keçməsini təsdiq edən göndərişlər alıb və növbəyə durublar. Təsəvvür edin ki, ucqar rayonlardakı xəstəxanalarda belə bir sıra tibbi cihazlar var, amma ölkənin paytaxtında 50 mindən çox məhbusun həyatına görə məsuliyyət daşıyan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya yoxdur.

Bəs milyonlarla vəsait hara xərclənib? Baş həkim Hikmət Aydəmirovun qəbuluna getdim. Adam həkimdən çox, həbsxana rəhbərinə bənzəyir. Xəstələrlə elementar davranış qaydalarını bilmir, soyuq, köntöy bir adamdır. Sanki həkim deyil, hansısa “KAMAZ”dan düşürülüb, vəzifəyə otuzdurulub. Deyilənə dörə, Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir. O, bura baş həkim qoyulandan faktiki ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etməsinə qadağa qoyub. Müalicə Müəssisəsində vəziyyət olduqca acınacaqlıdır. Nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə qədər, tibb bacısından tutmuş həkimə qədər hər kəs dustaqdan pul umur. Hətta şöbə və palatalar “burjuy” və “kasıb” olaraq seçilir, yerlər, otaqlar satılır. Qəbul şöbəsi ən kasıbı və müvəqqəti sayılır, amma orda da bəzi məhbuslara köhnə çarpayılar 1 həftəlik 20 manata satılıb. Uzun sözün qısası, burada baş verənlərdən saatlarla danışmaq olar, yəni, yazıb-pozmaqla tükənməz. Hələ parkda həbs edilən keçmiş məmurlara, iş adamlarına satılan yüksək şəraitli otaqları demirəm.

Mən burada çox dəhşətli insan taleləri ilə qarşılaşdım, hər iki gözü tutulmuş məhbus qazi, bir gözü tam tutulmuş, bir gözü isə 5 faiz görən din alimi, hər gecə ürəktutmasından az qala keçinən, ən yüksək təzyiqdən əziyyət çəkən, amma buna rəğmən heç bir yardım edilmədən Cəzaçəkmə Müəssisəsinə  “etap” edilən məhbuslar gördüm. Bir anlıq özümü hansısa tibb ocağında deyil, Stalinizmin Solovki düşərgələrində hiss etdim. Və nəhayət 1 həftənin tamamında hər kəsə 1 gün öncə “etap” edildiyi deyilsə də, mənə bir saat qalmış Kürdəxanıya “etap” ediləcəyimi dedilər, həm də heç bir tibbi yardım edilmədən. Bu biganəlik, anarxiya, özbaşınalığın hökm sürdüyü antisanitar şəraitdə bir daha düşündüm: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət yoxdur, tibb ocağında səhiyyə, təcridxana və həbsxanası da dözülməz durumda. 1 saat sonra Kürdəxanıya- mənim üçün ayrılmış ofisə-evə yola düşəcəyəm. Yazdıqlarım isə PXMM-də baş verənlərin kiçik bir qismidir. Buna rəğmən PXMM-dəki mənzərəni bir cümlə ilə belə ifadə edirəm: Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…

Şəmşad Ağa 

Penitensiar Xidmətin Müalicə Müəssisəsi, 

Bakı 20.09.2025 

 

Oxucu Şərhləri

Vəfa Teymurli
24.09.2025 18:12
Şəmşad Ağanın bu açıqlaması, doğrusu, düşündürücüdür. Bir təcridxana müalicə müəssisəsində "səhiyyədən başqa hər şeyin" olması, həqiqətən də ürək ağrısıdır. Sanki müəssisənin adı səhv yazılıb, əslində "rüşvət, özbaşınalıq və biganəlik" müalicə mərkəzi olmalıymış. Ümid edək ki, Şəmşad Ağanın səhhəti tezliklə düzələr və o, bu "hər şeyin" olduğu mühitdən uzaqlaşa bilər. Səbr, Şəmşad bəy!
Nərgiz Nurlu
24.09.2025 18:08
Şəmşad Ağa'nın bu acı dolu təcrübələrini oxumaq ürək ağrısı verir. Onun səsi, müəssisədə yaşanan biganəlik və özbaşınalıq fonunda həqiqətin bir çağırışı kimi eşidilir. Belə bir vəziyyətdə belə öz dəyanətini və mübarizəsini ortaya qoyması təqdirəlayiqdir. Ümid edirəm ki, onun səsi daha çox insana çatacaq və lazımi dəyişikliklərə səbəb olacaq.
Əhməd Sadıqov
24.09.2025 18:03
Şəmşad Ağa'nın Penitensiar Xidmətin Müalicə Müəssisəsindən etdiyi bu açıqlama, təkcə onun şəxsi sağlamlıq problemləri deyil, eyni zamanda cəmiyyətdəki daha böyük problemlərə də işıq tutur. Onun təsvir etdiyi şəraitsizlik, antisanitariya və rüşvət mənzərəsi, adı "müalicə müəssisəsi" olsa da, əslində insan hüquqlarının pozulduğu bir yer təəssüratı yaradır. Bu vəziyyət, səhiyyə sisteminin, xüsusilə də məhkumların sağlamlığının qorunması məsələsində ciddi çatışmazlıqların olduğunu göstərir. Şəmşad Ağa'nın səhhətini ictimailəşdirmək istəməməsi, bu cür məlumatların siyasi manipulyasiyalara mövzu ola biləcəyi qorxusunu ifadə edir, bu da həm jurnalist peşəsinə qarşı güvənsizliyi, həm də siyasi mühitin narahatlığını ortaya qoyur. Gündəlik həyatda rastlaşdığımız bir çox problemin, məsələn, özbaşınalıq və biganəliyin, bu cür qapalı müəssisələrdə daha da kəskinləşdiyini görmək təəssüf doğurur.
Könül Nurlu
24.09.2025 17:58
Şəmşad Ağa'nın bu yazısı, həbsxana şəraitindəki səhiyyə sisteminin acınacaqlı vəziyyətini gözlər önünə sərir. Onun təsvir etdiyi mənzərə, sadəcə bir jurnalistin şəxsi təcrübəsi deyil, eyni zamanda bu sistemin içində yaşayan onlarla, yüzlərlə insanın real həyatıdır. PXMM-dəki şəraitsizlik, antisanitariya və insanların yerdə yatması, tibbi müəssisə deyil, daha çox "ağır islah əmək düşərgələrinə" bənzədiyi ifadəsi, vəziyyətin nə qədər ciddiliyini göstərir. "Səhiyyədən başqa hər şey var" deməsi isə, rüşvətin, özbaşınalığın və biganəliyin bu sistemdə hökm sürdüyünü, insan həyatının isə dəyərsizləşdirildiyini açıqca vurğulayır. Bu, yalnız tibbi müəssisənin deyil, ümumilikdə cəmiyyətin bir aynasıdır. Şəmşad Ağanın özünün dediyi kimi, "insan həyatı üzərində oyunlar"ın oynandığı bir mühitdə, bu cür səmimi və aydın ifadələr, böyük bir dəyər daşıyır.

Şərh Yaz